Rusiya-Qərb savaşı realdırmı? - TƏHLİL

Rusiya-Qərb savaşı realdırmı? - TƏHLİL
  21 Mart 2014    Oxunub:1762
“Keçən yarım əsr ərzində ən möhtəşəm hadisə, heç baş verməmiş hadisədir: 60 ildən çox biz nüvə silahı tətbiq etmədən yaşaya bildik”.

(Tomas K.Şellinqin 2005-ci ildəki Nobel mühazirəsindən)

Britaniyalı yazar Snou Ç.P. 1960-cı ildə `New York Times` qəzetində bildirmişdi ki, nüvə arsenalına malik olan ölkələr onu ləğv etməyənə və yaxud, heç olmasa azaltmayana qədər termonüvə müharibəsi riyazi nöqteyi-nəzərdən yaxın on il ərzində qaçılmazdır.

O vaxtdan bu “riyazi dəqiqlik” 4 dəfədən artıq mürəkkəbləşdirilib. Belə ki, Rusiyanın ABŞ-ı radioaktiv külə çevirə biləcəyini iddia edən televiziya aparıcısı Dmitriy Kisilyovun bu yaxınlardakı çıxışı bizi düşünməyə vadar edir: daha nə qədər? Biz nə qədər nüvə silahsız keçinə bilərik?

Son bir neçə il ərzində dünyanın bütün KİV-ləri İranın nüvə silahı yaratmaq məqsədilə uranı zənginləşdirməsi mövzusunu elə hey şişirdirdilər. İrana qarşı bir sıra sanksiyalar da irəli sürülüb. Bir çox analitiklər iriqmiqyaslı olmasa belə, İranla lokal müharibəni proqnozlaşdırırdılar. Bir faktı da inkar etmək olmaz ki, bu cür vəziyyət bəzi ölkələrə sərf edirdi, belə ki, regiondan gələn hər pis xəbər dünyada neftin qiymətlərinin artmasına təsir göstərirdi.
Lakin Ruhanin hakimiyyətə gəlişi, onun siyası iradəsi və Qərbin yaranmış vəziyyəti diplomatik yolla həll etmək arzusu tez bir zamanda öz bəhrəsini verdi.

Qərbin belə bir jest etməsi digər ölkələr tərəfindən demokratik dəyərlərə bağlılıq, suverenliyə hörmət və beynəlxalq hüquqa, o cümlədən, insan haqlarına riayət etməsi kimi deyil, onun zəifliyi kimi qiymətləndirilmişdi. Çox ehtimal ki, hətta Suriyada kimyəvi silahdan istifadədən sonra belə burada vətəndaş müharibəsinə müdaxilə də zəiflik kimi qəbul edilir.

Hər dəfə də bu vəziyyətdən münaqişələrin həllinə dair öz mövqeyini irəli sürməyi təklif edən və sonralar bu mövqenin gələcək danışıqlar üçün əsas götürüldüyü Rusiya qalib kimi çıxırdı. Vladimir Vladimiroviçin reytinqinin artdığı bir vaxtda Amerika prezidenti Barak Obamanın reytinqi aşağı düşürdü.

Elə görünürdü ki, Qərb hər cəhətdən (bütün cəbhələrdə) uduzurdu və o, bu gün də Ukraynanın suverenliyinin qorunub saxlanılması mübarizəsində də uduzur. Amma `Foreign Policy` jurnalının yazdığına görə, Qərbin müharibəni udacağını bilərək, Putinin döyüşü udmasına imkan verməsinə hazır olan Obamanın da susmasını qeyd etmək yerinə düşərdi. Artıq bu günlərdə Rusiyaya qarşı ilk sanksiya paketi qəbul edilib və Rusiya G8 “Böyük Səkkizlik”dəki yerindən məhrum olunub.

Rusiyada çox gözəl anlayırlar ki, yürütdükləri siyasət onları cətin vəziyyətə sürükləyir və ətraf aləmdən təcrid edir. Qərbdə Rusiyanın “Şər imperiyası” olması barədə fikirlərin yayıldığı bir dövrdə V.Putinin Rusiyada reytinqi qalxır və şovinist şkalası üzrə irələyir.

Bu, yeni “soyuq müharibə”nin başlanmasına işarə edirmi? Çox güman ki, hə. Buna baxmayaraq, Qərb hələ də gərginliyi azaltmağa çalışır. Rusiya ilə müharibə olacaqmı? Müharibənin olmamaq ehtimalı daha çoxdur. Hazırda Qərbin nə Çörçili, nə de Qoll-u, nə də ki Ruzvelti var. Rusiyanın Qərblə bu cür qarşıdurması nə ilə nəticələnə bilər? Yeni iqtisadi böhrannın yaranması, hər iki tərəfdən kapitalın axması, qısamüddətli perspektivdə neftin qiymətinin aşağı düşməsi və qızılın qiymətinin artması ilə nəticələnə bilər.

Biz nə etməliyik? İndi bizim fasilə götürmək və Qərblə Rusiya arasında bu şahmat partiyasında hadisələrin gələcək gedişatına nəzarət etmək növbəmizdir. Nə yaxşı ki, bu gününün gəncləri həm rus, həm də ingilis dillərini sərbəst bilir.

P.S. Yaxşı şahmat oyunçusunun dahi oyunçudan nə ilə fərqləndiyini bilirsinizmi? Birincisi bir neçə gediş sonranı düşündüyü halda, dahi oyunçu yalnız bir gedişi düşünür. Və həmin gediş də həmişə doğru gediş olur.

Urxan Seyidov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti