Müharibənin yarımçıq qoyduğu plan

// Ukrayna ilə taxıl əməkdaşlığı ilk fürsətdəcə bərpa edilməlidir

  Müharibənin yarımçıq qoyduğu plan
  20 May 2022    Oxunub:1836
Yanvar ayının 14-də Azərbaycan prezdenti İlham Əliyevin Ukraynaya səfəri zamanı orada 50.000 hektar torpağın icarəyə götürülərək, taxıl əkilməsi barədə razılığa gəlinmişdi. Bu, hər iki tərəf üçün çox sərfəli anlaşma idi. Belə ki, bir tərəfdən Azərbaycan özünü ərzaq buğdası ilə əsasən heç kimdən asılı olmadan təmin etməyə çalışır. Bu, qida təhlükəsizliyi strategiyamızın vacib komponentlərindən biridir.
Hazırda biz özümüzü taxıl ilə 60 faiz, ərzaqlıq buğda ilə isə cəmi 25 faiz təmin edirik. Prezidentin qarşıya qoyduğu məqsəd bu göstəricini 70-75 faizə çatdırmaqdır. Təkcə Azərbaycanın daxili imkanları hesabına 100 faizə çatdırmaq hazırda real deyil. Ölkəmizin taxıl əkmək üçün yararlı sahələri və məhsuldarlıq göstəricisi hələ buna imkan vermir.

Digər tərəfdən, Ukrayna Avropada ən məhsuldar qara torpaqlara malikdir. Orada torpaq həqiqətən bol və bərəkətlidir, amma investisiya çatışmazlığı ucbatından ölkə bu potensialdan tam istifadə edə bilmir. Buna görə də torpaqların icarəyə verilməsi haqqında qanun bir neçə dəfə dəyişdirilib. Qanunun 5-ci maddəsində göstərilir ki, beynəlxalq birliklər və təşkilatlar, həmçinin xarici dövlətlər də torpağın icarədarları ola bilərlər. Özü də imzalanan beynəlxalq müqavilələrə kifayət qədər hüquqi üstünlüklər verilir.

Azərbaycanın bu şansdan istifadə edərək, dost Ukraynada torpaq icarəyə götürməkdə məqsədi təkcə taxıl istehsalını ekstensiv genişləndirmək deyildi. Həmin torpaqaların becərilməsində yerli şirkətlərlə əməkdaşlıq edilərək, onların metod və texnologiyaları da mənimsəniləcəkdi.
Azərbaycanda taxılın orta məhsuldarlığı təxminən hər hektardan 30 sentnerə bərabərdir. Ukraynada isə 2021-ci ildə bu rəqəm 55 sentner olub. Ortada az qala iki dəfəyə yaxın fərq var. Burada əlbəttə, torpağın münbitliyi və təbii xüsusiyyətləri ilə yanaşı, əkin və biçin texnikası, suvarma, sortların seçilməsi və yetişdirilməsi, zərərvericilərlə mübarizə, hansı gübrələrdən necə istifadə kimi məsələlər də vacib rol oynayır. Bu sahədə Ukrayna ilə əməkdaşlıq həm də onun zəngin təcrübəsinin öyrənilməsi demək olacaqdı.

Məsələ ondadır ki, Avropanın qara torpaq ehtiyatları əsasən Ukraynada cəmləşdiyindən, Qərbin innovativ şirkətləri də yeni texnologiyalarını ora yönəldirlər. Sahələrin və əkinin vəziyyətinə nəzarət dronlarla həyata keçirilir; onların topladığı məlumat xüsusi alqoritmlərlə emal olunaraq, hansı gübrələrin nə qədər verilməsi, hansı insektisidlərdən necə istifadə olunması kimi qərarlar rəqəmsal texnologiyaların köməyilə qəbul edilir. Ardınca “nöqtəvi həll”lər həyata keçirilir: Məsələn, hansısa zərərverici qeydə alınırsa, bütün sahə yox, məhz həmin ərazi lokal qaydada dərmanlanır. Müasir nəzarət texnologiyaları olmadan bunları etmək mümkün deyil. Bitkilərin necə böyüməsini izləmək üçün onların Vegetasiya İndeksi izlənilir. İndeks zəif dəyişən ərazilərə lokal qaydada gübrə və minerallar verilir. Bu cür innovativ həllərin çoxu hələ ki pilot layihələr vəziyyətindədir və Azərbaycan vaxtında qoşula bilər.

Son 5 ildə dünyada “Digital AgroBusiness” texnologiyalarına qoyulan investisiyaların 8 dəfə artaraq, 17 milyard dollara çatması tezliklə kənd təsərrüfatının necə olacağı haqda əyani təsəvvür yaradır. Bu texnologiyalar torpaq, gübrə, toxum, dərman və əlbəttə, su kimi resurslardan maksimal effektivliklə istifadəyə imkan yaradır. Dünya təcrübəsi göstərir ki, təkcə “damcılı suvarma”nın tətbiqi məhsuldarlığı 1.5-3.2 dəfə artırır. Biz həmin texnologiyalara vaxtında qoşulmalıyıq və Ukrayna ilə əməkdaşlıq bunu xeyli asanlaşdıracaq.

Bu il Azərbaycanda haradasa 50 min hektarda taxıl əkiləcək. Eynilə bu qədər torpağın da Ukraynada icarəyə götürüldüyünü və orada məhsuldarlığın bizdən təxminən 2 dəfəyə yaxın çox olduğunu nəzərə alsaq, hesablamaq çətin deyil ki, layihə həyata keçiriləndə Azərbaycanın özünü qida buğdası ilə təmin etməsi elə 75%-ə, yəni qarşıya qoyulan ilkin məqsədə çatacaqdı. Lakin təəssüf ki, Rusiyanın hərbi təcavüzü layihənin icrasını qeyri-müəyyən müddətə təxirə saldı.

Ukraynanın aqro-xəritəsinə baxsaq aydın olar ki, orada taxılın becərilməsi əsasən ölkənin şərq hissəsində cəmləşib. Ən yüksək məhsuldarlıq da məhz orada – Xarkov-Dnepropetrovsk-Zaporojye-Xerson zolağında qeydə alınırdı. Tərslikdən, müharibə də həmin ərazilərdə gedir və indi ora yüksək risk zonasıdır. Logistika və infrastruktur məhz həmin bölgədə daha çox dağılıb. Bu, artıq bütün dünyanın probleminə çevrilməkdədir. Ukrayna hələ keçən il istehsal etdiyi 27 milyon ton buğdanın çox hissəsini – bəzi məlumatlara görə hətta yarıdan çoxunu,- dünya bazarına çıxara bilmir.

Hazırda Rusiyanın Ukraynaya təcavüzü artıq xarakterini dəyişərək, “sürünən müharibə” şəklini alıb. Bu formada o, aylarla davam edə bilər. İstisna deyil ki, “ləng müharibə” taktikasına keçməkdə Rusiyanın hərbi-operativ məqsədlərlə yanaşı, geosiyasi hədəfləri də var: o, məhz dünya iqtisadiyyatının çökməsini, bahalaşmanın və böhranın artmasını, qlobal mexanizmlərin artıq başlayan dağılma prosesinin daha da dərinləşməsini istəyir.

Əlbəttə ki, müharibə şəraitində Azərbaycanın Ukraynada taxıl əkmək planlarını reallaşdırması alınmayacaq. Amma biz çox uğurlu ideya olan bu gözəl əməkdaşlıq sxemini mütləq ilk fürsətdəcə həyata keçirməliyik. Çünki müharibədən sonra Ukraynanın investisiyalara daha çox ehtiyacı olacaq, Azərbaycanın isə taxıla. Müharibə gec-tez mütləq bitəcək: Heç bir savaş əbədi davam etmir, hətta “sürünən”lər də...


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru


Teqlər: Taxıl   Ukrayna  







Xəbər lenti