Leyla Əliyeva beynəlxalq forumun açılışında - FOTO

Leyla Əliyeva beynəlxalq forumun açılışında - FOTO
  07 Aprel 2013    Oxunub:1379
Bu gün Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda beynəlxalq forumun rəsmi açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

"Sizi Azərbaycanda, doğma şəhərim Bakıda salamlamaqdan qürur hissi duyuram.

Dünya İqtisadi Forumunun təşkilatçılarına minnətdarlıq etmək istəyirəm. Onların səyləri ilə bugünkü tədbir yüksək səviyyədə təşkil olunub. Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın zəngin təbii ehtiyatlarını, habelə infrastrukturun qeyri-adi yüksəlişini və texniki inkişafı özündə birləşdirən regionlardan biridir. Bunun və digər amillərin sayəsində dünya məhz bizim regionda ilk neft bumlarından birinin şahidi olub.

Onun sözlərinə görə, coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda yerləşən Cənubi Qafqaz nəinki iki sivilizasiyanın dəyərlərini özündə ehtiva edir, həm də Qərbi Şərqə, Şərqi Qərbə təqdim etmək iqtidarındadır.

"Əziz dostlar, elə problemlər var ki, onları qlobal səviyyədə həll etmək lazımdır. Lakin onların həlli üçün ümumi dəyərlər işlənib hazırlanmalıdır.

Qlobal problemlərin müvəffəqiyyətlə həllinə dəstək göstərəcək münasibətlər modelini belə dəyərlər olmadan yaratmaq mümkün deyildir. İnanıram ki, sərhədləri aşıb keçən məsələlərin həlli üçün əməkdaşlıq siyasəti lazımdır”.

Leyla Əliyeva bildirib ki, bu gün gənclər çox mühüm intellektual, mədəni və peşəkar potensialdır. Dövlətlərimizin taleyi onların həyatının və inkişafının keyfiyyətindən asılıdır.

"Biz ekologiya məsələlərində gənclərin maarifləndirilməsi və bilavasitə Azərbaycanın və bütövlükdə regionun ətraf mühitinin mühafizəsinə yönəldilmiş layihələrin icrası istiqamətində müəyyən uğurlara nail olmuşuq. IDEA Kampaniyası Rusiya WWF ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb və hazırda Türkiyə WWF ilə analoji sənəd üzərində işləyirik.
Qürur hissi ilə qeyd edə bilərəm ki, hazırda İDEA Bakıda və ölkənin bölgələrində ətraf mühit mövzusunda məşğələ və seminarlar keçirir.
L.Əliyeva vurğulayıb ki, hazırda Azərbaycanın hüdudlarından kənarda ən fəal gənclər təşkilatı olan Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) geniş şəkildə çoxsaylı humanitar və mədəni layihələr, habelə ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr həyata keçirir. Bütövlükdə RAGB-ın fəaliyyətinin miqyası Rusiyada gənclərin həyatının bütün sahələrini əhatə edir ki, bu da qurumdan əməkdaşlığı genişləndirmək məkanı kimi istifadə etməyə imkan verən müsbət amildir", deyə Leyla Əliyeva bildirib.

"İdeya və planlarımızı sizə çatdırmaq imkanının verilməsinə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən gələcəyə nikbinliklə baxıram. Əminəm ki, siyasi, iqtisadi, ekoloji və mədəni mübadilə bizim nəslin nümayəndələrinə bəşəriyyətin ümumi idealları naminə gələcəyin təhdidlərini aradan qaldırmaq və sülhü qoruyub saxlamaq imkanı verəcəkdir.
Sizi bir daha Vətənimdə salamlayıram və ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin nadir tarixi irsə malik əbədiyaşar Azərbaycanı - dinamik və rəngarəng mədəniyyəti olan müasir dünyəvi bir dövləti görmək imkanınız olacaqdır.
Lakin mən əminəm ki, daha bir amil sizdə unudulmaz təəssürat oyadacaqdır. Bu, mədəniyyətimizin parlaq cəhətlərindən biri olan qonaqpərvərliyimizdir.
Hörmətli qonaqlar, bizi sizi Azərbaycanda təkrar-təkrar salamlamağa şadıq, çünki qədim inanca görə "Qonaqsız evin bərəkəti olmaz", deyə Leyla Əliyeva çıxışında bildirib.


Forumdan əvvəl Leyla Əliyeva "JW Marriott Absheron" otelinin qarşısında səyyar kitabxananın rəmzi açılışını bildirən lenti kəsib. Leyla Əliyevaya "Gəzən kitabxana" ilə tanış olub.

Bildirilib ki, bu layihə bir il davam edəcək və ölkəmizin 15 regionunu əhatə edəcəkdir. On min kitab və beş min elektron nəşrin olduğu kitabxana səyyar fəaliyyət göstərəcək və kitabsevərlər nəşrləri pulsuz əldə edəcəklər. "Gəzən kitabxana"da yaradılmış xüsusi proqramda nəşrlərin elektron kataloqu yerləşdiriib. Kitabxanada üç dildə nəşrlər var və səkkiz bölmə fəaliyyət göstərir.

Sonra Leyla Əliyeva "Açıq rəf" layihəsi ilə tanış olub. Məlumat verlib ki, "Açıq rəf" - kitab rəfləridir və bunlar paytaxtımızın müxtəlif məkanlarında yerləşdiriləcəkdir. Layihənin məqsədi ölkəmizə gələn əcnəbi turistlərin qeydiyyatdan keçmədən Azərbaycan ilə bağlı kitablara sahib olmalarını təmin etməkdir. "Açıq rəf" layihəsinin prinsipi kitab götürüldükdən sonra qaytarılmalı və ya əvəzinə başqa kitab təhvil verilməlidir.


Teqlər:  





Xəbər lenti