“Yaşıl” formula

// Məşhur yarış eko-texnologiyaların sınaq meydanına çevrilir

   “Yaşıl” formula
  29 Sentyabr 2022    Oxunub:3062
Qlobal “yaşıllaşma” tendensiyası avtomobil sənayesinə də təsir edib. Bu sahədə əsas problem karbon qazının azaldılması və zərərli tullantılarla mübarizədir. Artıq bir neçə ildir ki, “Formula-1” üzrə dünya çempionatı yeni texnologiyaların, o cümlədən, ekologiya sahəsində sınaqların keçirildiyi platformaya çevrilib.
2014-cü il çempionatında ilk dəfə avtomobil yanacağından daha səmərəli istifadə edən hibrid mühərriklər (HM) təqdim edildi. 2025-ci ilə qədər “Formula-1” ikinci nəsil HM təqdim etməyi planlaşdırır: ideya müəlliflərinin fikrincə, mühərrikin yeni versiyası “qabaqcıl ekoloji təmiz yanacaq” ilə işləyəcək.

Artıq sırf elektromobillərin iştirak etdiyi “Formula E” avtomobil yarışları da keçirilir.

Müasir “Formula-1” avtomobillərinin hərəkətverici qüvvəsi adi daxili yanma mühərriki (DYM) və hibrid mühərrikin cəmindən ibarətdir. Birincilər kifayət qədər kiçik həcmli, turbolaşdırılmış, yüksək texnologiyalıdır. İkincilər isə elektrik enerjisini təmin edən bir çox bölməni əhatə edir.


Belə bir qurğunu mümkün qədər səmərəli etmək üçün istehsalçılar daxili yanma mühərrikini və hibrid komponenti yaxşı vəziyyətdə saxlayan materialları, yanacaqları və örtükləri daim təkmilləşdirirlər.

Təəssüf ki, müasir mühərriklərlə işləmək həm pilotlar, həm də mühəndis və mexaniklər üçün olduqca çətindir. Hibrid komponentdə çoxlu elementlər var, ona görə də, təmir zamanı bütün avtomobil sökülməli olur. Pilot da çətin bir vəzifə ilə üzləşir: əvvəllər mühərrikin tənzimlənmə üsulları dəfələrlə az idi. Bu, pilotu müəyyən mənada maşının davranışına təsir etmək üçün bir çox imkanlardan məhrum edirdi. Ancaq digər tərəfdən, indi o daha çox cihaza nəzarət etməlidir. Buna görə də, sürücülər avtomobili idarə etmək üçün çox zaman əməlli-başlı strategiya hazırlamalı olurlar. Üstəlik, hibrid komponent əlavə edildikdən sonra avtomobilin çəkisi iki dəfə artır, buna görə də, avtomobillər xüsusilə dönmələr zamanı daha az proqnozlaşdırıla bilir.

Başqa bir mürəkkəb sistem enerji bərpasıdır. O, belə bir prinsiplə işləyir: əyləc zamanı yaranan enerji yığılır, sonra buraxılaraq avtomobilə əlavə güc verir və ya avtomobilin hər hansı çətin məsafədə itirdiyi enerjinin yerini doldurur. Pilotlar öz vəzifələrindən asılı olaraq enerji bərpası parametrini ayrıca tənzimləməlidirlər. Avtomobil nə qədər çox enerji bərpa edirsə, pilot əyləc pedalına basmağa bir o qədər çox səy göstərir.


Bioyanacaqlara keçid də mühüm addımdır, di gəl ki, tənzimləmə və istismar baxımından əlavə problemlər yarada bilər. Əgər bu keçid baş tutsa, mühəndislər avtomobilin işə düşməsinə, sürətinə və manevr qabiliyyətinə təsir edən parametrlər üzərində çox işləməli olacaqlar. Bu halda əsas vəzifə maşınların reaksiyalarını proqnozlaşdırıla bilinən etməkdir: avtomobilin pilotun hərəkətlərinə necə reaksiya verəcəyi aydın olmalıdır.

Nəzərə almaq lazımdır ki, ekologiyanın ən qatı düşməni “Formula-1”in 20 avtomobili deyil. Onlardan daha çox emissiya yaradan yük maşınları və generatorlar var. Buna görə də, təkcə yarış avtomobillərini yox (faiz baxımından onların zərəri minimaldır), bütövlükdə avtomobil sənayesini “yaşıllaşdırmaq” vacibdir.

Təbii ki, indi yarış maşınları daha sürətli olub, ancaq onların vaxtilə “Formula-1” tamaşaçısını heyran edən səs effekti itib. İnsanlar avtomobilin sürətini daha çox çıxardığı səsə görə qiymətləndirirlər. Yəni “Formula-1” həvəskarları üçün təkmilləşdirilmiş avtomobillər, əksinə, ləng təsir bağışlayır.

Bununla belə, çempionat bir çox avtomobil şirkətləri üçün etalon ola bilər. “Formula” qarşıdakı 15-20 il üçün qlobal tendensiyaları proqnozlaşdırmalıdır ki, texnoloji yeniliklərin sınaqlarını davam etdirmək, sonra isə onları kütləvi istehsal olunan avtomobillərə tətbiq etməyə başlamaq mümkün olsun.

Nadir Quliyev
AzVision.az


Teqlər: Formula  





Xəbər lenti