Prezidentin Ağdaş səfəri davam edir - YENİLƏNİB

Prezidentin Ağdaş səfəri davam edir - YENİLƏNİB
  01 May 2014    Oxunub:951
Ağdaşda yeni tikilmiş meyvə emalı zavodu mayın 1-də istifadəyə verilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin Ağdaş rayonuna səfərləri zamanı əhali ilə keçirdikləri görüşə və müxtəlif obyektlərin açılışlarında iştiraklarına həsr olunmuş fotostendə baxıb.
Sonra Prezident İlham Əliyev zavodu işə salıb.

Məlumat verilib ki, ümumi dəyəri 4.2 milyon manat olan müəssisənin tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 1.9 milyon manat güzəştli dövlət kreditindən istifadə olunub.

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, zavod İSO-2005 beynəlxalq təhlükəsizliyin idarə edilməsi sertifikatı alıb. Layihənin icrası nəticəsində 30 yeni iş yeri yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib.

Dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.
Prezident İlham Əliyevə məlumat verən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmiryol vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunub. Uzun müddət əsaslı təmir işləri aparılmadığından vağzal binasının sökülərək yenisinin inşası zərurəti yaranmışdı.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, stansiyanın yeni vağzal binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafına mühüm töhfədir və əhalinin paytaxt Bakı və digər regionlarla rahat əlaqəsinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.



Teqlər:  





Xəbər lenti