Şərikli qələbə ilə əsl Zəfərin fərqi

// Almaniyanı "təkbaşına" məğlub edən Rusiya indi Ukrayna ilə niyə bacarmır?!

            Şərikli qələbə ilə əsl Zəfərin fərqi
  09 May 2022    Oxunub:2006
Bu gün bütün bəşəriyyət İkinci Dünya Müharibəsinin başa çatmasının 77-ci ilini qeyd edir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqın böyük əmək sərf edib və fədakarlıq göstərib. 600 mindən çox vətəndaşımız SSRİ ordusunun tərkibində faşistlərə qarşı savaşıb. Onların təxminən yarısı 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaların, qalanları isə digər hissə və birliklərin tərkibində döyüşlərdə iştirak ediblər.
170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilib, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb. Azərbaycanlılar Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər şəhərlər uğrunda döyüşlərdə şücaət göstəriblər. Bundan başqa, həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Azərbaycandan cəbhəyə gedən hər iki döyüşçüdən biri bu qanlı müharibədə həlak olub.

1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, mühərrik yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində yüksək oktanlı aviasiya yanacağının kəşf olunması da Azərbaycan alimlərinin nailiyyətidir. Bu neft və neft məhsulları olmasaydı, SSRİ-nin qələbəsindən danışmaq mümkün deyildi.

Bakı Sovet İttifaqının həm də mühüm silah istehsalı mərkəzlərindən biri idi. Müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Azərbaycanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəltmişdi. 1942-ci ildə artıq Bakıda “Katyuşa” yaylım atəşi sistemlər üçün mərmiləri istehsal edən 610 saylı yeni sursat zavodu (sonrada “Şmidt adına zavod”) yaradıldı.

1942-ci ilin sonunda Azərbaycanda 130 növdə silah, döyüş sursatı, hərbi ləvazimat istehsal olunurdu. Onların arasında minaatan hissələri, PPŞ silahlarları, tank hissələri də mövcud idi. 1942-ci ildə Bakıda istehsal edilən “YAK-3” qırıcıları cəbhəyə uçmağa başladı. Leninqraddan sonra Bakıda “Molotov kokteyli” istehsalına başlandı.

Bu gün dünyanın daha çox bəhs etdiyi “Lend-Liz” əməliyyatının birincisi də Azərbaycanın nəqliyyat imkanları hesabına həyata keçirilib. 1941-ci ilin sonundan başlayaraq, əvvəlcə ABŞ və İngiltərədən, sonralar isə Kanadadan SSRİ-yə 400 min avtomobil, 2,6 mln ton neft və neft məhsulları, 9,6 min top, 10,8 min tank və 18,7 min təyyarə göndərmişdilər ki, bunlar da Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə təyinat yerlərinə çatdırılmışdı. “Lend-liz” yükləri İran körfəzindən SSRİ-yə iki yolla - Xəzər su yolu və Qafqazdan keçən quru yol vasitəsilə daşınırdı.

Əgər Bakı nefti və Azərbaycan üzərindən “Lend-Liz” daşımaları olmasaydı, İkinci Dünya Müharibəsi 1942-ci ildə bitəcək, Hitler reyxstaqın bir hissəsini Moskvaya köçürəcəkdi.

İkinci Dünya Müharibəsi başa çatandan sonra SSRİ rəhbərliyi Bakının Qələbənin əldə edilməsindəki tarixi rolunu lazımınca qiymətləndirə bilmədi. Bakıya layiq olduğu “Qəhrəman şəhər” fəxri adı verilmədi. Marşal K.Jukovun, marşal K.Rokossovskinin, marşal F.Tolbuxin, alim A.Sevastyanovun Azərbaycan əsgərlərinin qəhrəmanlığı, qələbədə Bakı neftinin əhəmiyyəti və s. barədə dedikləri unuduldu.

Rusiyanın son illərdə II Dünya Müharibəsindəki qələbəni aktiv şəkildə mənimsəməyə çalışdığı da aşkar görünür. Rusiyanın digər xalqların bu müharibədəki iştirakını diqqətdən kənarda saxlamaq cəhdləri isə ümumi qələbədə iştirak edən ölkələrin onun orbitindən uzaqlaşması ilə nəticələnir. Mən 20 yanvar faciəsindən və Xocalı soyqırımından sonra 9 May tarixinin qələbə günü kimi qeyd edilməsinin məqsədəuyğunluğunun müzakirə edilməsinin də tərəfdarı olmuşam. İndi isə bu təklif daha aktualdır.

Dünyada Rusiyadan başqa heç bir toplum II Dünya Müharibəsində qələbənin xalqların ümumi səyləri ilə əldə edildiyini şübhə altına almır. Əgər bu qələbə həqiqətən də tək rusların və ya əsasən Rusiyanın hesabına əldə edilibsə, o zaman bu gün 40-cı illərdəki SSRİ-dən qat-qat güclü olan Rusiya Almaniyadan dəfələrlə zəif olan Ukrayna üzərində niyə əhəmiyyətli bir uğur əldə edə bilmir? Dünyanın ikinci böyük hərbi potensiala malik dövlətinin 75 günlük Ukrayna müharibəsinin 70 günündə təkcə Mariupol ətrafında eşələnməsini kim və nə ilə izah edə bilər? Ümumilikdə isə tısbağa sürəti ilə aparılan və gah irəli, gah da geri çəkilmələrlə zəngin olan əməliyyatlar rus ordusunun əsl imkanlarını dünyaya da nümayiş etdirdi.

Rusiyanın Azərbaycanın II Dünya Müharibəsindəki qələbə payını mənimsəməyə çalışması əslində heç nəyi dəyişmir. Azərbaycan xalqının II Dünya Müharibəsində göstərdiyi fədakarlıq İkinci Qarabağ Müharibəsində də artıqlaması ilə təkrarlandı. Qorxu bilməyən qəhrəman Silahlı Qüvvələrimiz cəmi 44 gündə 30 illik erməni işğalına son qoydu. Artıq Azərbaycanın özünə məxsus olan 44 günlük Vətən Müharibəsi və Parlaq Zəfəri var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs missiyasını layiqincə yerinə yetirərək, pozulmuş ərazi bütövlüyümüzü bərpa edib. Artıq düşmən və havadarları üzərində əldə etdiyimiz möhtəşəm Qələbəmiz var və 2020-ci ildən bəri hər ilin 8 noyabr tarixində Zəfər bayramımızı qeyd edirik. Bu Qələbəni bizə bəxş edən qəhrəman Silahlı Qüvvələrimiz hər gün daha da genişlənir, daha da güclənir.

Ali Baş Komandanımız, şəhidlərimiz, yaralılarımız, veteranlarımız və xalqımız sayəsində yalnız özümüzə məxsus, kimsə ilə ortaq olmayan parlaq Qələbəmizin mövcudluğu həm milli kimliyimizin təsdiqlənməsində, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır.

Azərbaycan xalqı 7-dən 70-yə Vətən Müharibəsində Qələbənin qazanılması üçün əlindən gələni etdi. Müharibə zamanı bir gözümüzlə şəhidlərimizə ağladığımız, bir gözümüzlə onların azad etdiyi ərazilərə sevindiyimiz günlər hər birimizin qürurla yad edə biləcəyimiz tarixi anlar idi. Vətən Müharibəsi bizim hərb tariximizin ən şərəfli səhifələridir. Qələbəyə aparan 44 günün hər bir anı Azərbaycan xalqının tarixində daim yaşayacaq. Odur ki, hamımız Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olan Qələbəmizin əldə edilməsində qanını və canını əsirgəməyən Silahlı Qüvvələrimizin qəhrəman şəxsi heyətinin tarixi xidmətlərinin təbliğatını aparmalıyıq, övladlarımızın qəhrəmanlıq ənənələrini gələcək nəsillərə olduğu kimi ötürməliyik.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: 9-may   Qələbə-Bayramı  





Xəbər lenti