Qarət korporasiyası: Azərbaycanın təbii sərvətlərini kimlər talayır - Adlar
Daim öz mövcudluğunu digər dövlətlərə məxsus resursların və maliyyə vəsaitlərinin mənimsənilməsi hesabına təmin edən Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindəki təbii ehtiyatların istismarı ilə məşğul olub. İndinin özündə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsində də separatçıların əli ilə bu siyasəti davam etdirən Ermənistan öz cinayətkar əməllərini müxtəlif xarici şirkətlərin iştirakı ilə həyata keçirir.
Azərbaycanın Qarabağ bölgəsində bu cür qanunsuz istismarda Ermənistana şəriklik edən Danimarkanın dağ-mədən sənayesində ixtisaslaşmış məşhur transmilli “FLSmidt” şirkətinin mütəxəssislləri ön sıralada yer alıblar. Mənzil-qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən “FLSmidt”in çətiri altında 15 ölkəni təmsil edən 125 şirkət birləşir. Onun habelə Rusiyada “FLSmidt Rus” adı altında təmsilçiliyi də fəaliyyət göstərir.
Bu transmilli şirkətin 2006-cı ildən başlayaraq Ermənistandakı ortağı rolunda “Vallex” şirkətlər qrupu çıxış eməyə başlayıb. Avadanlıq və layihələndirmə ilə bağlı sifarişlər yerinə yetirən, yerlərdə işləmək və yerli mütəxəssislərə treninqlər keçmək üçün mütəxəssislər təqdim edən bu qrup Ermənistan-Rusiya biznesmeni Valeriy Meclumyan tərəfindən yaradılıb. Kiprdə və Lixtenşteyndə qeydiyyatdan keçmiş “Vallex”in maliyyə mənbələri sırasında Rusiyanın “VTB” bankının da adı çəkilir. Sözügedən qrupda qeyri-formal şəkildə Qarabağda, Ermənistanda, Rusiyada və digər ölkələrdə çalışan şirkətlərin birləşdiyi qeyd olunur. “FLSmidt” isə 2008-ci ildən “Vallex”ə məxsus olan Ermənistanın Lori bölgəsində yerləşən Teğut mis-molibden yatağında sifarişli xidmətlər göstərir.
Məhz Valeriy Meclumyanın yaratdığı “Vallex” qrupu 2001-ci ildə təsis etdiyi “Base Metals” şirkətinin vasitəsi ilə Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağını vəhşicəsinə istismar edərək, ehtiyatlarını tükədib. Qarabağdakı separatçı rejimin əsas “vergi ödəyicisi” olan “Base Metals” şirkəti yalnız 2009-2011-ci illərdə 150 min ton əvəzinə 400 min ton filiz emal edib. Həmin dövrdə “Base Metals” qondarma “Dağlıq Qarabağ” rejiminin əsas “vergi” ödəyicisi olub. Sözügedən yataqların ehtiyatlarını tar-mar edəndən sonra, bu şirkət 2013-ci ildə Ağdərə rayoundakı sənaye əhəmiyyətli mis-molibden “Dəmirli” yatağının qarətinə başlayıb. Orada istehsal olunan bütün məhsullar isə bütövlükdə Avropaya ixrac edilib.
“Base Metals” şirkətində çalışan 1400 işçidən 300 nəfəri Ağdərədə filiz istehsalı ilə məşğul olub. Bu şirkət öz cinayətkar əməlləri üçün yalnız yerli mütəxəssislərin yox, xaricilərin də fəaliyyətindən yararlanıb.
2016-cı ildə Qarabağdakı separatçı rejimin televiziyasına müsahibə verən Cənubi Afrikalı mədən mühəndisi Johann Murray həmin mədəndə xarici mütəxəssislərin də işlədiyini açıq şəkildə söyləyib. Yeri gəlmişkən, xarici mütəxəssislər formal şəkildə işləməyə birbaşa Dağlıq Qarabağa deyil, Ermənistandakı yataqlara dəvət olunurlar. Məsələn, “FLSmidt” şirkətinin əməkdaşları Ermənistandakı Teğut yatağındakı fəaliyyətləri ilə bərabər, həm də “Dəmirli” yatağında işləyibər. Nəticədə onların iş qovluğunda işlədiklıəri ölkə kimi Ermənistan, çalışdıqları məkan kimi isə “Dəmirli” yatağı göstərilir ki, bu da dolayısı ilə həm də Azərbaycan ərazisinə yiyələnmək cəhdidir.
İran da sərvətlərimizin qarətindən kənarda qalmayıb
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini ən böyük qıcıqla qarşılayan 3 ölkədən biri İrandır. Bu ilk növbədə 30 il ərzində işğal altında olmuş Azərbaycan ərazilərində Ermənistanla cinayətkar işbirliyi qurmuş İranın qazandığı milyonlarla vəsaiti itirməsi ilə bağlıdır. Narkotrafikdən tutmuş qaçaqmalçılıqla qazanılan külli miqdarda gəlirin kəsilməsindən başqa, Tehranın həm də Azərbaycanın təbii ehtiyatlarının qarətində iştirakı da iflasa uğrayıb.
Belə ki, Ermənistanla cinayətkar sövdələməyə girişmiş İranın “Kavoshgaran Consulting Engineers” (KCE) şirkəti də Azərbaycanın təbii sərvətlərinin tar-mar olunmasında öz izini qoyub. Bu şirkətin əməkdaşlarının “Dəmirli” yatağında işlədikləri barədə kifayət qədər sübutlar var. 1984-cü ildə Tehranda təsis edilmiş KCE-də əsasən İran, Avropa və Amerika təhsilli 60-a yaxın dağ-mədən və geologiya mütəxəssisləri çalışır. Şirkət İranın sənaye, mədən, energetika yol-tikinti nazirlikləri, poladəritmə korporasiyası, özəl sektor üçün konsaltinq xidmətləri yerinə yetirir. KCE-nin də əməkdaşları Ermənistandakı Teğut yatağı ilə yanaşı, həm də “Dəmirli” yatağında işləyiblər, şirkətin rəsmi saytında isə “Dəmirli” məhz Ermənistan ərazisi kimi göstərilib. KCE-nin bu işlərdə əsas “xidməti” buradakı sabit yamacların təhlili, şaxtalarda geofizika, gidrologiya, hidrokimya təhlilləri aparmaq olub.
Şirkətin baş mühəndisləri, İran vətəndaşları olan Zohret İrannmaneşin və Mostafa Asadizadehin, habelə 2015-2018-ci illərdə KCE-nin baş geotexniki mühəndis vəzifəsini tutmuş Sahand Şokrinin əsasən Ermənistandakı Teğut və həmin vaxt işğal altındakı Dağlıq Qarabağın “Dəmirli” yatağında işlədikləri bildirilir. Bundan başqa, sözügedən şirkətin mədən meneceri Alireza Şivaeinin də Ermənistanla bərabər Qarabağ bölgəsində çalışdığı ehtimal olunur. “Facebook” şəbəkəsində onun dostları sırasında “Vallex” şirkətlər qrupunda çalışan Qriqor Qriqoryan, Edqar Sndoyan kimi, İrəvanda və Tehranda yayşayan digər ermənilərin yer alması bir çox incə mətləblərdən xəbər verir.
İstisna deyil ki, son bir neçə gündə 27 İran vətəndaşının Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizə qanunsuz gəlişi də Ermənistanın Azərbaycanın təbii ehtiyatlarının qarət olunmasında İranın cinayətkar iştirakı ilə bağlıdır. Yəqin ki, bu məqama da tezliklə aydınlıq gətitiləcək.
Heç bir cinayət cəzasız qalmır
Tarix sübut edir ki, hər bir cinayətkar son nəticədə bu və ya digər şəkildə mütləq layiq olduğu cəzalanı alır. Hazırda Azərbaycan Ermənistanın işğal dövründə ölkəmizə vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı müvafiq beynəlxalq qurumlara müraciət etməyə hazırlaşır. Bu kontekstdə əsas iddialar sırasında təbii sərvətlərimizin talanması məsələsi də yer alacaq. 2015 və 2018-ci illərdə isə bu faktlarla bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində qanunsuz sahibkarlıq və dövlət sərhədini qanunsuz keçmə barədə cinayət işləri başlanıb. 2018-ci il martında sonlarında Azərbaycanın Baş Prokurorluğu və “AzerGold” QSC işğal edilmiş ərazilərdə faydalı qazıntıların qanunsuz hasilatı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət göndəriləcəyini bəyan ediblər.
2020-ci il noyabrın 30-da isə Vejnəli qızıl yatağının talanması və digər cinayət faktları ilə əlaqədar “Vallex” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, habelə “Vallex”in təsis etdiyi “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan istintaq orqanı tərəfindən beynəlxalq axtarışa veriliblər. Çox tezliklə bu qarətlərə şərik olmuş İran şirkətlərinin və vətəndaşlarının da əleyhinə cinayət işlərinin qaldırılacağı və onların beynəlxalq axtarışa veriləcəyi heç bir şübhə doğurmur.
Sahil İsgəndərov
AzVision.az
Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.17: Ekologiya və ətraf mühitin mühafizəsi.
Teqlər: