Yalançı imamın məhkəməsi keçirilib

Yalançı imamın məhkəməsi keçirilib
  27 Sentyabr 2022    Oxunub:920
Bakıda özünü 12-ci İmam Mehdi kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzVision.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Samir Cəfərov təqsirləndirilən şəxsin vəkillərinin suallarını cavablandırıb.

O bildirib ki, Aqil Babayevin göstərişi ilə zəkat pullarını yığıb: "Mənə Aqil Babayev dedi ki, istintaqda zəkat pulunun adın çəkmə, dəymiş ziyan olan pulları qaytaracağam". Zərərçəkmiş sözlərinə görə, Aqil Babayev onların tikdirdiyi binadan 8 mənzil götürüb: "Həmin mənzillərin ümumi qiyməti 440 min manat olub. Amma mənzillərə görə 210 min manat verdi. Qalan pulu vermədi". S.Cəfərov deyib ki, Aqil Babayevin tapşırığı ilə zəkat pullarının yığılması ona tapşırılıb: "Pulları yığdım, siyahı ilə birlikdə Aqil Babayevə təhvil verdim. Zəkat pulları ilə bağlı həmişə Aqil Babayevə hesabat verirdik. Sonradan zəkat pullarından qadınlara paylanması məsələsi ortaya çıxdı. Aqil Babayevin tapşırığı ilə Tahirə adlı qadına hər dəfə 700 manat verirdik, o da qadınlara paylayırdı. Amma kimə çatırdı, bunu mən bilmirdim. Həmin Tahirə adlı qadına verilən pullar sabit deyildi. Arada 900 manat da verirdik. Bu tapşırıqlar da Aqil Babayevdən gəlib. Onu 12-ci İmam Mehdi kimi tanıyırdıq. Biz onun qarşısında heç nə danışmırdıq".

Təqsirləndirlilən Aqil Babayev deyib ki, mənzil tikintisi ilə bağlı Samir Cəfərovun şəriki Emil Həsənova borc verib. Onun sözlərinə görə, tikilən binanın 2 və 3-cü mərtəbələrində olan mənzilləri ona verilib: "Zəkat pullarının yığılmasını Samir Cəfərova tapşırmışam. Samir dedi ki, vaxtı yoxdur, bu işdə kömək lazımdır. Mən də Tahirə xanımı təklif etdim. Tahirə də ehtiyacı olanlara pul payladı. İndi burada məndən nə istəyirlər, başa düşmürəm". O, prokurorun suallarını cavablandırarkən deyib ki, Emil Həsənovu 2001-ci ildə tanıyıb: "2014-cü ildə Emil Həsənova 240 min dollar borc vermişəm".

Digər zərərçəkmiş Emil Həsənov vurğulayıb ki, Aqil Babayev ona ziyan vurub: "Bina tikməyə başlayanda da Aqil Babayevin yanına getdik, ondan xeyir-dua istədik. Bu zaman binanın 1 və 2-ci mərtəbələrindəki 8 mənzili mənə verməlisiniz. Hər nə deyirdi, yerinə yetirirdik".

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

AzVision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti