İranlı deputatın təhdidinə cavab verildi

İranlı deputatın təhdidinə cavab verildi
  04 Aprel 2013    Oxunub:1342
“İran parlamenti deputatının Azərbaycanla bağlı bəyanatının tonu ikitərəfli münasibətlərə zərbə vurur”
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə İranlı deputatın Azərbaycanı təhdid etməsinə münasibət bildirib. AzVision.az xəbər verir ki, millət vəkili bu barədə Facebook sosial şəbəkəsində yazıb. O, bildirib ki, İran parlamenti deputatının Azərbaycanla bağlı bəyanatının tonu ikitərəfli münasibətlərə zərbə vurur.

Millət vəkilinin sözlərinə görə, vaxtaşırı İranın müəyyən siyasi dairələrinin Azərbaycanla bağlı bütün diplomatik normaları kobud surətdə pozan bəyanatlarına rast gəlirik: “Və çox təəssüf edirəm ki, bu bəyanatlarla İran parlamentinin üzvləri də çıxış edirlər. Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətsizlik, tarixi saxtalaşdırmaq, Azərbaycanın daxili və xarici siyasətinə dair yersiz məsləhətlər vermək onların leksikonunda artıq bir qaydaya çevrilib.

Düzdür, bunlar İranın rəsmi mövqeyi sayıla bilməz və İran tərəfi bunun kimlərinsə şəxsi mövqeyi olduğunu bildirir, ancaq bununla belə səlahiyyət daşıyan şəxs dediyi fikirlərin də rəsmiyyətini dərk etməlidir. İran parlamentinin adı çəkilən şəxsin Azərbaycanla bağlı son dövrdə səsləndirdiyi fikirlər Azərbaycan parlamentində çox böyük narazılıqla və etirazla qarşılanır.

İranlı deputatların ziyalıya yaraşmayan tonda ifadələr işlətməsi, Azərbaycanla bağlı heç cür ölçüyə gəlməyən fikirlər bildirməsi yolverilməz və həmçinin ikitərəfli münasibətlərə xələl gətirən məsələlərdir.

İran parlamentinin üzvləri Azərbaycanın müstəqil dövlət olduğunu, özünün daxili və xarici siyasətini müstəqil həyata keçirməsini qəbul etməlidirlər. Bu, onların vəzifə səlahiyyətləridir. Bu, onların İranı təmsil etmək kimi bir borcudur. Bu baxımdan Azərbaycan bu cür bəyanatları həmişə etirazla qarşılayacaq və buna öz kəskin rəyini bildirəcək.

Nədənsə Azərbaycanın tarixini saxtalaşdırmağa, onun bugünkü reallığına qara eynəkdən baxmaq istəyənlər bu gün torpaqlarımızı işğal altında saxlayan Ermənistanla dostluq fikirlərini səxavətlə bölüşürlər və heç də Ermənistanı işğalçılıq siyasətindən geri çəkilməyə çağırmaq niyyətində deyillər.

Ermənistana məhəbbət fikirləri ilə isə onlar Ermənistanın Azərbaycana qarşı yeritdiyi aqressiv siyasətinə dolayı yolla siyası dəstək vermiş olurlar. Bu şəxslərin içərisində parlamentdə status tutan şəxslərin olması çox böyük təəccüb doğurur. Hesab edirəm ki, onlar öz şəxsi fikirlərini tutduqları vəzifələrinə görə səlahiyyət müddətində heç olmasa gizlətməyi bacarmalıdırlar.

Mən bu baxımdan ara-sıra İran parlamentinin üzvlərinin Azərbaycan parlamentinə qarşı hörmətsizliyini qəti pisləyirəm, belə məsələlərə son qoyulmasını istəyirəm. Azərbaycana səfər edən İran parlamentinin üzvləri ilə görüşürəm və onu da qeyd etməliyəm ki, onlar Azərbaycana hörmətlə yanaşdıqlarını və ölkəmizlə dostluq münasibətlərini genişləndirmək istədiklərini bildirirlər. Və onlar da söhbətlərdə bu cür fikirlərin İran parlamentinin və İran cəmiyyətinin ümumi fikri olmadığını söyləyirlər”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti