Çernobıla köməyə gedən ilk azərbaycanlı: "Pilotlar göydə yanırdı"

      Çernobıla köməyə gedən ilk azərbaycanlı:    "Pilotlar göydə yanırdı"
  26 Aprel 2024    Oxunub:1328
1986-cı il aprelin 26-da gecə yarısı Ukraynanın şimalında, Belarus sərhədi yaxınlığında Pripyat şəhəri ətrafında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan 38 il keçir. Həmin gün AES-in 4 saylı nüvə reaktorunda meydana gələn partlayış 9 gün davam edən yanğına və çox sayda insan itkisinə səbəb olmuşdu. Çernobıl AES partlayışı nüvə sahəsində ən dəhşətli partlayış hesab olunur və təsirinə görə Xirosima və Naqasakiyə atılan nüvə bombalarından daha dəhşətlidir.
Həmin günün şahidlərindən biri də Adil Osmanovdur. O, Çernobıl AES-də baş vermiş qəzanın fasadlarını aradan qaldıran ilk azərbaycanlıdır. Həmsöhbətimiz qəzanın baş verdiyi gecə ilə bağlı xatirələrini saytımızla bölüşüb:


“Mən onda “Kiyev Ali Polis Məktəbi”nin kursantı idim və Samara vilayətində daxili qoşunlarda xidmət edirdim. Partlayışın baş verdiyi gecə qəfil həyəcan siqnalı verildi və bizi təcili Çernobıla apardılar. Bildirdilər ki, AES-də yanğın başlayıb, onu söndürmək lazımdır.

Radiasiya haqqında heç bir məlumatımız yox idi. Adi geyimlərlə əraziyə cəlb olunmuşduq.
Mən və digərləri Çernobıl və Pripyat şəhərlərinin sakinlərinin təxliyyəsi ilə məşğul olurduq. Həm də şəhərdən çıxanların evlərini Moldovadan, Odessadan oğurluğa gələn qaraçılardan qoruyurduq.

Yanğının söndürülməsində helikopterlərin köməyindən istifadə olunurdu. Pripyat çayının sahilində qumlar paraşütlərə doldurulurdu və helikopterlər onları qaldırıb reaktorun üzərinə tökürdülər. Ancaq yanğın o qədər güclü idi ki, helikopterlər 200 metr hündürlükdən belə qumu çətinliklə səpirdilər. İstidən göydə yanırdılar.

Radiokativ tozlar binların üstünə qonurdu. Həmin binları İsveçrədən xüsusi məhlul gətirib yanğın söndürən maşınların su şlanqı ilə yuyurdular. Həmin maddələr isə kanallar vasitəsi ilə Pripyat çayına tökülürdü. Bildiyiniz kimi, o çay Dneprin qoludur. Beləliklə, Denpr çayı isə öz növbəsində Qara dənizə axırdı. Radioaktiv maddələr dənizin canlılar aləminə çox pis təsir etmişdi.

Reaktorun altına da su yığılmışdı. Əgər həmin sular axıdılmasaydı, daha dəhşətli partlayış baş verə bilərdi. O yığıntını 3 nəfər könüllü açıb buraxdı. Ancaq onların 3-də çox faciəli şəkildə öldülər. Üzləri və bədənləri yandı. Ölümlərindən sonra Ukraynada onlara heykəl qoyuldu. Ərazidə insanlar yanıb yara tökürdülər”.

Müsahibimizin sözlərinə görə, qəzanın fəsadlarının aradan qaldırılmasına görə Rusiya və Qazaxıstandan sonra Ukraynaya köməyə daha çox canlı qüvvəni Azərbaycan göndərib.

“Azərbaycandan 7 min insan göndərilmişdi. Ermənistan 1500 nəfər yollamışdı. Onların hamısı Qərbi Azərbaycandan olan həmvətənlərimiz idi.

Maraqlı məqamlardan biri də o idi ki, SSRİ-nin səhiyyə naziri əmr vermişdi ki, yaşı 40-dan yuxarı və evil olan şəxslər səfərbər olunsun. Çünki şüa qan xərçəngi, sonsuzluq və digər xəstlikləri yaradırdı.

Alma yetişib qarpız boyda olurdu. İnəyin balası doğulanda zürafəyə oxşayırdı. Aprel ayında yarpaqlar sapsarı saralmışdı. Partlayış tək insanlara deyil, bütün təbiətə, canlılara ziyan vurmuşdu”.


Qeyd edək ki, Çernobıl qəzası “7-ci səviyyə qəza” elan olunub. SSRİ rəhbərliyi ilk günlərdə hadisəni gizlədib. Hətta Çernobılda partlayış deyil, “nüvə sızıntısı” baş verdiyi elan olunub.
Qəzanın nəticələrini aradan qaldırmaq, yanğını söndürmək, əhalini evakuasiya etmək üçün SSRİ rəhbərliyi 600 mindən çox insanı cəlb edib. Qəza 18 milyard rubla başa gəlib.

2017-ci ildə 4 nömrəli reaktor beynəlxalq bir komanda tərəfindən bağlanıb. Bu şüalanmanın qarşısını daha çox alır. Lakin buna baxmayaraq Çernobıl ərazisində hələ də yüksək dərəcədə şüalanma var.

Hazırda ölkəmizdə beş min nəfərdən bir qədər çox Çernobıl əlili var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti