Botoksun yaradıcısı vəfat edib

Botoksun yaradıcısı vəfat edib
  22 Dekabr 2021    Oxunub:1201
Amerikalı oftalmoloq və botoks preparatının yaradıcısı Alan Skot vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə "Washington Post" alimin qızı Alison Ferqyusona istinadən məlumat yayıb.
Bildirilir ki, Kaliforniyada 90 yaşında vəfat edən məşhur elm adamının ölümünə səbəb sepsisin ağırlaşması olub.

Qeyd edək ki, Botulinum toksini İkinci Dünya Müharibəsi zamanı əzələ iflicinə və ölümlərə səbəb olan bioloji silah kimi yaradılmışdı. Elm adamları daha sonra ondan müharibədə istifadə etməyi uyğun saymayıblar.

60-cı illərdə isə Skot bu maddəni oftalmologiyada istifadə üçün araşdırıb. O, təmizlənmiş toksinin göz qırpmasına səbəb olan göz ətrafındakı əzələlərin qeyri-ixtiyari daralması- çəpgözlük və blefarospazmı müalicə etmək üçün istifadə edilə biləcəyini təklif edib.

Onun hipotezi təsdiqlənib. Skot daha sonra təmizlənmiş botulinum toksinindən eyni adlı dərman istehsal etmək üçün "Oculinum" şirkətini qurub. 1989-cu ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) onu oftalmoloji xəstəliklərin müalicəsi üçün təsdiqlədi. 1991-ci ildə isə "Allergan" əczaçılıq şirkəti Skotun kəşfini əldə edərək dərmanı "Botox" adlandırdı.

Vaxt keçdikcə oftalmoloqlar tərəfindən botoks təyin edilən xəstələr bunun nəinki xəstəliklərinə kömək etdiyini, həm də üzün yuxarı hissəsindəki qırışları hamarlaşdırdığını söyləməyə başladılar. 2002-ci ildə FDA botoksun istifadəsini kosmetik məqsədlər üçün də təsdiqlədi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti