Təzyiq və Şantaj İttifaqı – TƏHLİL

Təzyiq və Şantaj İttifaqı – TƏHLİL
  01 May 2014    Oxunub:2418
Avrasiya Ali Şurasının aprlein 29-da Minskdə keçirilən sammiti onu göstərdi ki, Avrasiya İttifaqını yaratmaq istəyən və tam bir aydan sonra müvafiq müqavilə imzalamalı olan Rusiya, Qazaxıstan və Belorus arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur.

Əsas fikir ayrılığı ondan ibarətdir ki, daha əvvəl bəyan edildiyi kimi, Avrasiya İttifaqına üzv olacaq dövlətlər arasında tətbiq olunan gömrük vergitutmaları ləğv olunmayacaq. Bu xəbər Belorus prezidenti Lukaşenkonun qəzəbinə səbəb olub. O qeyd edib ki, sənəddə üzv dövlətlər arasında olan fikir ayrılıqlarının 2025-ci ilə qədər həll olunması planlaşdırılır. Buna görə Lukaşenko haqlı olaraq təklif edib ki, Avrasiya İttifaqını yaratmaq üçün tələsmək lazım deyil və ölkələr buna hazır olduqda, yəni 10 il sonra yaranması barədə müqavilə imzalana bilər.

Söhbət ondan gedir ki, əgər Rusiya söz verdiyi kimi, yeni İttifaq daxilində bütün gömrük ödənişlərinin ləğv olunmasını həyata keçirərsə bu zaman Rusiya büdcəsi ildə 30 milyard dollar ziyanla üzləşəcək. Krıma görə hər həftə yeni sanksiyalarla üzləşən Rusiya yəqin ki, artıq İttifaq tərəfdaşlarına görə ildə 30 milyard ziyana düşmək gücündə deyil. Buna görə, Rusiya hazırda Avrasiya İttifaqının qurulmasını lakin ölkələrarası güzəştlərin 10 il sonra, yəni 2025-ci ildə tətbiq olunmağa başlanmasını təklif edir.

Putin, Lukaşenko və Nazarbayev arasında qapalı keçən danışıqlardan sonra Rusiya prezidenti bəyan edib ki, mövcud olan fikir ayrılıqlarına baxmayaraq mayın 29-da Avrasiya İttifaqının yaradılması bağlı razılaşma imzalanacaq. Dövlətlərarası fikir ayrılıqları ikitərəfli qaydada həll olunacaq.

Bu, bir daha onu sübut edir ki, Avrasiya İttifaqı üzv dövlətlərin iqtisadi səmərə əldə etməsi üçün deyil, Rusiyanın geosiyasi ambisiyalarını müəyyən qədər təmin olunması görüntüsünün yaradılması üçündür. Heç bir iqtisadi səmərə verməyəcək təşkilatı qurmaqla Rusiya “böyük yeddilik” dövlətlərinə onların təzyiqləri qarşısında sınmadığını nümayiş etdirmək məqsədi daşıyır.

Qazaxıstan ciddi etiraz etmir. Çünki Nazarbayev anlayır ki, İttifaqın yaradılması sırf formal xarakter daşıyır və mahiyyət etibarı ilə, heç bir ciddi dəyişiklik olmayacaq. Qazaxıstan mövcud vəziyyətdə Rusiya ilə əməkdaşlıq etməyə məcburdur, çünki qazaxlar öz qazını Rusiya vasitəsilə Avropaya ixrac edirlər. Putin bu əmkdaşlığa istərsə Gömrük İttifaqı, istərsə Avrasiya Birliyi adını qoysun. Ümumi hesabda bunun Nazarbayev üçün heç bir fərqi yoxdur. Əsas odur ki, qazax qazının ixracında problem yaranmasın. Belorusun da iqtisadiyyatı birbaşa Rusiyadan asılı olduğu üçün Lukaşenko hər nə qədər etiraz etsə də, Putinin çaldığı havaya oynamaq məcburiyyətindədir.

Avrasiya İttifaqı ölkələrin könüllü ittifaqı deyil, yalnız Rusiyanın iqtisadi santaj yoluyla qurduğu icbari təşkilatdır. Belə ki, İttifaq daxilində vahid sistem mövcud olmayacaq və hər bir üzv üçün özəl güzəştlər tətbiq olunacaq. Məsələn, Qırğızıstan və Ermənistan kimi zəif ölkələrin İttifaqa cəlb olunmaları üçün Rusiya hansısa birtərəfli güzəştlər həyata keçirə bilər.

Ermənistana gəlincə, əvvəlcədən elan olunmasına baxmayaraq, Serj Sarkisyan bu sammitdə iştirak etmədi. Xatırladaq ki, rəsmi Yerevanın bu tədbirdə Gömrük İttifaqına daxil olması planlaşdırılırdı. Ermənistan tərəfinin rəsmi nümayəndələri, ölkələrinin iyunun 1-də Gömrük İttifaqına üzv olacağını açıqlayıblar.

Ermənistanın Gömrük İttifaqına üzvlüyünün yubanması, günan ki, əsas üzvlər arasında fikir ayrılıqlarının olması ilə bağlıdır. Gedən müzakirələrdən aydın olur ki, Ermənistan və Qırğızıstan ikinci dərəcəli ölkə hesab olunur və bu ölkələrin rəhbərlərinin hansısa fikirləri qurum üçün heç bir əhəmiyyət daşımır. Ermənistanın sabiq xarici işlər naziri Arzumanyanın dediyinə görə, Ermənistan öz suverenliyinin son qalıqlarını da itirmək ərəfəsindədir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti