Metal gələcəyimiz əlvandır - Müsahibə+Videokast

 Metal gələcəyimiz əlvandır -  Müsahibə+Videokast
  24 May 2022    Oxunub:699
Dünya iqtisadiyyatında müşahidə olunan kəskin qiymət artımı əlvan metallar bazarından da yan keçməyib. Bəzi ekspertlər əlvan metallar bazarında qıtlığın yarandığını iddia edirlər. Metalşünas, əlvan metallar üzrə mütəxəssis Orxan Məmmədov AzVision.az -a müsahibəsində məsələ ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.
- Son bir neçə ildə əlvan metallar bazarındakı tendensiya nədən xəbər verir və hansı məqamlarla bağlıdır?
- Dünya bazarında son 3 ildə bəzi əlvan metalların qiymətlərində 50%, bəzilərində isə 100% bahalaşma baş verib. Qara metallarda nisbətən az olsa da, əlvan metallarda kəskin fərq yaranıb. Bəzi metalların bir tonunun qiymətinin 80-100 min dollar olduğunu nəzərə alsaq, bu, kifayət qədər yüksək artımdır. Əsas səbəblərindən biri əsrimizin yüksək texnologiyalar əsri olmasıdır. Öncəki dövrlərdə - maşın, mexanizm, avtomatika, kompüter və raket erasında bu məhsullar sayla ishehsal edildiyi halda, indi kütləvi istehsal olunur. Bu isə daha çox yarımkeçiricilər, elektrik daşıyıcıları deməkdir. Hətta raketlərin üz örtüyü əlvan metallardan olduğu üçün, onlara tələbat artır. Həddindən artıq istifadə artıq müəyyən qıtlaşmaya gətirib çıxarıb. Bu isə bazarda tələbatın artması şəraitində avtomatik bahalaşmaya gətirib çıxarır.



- “Yaşıl enerji” gündəliyi bu məsələni nə dərəcədə və niyə aktuallaşdırır? Bu kontekstdə biz nələri gözləməliyik?
- Köhnə sənaye ilk növbədə neft məhsullarına söykənirdi ki, bu da atmosferi ciddi şəkildə çirkləndirirdi. Əgər xatırlayırsınızsa, bir vaxtlar Sumqayıt ölü şəhərə çevrilmişdi. Müasir sənaye “yaşıl eneri”yə söykənir, bu sistemlər də 90% əlvan metallardan qurulur.
Qısaca bir misal gətirəcəyəm. İstehsal olunan elektrik mühərrikləri və elektromobillərin əsasını batareya sistemi təşkil edir. Bu sistemlərdə qurğuşun, mis, alüminium, hətta raketlərdə istifadə olunan platin, gümüş kimi əlvan və nəcib metallar tətbiq olunur. Bizim ölkəmizdə də olan selen və tellur adlı elementlər var. Vaxtilə bu elementlərdən rəngin dəyişdirilməsi üçün şüşə istehsalında istifadə olunurdu. Hazırda günəş enerjisi almaq üçün Azərbaycanda da bir çox yerlərdə quraşdırılan lövhələrin səthindəki örtüklərdə məhz bu materiallardan istifadə olunur. Bayaq raketləri misal çəkdim. Orbitə qalxan raketlərin səthinə iki millimetr qalınlığında titan örtük vurulur. Titanın funksiyası ondan ibarətdir ki, kəskin soyuğu və ya istini içəri keçməyə qoymur. Ona görə də raketlərdə və təyyarələrdə çox bahalı və nəcib metallardan istifadə olunur. Çünki misə nisbətən gümüşün, qızılın, platinin elektrik keçiriliciyi daha yüksəkdir. Əhalinin artımı və təyyarələrin sayının artması, avadanlıqların, raketlərin istehsalı, ümumiyyətlə, kompüter erasındakı bu genişlənmə əlvan metallara birbaşa təsir edir. Tələbat artdıqca, təbii ki, həm qiymət və digər məsələlər aktuallaşır.

- Qərb-Rusiya sanksiyalar savaşı əlvan metallar bazarında kollaps yarada bilərmi?
- Birbaşa təsiri var! Hətta qara metal bazarında belə dəhşətli şeylər baş verir. Savaşdan öncəki dövrdə əgər 30% qiymət artımı var idisə, artıq 60% civarındadır. Rusiya qeyd etdiyiniz metallar üzrə çox zəngin bir ölkədir. Demək olar ki, dünyanın faydalı qazıntı yataqlarının 1/3-i məhz Rusiyadadır. Qara metal haqqında isə heç danışmıram. Bunun bir tərəfi də Ukraynaya söykənir. Bu gün həm münaqişə, həm də sanksiyalar bu bazara kifayət qədər təsir edir və edəcək. Artıq bir çox istiqamətlərdə qıtlıq yaranmağa başlayıb. Çünki qoyulmuş sanksiyalar səbəbindən balans pozulub. Bu münaqişə şəraiti çox davam edərsə, bazarlarda qiymətlər xeyli dəyişəcək. Bu isə birbaşa istehsal texnologiyalarına, avadanlıqlara ciddi təsir göstərəcək.

- Amma əlvan metalların istehsalının, hasilatının və emalının özü də çox böyük və ciddi ekoloji problemlərə gətirib çıxara bilər. Onda belə alınmırmı ki, “yaşıl enerji”nin özü də çox baha başa gələcək?
- Doğru buyurursunuz. Məsələn, mən Rusiyanın Norilsk vilayətində olmuşam, son vaxtlara qədər orada mis, xrom və molibden istehsal edilirdi. Təbii ki, Qərb ölkələrindəki sənaye sahələrinə baxanda, Rusiyada köhnə zavodların fəaliyyəti ətraf mühitə daha çox zərər vurur. Amma sizə səmimi deyim ki, bu gün dünyada təkcə avtomobillərin atmosferə vurduğu zərərin miqyasını düşünsək, “yaşıl enerji” istiqamətində yaranmış zərər onun 1/10-i qədər də olmayacaq. Məsələn, atmosferə atılan çirkli tozların qabağını almaq üçün Gəncədəki alüminium zavodu üzərində nə qədər rekonstruksiya (yenidənqurma) işləri getdi. Təqdirəlayiq haldır ki, “AzərGold” Daşkəsəndə yataqların işlənməsi zamanı yaranmış zərərli maddələrin toplanması üçün xüsusi yerlər – laqunalar düzəldir ki, onlar ətraf mühitə yayılmasın, zərər verməsin. Yəni SSRİ dövründəki yanaşma tərzi ilə indiki tam fərqlənir və dünyada ekologiyaya nəzarətin gücləndiyi bir dövrdə, düşünürəm ki, bunun bir o qədər də zərəri olmayacaq, olan zərər isə tamamilə kompensasiya ediləcək.

- Azərbaycanın əlvan metallar ehtiyatları, konkret olaraq, bu metalların ixracı, həm də istehsalı baxımından, ölkəmizə hansı perspektivləri vəd edir?
- Əslində "əlvan metal" deyərkən, onun yanında qara metalın oluğunu qeyd etmək lazımıdr. Ona görə də istəyərdim ki, buna ümumi şəkildə, geniş mənada cavab verim. SSRİ dövründə Azərbaycanda böyük dəmir-filiz emalı zavodumuz olub. Dəmir filizi emal olunuraq Rustaviyə göndərilirdi və orada çuqun istehsal edilirdi. Dəmir mədənlərinin yanında hökmən nikel, xrom kimi bahalı metallar da olur. Onun yaxınlığında isə təbii ki, əlvan metallar var. Düşünürəm ki, çox qısa bir zamanda ölkə rəhbərliyi bununla bağlı müvafiq qərar qəbul edəcək. Alüminium yatağımız işlənilir, zavodumuz fəaliyyət göstərir və hazırda, demək olar ki, 70-80% ixracla məşğuldur. Alüminium külçələr halında yarımfabrikat kimi satılır.
Bu qiymət artımı bizim digər sahələrimizə də təsir göstərir. Bildiyimiz kimi, Azərbaycanda gümüş ehtiyatları da var. Qızıl varsa, deməli onun yanında gümüş, selen, tellur, qurğuşun və hətta kobalt da var. Qiymət artımları həmin faydalı qazıntı yataqlarının mövcud halda istismarına şərait yaradır.
Bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycanda aparılmış tədqiqatların əksər nəticələri SSRİ dövründən qalan məlumatlardır. Üstündən təxminən 30-40 il keçib. İndi dünyada faydalı qazıntı yataqlarını müasir təyinetmə metodları var. Həmin metodlarla bizdə hətta düşündüyümüzdən bəlkə də qat-qat artıq olan yataqlar müəyyənləşdirəcəyik. Düşünürəm ki, qısa bir zamanda bizim faydalı qazıntılar yataqlarımızla bağlı bir işçi qrup yaradılacaq və bunların tədqiqatı aparılacaq.

- Bəs bizim işğaldan azad olunmuş ərazilərin bu baxımdan, potensialı varmı? Siz dediyiniz yeni metodlarla aşkarlanma və təyinetmə məsələləri kontekstində biz o ərazilərdə hansı işləri görməliyik?
- Qarabağ bölgəsi əslində təbii sərvətlərlə zəngin bir yerdir. Kəlbəcərdə bildiyimiz kimi, Zod qızıl yatağı var və SSRİ dövründəki məlumatlara görə onun ehtiyatları 112 ton qızıl civarında dəyərləndirilirdi. Orada 23 damar var. O zaman onun 7-si Ermənistanın ərazisinə düşürdü, qalan hissəsi isə Azərbaycana aid idi. Həmin qızıl emalı olan yeri işğal dövründə necə gəldi istismar ediblər. Amma nə qədər istismar etsələr də, orada kifayət qədər sərvət var.
Ondan əlavə, Kəlbəcərdə Tutqun yatağı var. Demək olar ki, istifadə edilməyən bu yatağın qızıl ehtiyatları 15 ton həcmindədir. Bu yataqların içərisində təkcə Kəlbəcərdəki yataqlarda seleniumla tellurun miqdarı təxminən 300 ton civarında qiymətləndirilir, 190-200 ton miqdarında isə gümüş var. Bu məlumatlar SSRİ dövrünə aid olduğu üçün yeni tədqiqatlar nəticəsində dəqiqləşdirilməlidir.
Bundan əlavə, Kəlbəcərdə 900 ton civarında qurğuşun var. Laçın-Kəlbəcər zonasında xromit yataqları kifayət qədər çoxdur. Zəngilandakı Vejnəli yatağının qızıl ehtiyatının həcmi 6 ton civarında qiymətləndirilir. Burada 3 min ton həcmində mis yatağı da var. Bu, təmiz filiz deyil. Mən sırf emal olunub çıxarıla biləcək məhsul barədə rəqəmləri deyirəm.
Ağdərədə çox böyük qızıl və mis yataqlarımız var. Sizi inandırım ki, yeni tədqiqatlar, yeni araşdırmalar Qarabağ bölgəsindəki hələ bizim bilmədiyimiz bir çox təbii sərvətləri aşkarlayacaq və bizim Qarabağa qayıdışımızda bu sərvətlərin istismara verilməsi çox önəmli olacaq. Aldığımız məlumatlara görə, orada bu istiqamətdə hazırda işlər gedir. Əvvəlcə hökmən infarstruktur qurulmalıdır, yollar çəkilməlidir. İşlərə çox doğru isitqamətdə başlanılıb. Kommunikasiya sistemləri qurulduqdan sonra, artıq oradakı yataqların tədqiqatına və işlənməsinə başlayacağıq.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Əlvan   metall  







Xəbər lenti