Dərman təhlükəsizliyimiz necə qorunur - Müsahibə (VİDEO)

   Dərman təhlükəsizliyimiz necə qorunur - Müsahibə (VİDEO)
  23 Sentyabr 2022    Oxunub:1900
Hazırda bir sıra qlobal problemlərlə yanaşı bəşəriyyət dərman təminatı təhlükəsizliyinin həlli məsələsi üzərində də ciddi düşünür. Son onilliklərdə yaşanan pandemiyaların törətdikləri fəsadlar və bu zaman dünyanın aparıcı dövlətlərinin dərman təminatı məsələsində nümyaiş etdirdikləri eqoizm dərman təminatı təhlükəsizliyinin sistemli şəkildə həyata keçirilməsi zərurətini altuallaşdırıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov bu problemin yaranması və həlli yönündə atılan addımlar barədə AzVision.az -a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

- Son zamanlar ərzaq təhlükəsizliyi kimi dərman təminatı təhlükəsizliyi məsələsi də ciddi bir problemə çevrilib. Sizcə bu indinin problemidir, yoxsa çoxdan var idi? Ümumiyyətlə, bu problemi hansı amillər şərtləndirir?

- Dərman təminatı təhlükəsziliyi bütün ölkələrdə olduğu kimi, bizim respublikamızda da prioritet məsələlərdən biridir. Əlbəttə ki, dərman təminatı təhlükəsizliyi sahəsində çox böyük işlər görülüb. Amma hazırda qlobal problem olduğuna görə, bunun bir hissəsi ölkəmizdə də hiss edilə bilər. Bu həm dünyada baş verən problemlər, həm də pandemiya ilə bağlıdır. Ona görə də dərman təminatı təhlükəsizliyi əsas məsələlərdən biridir və həm Səhiyyə Nazirliyi, həm də konkret olaraq bizim ekspertiza mərkəzi tərəfindən bu yöndə işlər görülür və nəzarət aparılır.



- "Dərman təhlükəsizliyi" deyəndə ilk növbədə hansı seqment, hansı xəstəliklər nəzərdə tutulur? Yəni ilk növbədə məhz hansı xəstəliklərlə bağlı dərman preparatlarının yetərli həcmi təmin olunmalıdır?
- Xroniki xəstəliklər qrupu var. Bu xəstəlikləri olan vətəndaşlar üçün dərman preparatlarının təminatı dövlət tərəfindən pulsuz aparılır. Hazırda ölkəmizdə xroniki xəstələr üçün 10 dövlət proqramı var ki, onlar dövlət tərəfindən pulsuz qaydada dərman preparatları ilə təmin olunurlar. Bu, şəkər diabeti, vərəm və onkoloji xəstəliklər, qan və qan komponentləri durğunluğu, irsi qan xəstəliyi olan talassemiya və hemofiliya kimi xəstəliklərə tutlmuş insanların dərman təminatı üçündür. Bu proqramlar çərçivəsində dərman vasitələri xəstələrə pulsuz verilir. Həmçinin stasionar şəraitdə müalicə olunan xəstələr zəmanətli tibbi preparatlar və ləvazimatlarla təmin edilirlər. Bu da öz növbəsində pulsuz və ödənişsiz olaraq belə xəstələrin təminatını daha da yaxşılaşadırır.

- Həmin xəstəliklər seqmenti ilə bağlı dedikləriniz yalnız Azərbaycana aiddir, yoxsa ümumilikdə dünya standartları təxminən belədir?

- Bəli, dünya ölkələrinin əksəriyyətində bu tip xroniki xəstəliklər üzrə xəstələrin dərman və müalicə təminatlarının qarşılanmasına çalışılır. Müxtəlif ölkələrdə fərqli tədbirlər sistemi mövcuddur. Onu deyə bilərəm ki, bizim ölkəmizdəki kimi dövlət proqrmalarının bir hisəsi bəzi ölkələrdə var, bəzilərində isə yoxdur. Bir də, bəzi ölkələrdə "geri ödəniş sistemi" dediyimiz sistemlər var ki, bu əsasla dərmana xərclənən pullar sonradan geri ödənilir. Bizdə dövlət proqramı çərçivəsindədir və əsas məsələ həmin xəstələrin həm tibbi vasitələrlə, həm də dərman vasitələri ilə təminatıdır.

- Elə dərman preparatları da var ki, dövlət tərəfindən təminat proqramına düşmür, amma xüsusi idxalçılar tərəfindən ölkəyə gətirilir. Bu baxımdan həm dövlət proqramı, həm də bizim şirkətlərin fəaliyyəti çərçivəsində Azərbaycana idxal olunan dərmanlar məsələsində daha çox hansı xarici əczaçı şirkətlərlə əməkdaşlıq edilir?
- Qanunvericiliyimizin tələbinə görə, ölkəyə idxal olunması üçün dərman vasitəsi mütləq dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alındıqdan sonra həmin dərman vasitəsinə qeydiyyat vəsiqəsi verilir və o, ölkəyə idxal edilə, tibbdə istifadə oluna bilər. Bu gün bizim dərman vasitələrinin reyestrində 5500-dən çox dərman preparatı var. Faiz nisbəti ilə götürdükdə bunların 40%-dən çoxu Avropanın və ümumilikdə Qərb ölkələrinin iri istehsalçılarının payına düşür, 19%-i Türkiyə, 9% Rusiyada istehsal olunan dərman vasitələridir. Ukrayna və Belarusda istehsal olunan dərmanların da payı var. Digər ölkələr - məsələn, Yaponiya, Koreya və s. də var. Mən əsasən faiz nisbəti çox olanları dedim. Yəni bilinsin ki, bunlar əsasən Qərbdəki iri istehsalçıların keyfiyyətli dərman vasitələridir. Həm "orijinal" dediyimiz brend dərman vasitələridir, həm də onların analoqları olan ceneriklər.

- Pandemiya dövründə bir sıra ölkələr bir sıra dərman preparatalarının ixracına məhdudiyyətlər qoydular və yaxud da tam dayandırdılar. Amma bəzən həmin dərman preparatlarının ümumiyyətlə pandemiyaya heç bir aidiyyatı yox idi. Onda bu addımı nə ilə izah etmək olar?


- Düzdür. Amma pandemiyanın başladığı ilkin vaxtlarda, bilirsiniz ki, çox böyük bir ajiotaj yarandı. Bu yeni bir xəstəlik idi. Heç mütəxəssislər də bilmirdilər ki, bu virus son nəticədə hansı fəsadları törədə bilər. Ona görə də, özünü sığortalamaq üçün hər bir ölkə istehsal etdiyi dərman vasitələrinin, tibbi ləvazimatların xaricə satışına qadağa qoydu və yaxud da ki, azaltdılar. Bu əsasən ilk ildə pandemiyanın xüsusiyyətini bilməməkdən irəli gələ bilərdi. Virusun törədə biləcəyi fəsadlar məlum olmadığına görə həmin preparatların ixracına qadağa qoyuldu. Sonradan xəstəlik haqqında daha çox informasiya əldə olunduqca bu məsələ düzəldi.

- Son vaxtlar bəzi preparatlarla bağlı qlobal miqyasda müəyyən qıtlıq yaranıb və qiymət artımları müşahidə olunur. Sizcə, bu nədən irəli gəlir? Dünyanın tanınmış əczaçı şirkətlərinin istehsalla bağlı potensiallarımı zəifdir, yoxsa spekulyativ məqamlar var?
- Bu, obyektiv səbəblərdən də ola bilər. Dünyada baş verən son hadisələr: pandemiyalar, bəzi ölkələrin satdıqları xammalın qiymətlərinin qaldırılması, ixraca qoyulan qadağalar, əlbəttə ki, dərmanların da qiymətlərin qlobal səviyyədə qalxmasına səbəb oldu. Məncə, problem bununla əlaqədardır. Ölkəmizdə də hərdən eşidirik ki, bəzi dərman vasitələrinin qıtlığı var. Amma dərman vasitəsinin qıtlığı belə ola bilər: hansısa konkret ticarət adlı dərman vasitəsi aptekdə tapılmaya bilər. Ona görə hələ 2018-ci ildə Səhiyyə nazirliyi tərəfindən Kollegiyanın qərarı ilə dərman vasitələrinin buraxılması qaydaları təsdqiləndi və orada həkimlərə reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkib-təsiredici maddəsinin adının yazılması tələbi qoyuldu. Yalnız o vaxt dərmanın ticarət adı yazıla bilər ki, orada 3 və ya daha çox təsiredici maddə, yaxud, bioloji preparat olsun.
İnsanlar dərmanın ticarət adını apteklərdə soruşur tapmadıqda onun olmadığını deyirlər. Amma həmin dərmanın digər ölkədə istehsal olunan cenerik formaları, yəni analoqu var. Bir məqamı da vurğulayım ki, həm bizdə, həm də dünyada vətəndaşlar orijinal dərmanları – həmişə öyrəndikləri dərmanı tapmadıqda onun analoqu – cenerik də olsa, keyfiyyətli dərmanı tapa bilmədiklərini deyirlər. Yəni orijinallıqla keyfiyyəti həmişə yanaşı tuturlar. Amma, əlbəttə ki, belə deyil.

- Azərbaycan özü də artıq dərman istehsalında müəyyən addımlar atmağa başlayır. Dünya təcrübəsindən yararlanaraq, müəyyən dərmanların komponentlərini alıb həmin analoqları – generikləri ölkədə istehsal etmək mümkündürmü, yoxsa bu, çox çətin bir prosesdir?
- Dərman vasitəsi keyfiyyətli, təhlükəsiz və effektiv olmalıdır. Bunun üçün tikilən istehsal müəssisələri beynəlxalq tələblərə cavab verməlidir. Bizim yerli qanunvericiliyimiz beynəlxalq tələblərə uyğunlaşdırılmalıdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən istehsalçı əczaçılıq müəssisələri var. Sonuncu olaraq Rusiyanın “R-Farm” şirkəti bizdə dərman istehsalına başlayıb. Hazırda Pirallahı sənaye parkında həmin “R-Farm” şirkəti dərman istehsalı ilə məşğuldur. Digər bir şirkət birdəfəlik tibbi şprislər istehsal edir. Əlbəttə ki, yeni istehsal müəssisələri də qurulacaq. Bu sahəyə hökumət tərəfindən də böyük nəzarət və göstərişlər var. Məsələn, keçən ilin oktyabrında Nazirlər Kabinetinin ölkədə əczaçılıq sektorunun inkişafına dair bəzi məsələlərlə bağlı sərəncamı oldu. Həmin sərəncam çərçivəsində dərman vasitələrinin istehsalının, dövlət qeydiyyatına alınmasının və dövriyyəsinin rəqəmsallaşdırılması sahələrinin təkmilləşdirilməsi nəzərdə tutulur.

- Son vaxtlar dünyada demək olar ki, bütün sahələrdə regionlaşma, yəni bir növ lokallşama prosesi gedir. Bu baxımdan, dərman təminatının təhlükəsizliyi məsələsində Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz ölkələri, Türkiyə və Orta Asiya ölkələri müştərək şəkildə, sizcə, hansı addımları ata bilərlər? Belə bir perspektiv mümkünmdürmü?
- Səhiyyə nazirliyinin Analitik-Ekspertiza mərkəzinin həm Rusiya, həm Belarus, Qazaxıstan və Özbəkistanla bu sahədə qarşılıqlı Memorandumları var. İndi qardaş Türkiyə ilə də belə Memorandum hazırlanır. Bu Memorandum çərçivəsində, əlbəttə, bütün bu məsələlər müzakirə olunur, təcrübə mübadiləsi aparılır. Bu Memorandumlar siz dediyiniz məsələlərin inkişafında və həllində bizə çox kömək edir.

Sahil İsgəndərov
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.4.
İctimai və dövlət maraqlarının müdafiəsi

Teqlər: dərman   təhlükəsizlik  







Xəbər lenti