FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciətində güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir: “Leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Həmçinin, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, hündür ağaclardan uzaq durmaq, elektrik dirəyi və naqillərinin altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Azvision.az