Bakıda heykəli qoyulan sirrli və böyük alim – FOTOLAR

Bakıda heykəli qoyulan sirrli və böyük alim – FOTOLAR
  11 Fevral 2013    Oxunub:16381
...Bəzi iddialara görə o, böyük bir ordunu bir neçə saniyə içərisində məhv edə biləcək “ölüm şüaları”nı, süni zəlzələ törətmək yollarını kəşf edibmiş. Həmçinin onun qravitasiyanın sirrini tapdığı və antiqravitasiya cihazı yaratdığı bildirlir. Bəzi söhbətlərə görə, Tesla heçlikdən enerji verən daimi mühərrik də yaradıbmış...
Ötən həftə Serbiya prezidenti Tomislav Nikoliçinölkəmizə səfəri çərçivəsində Bakıda böyük serb alimi Nikola Teslanın heykəlinin açılışı oldu. Tesla nəhng elm adamı olmaqla yanaşı, həm də sirr haləsinə bürünmüş bir tarixi şəxsiyyət oluğundan, onu yaxından tanımağa dəyər.
Nikola Tesla müasir elektrik mühəndisliyinin banilərindəndir və dünyanın ən böyük ixtiraçılarından biri sayılır. Tesla pultla yanaşı, simsiz rabitə sahəsində 700 ixtiranın müəllifidir. Alman və serb, ingilis, fransız, italyan dillərini bilib.
Nikola Tesla 10 ilyul 1856-cı ildə Xorvatiyanın kiçik Smilcan kəndində anadan olub. Atası keşiş, anası isə təhsilsiz qadın olub. Özünün dediyi kimi, atasından ona nəzəri və fəlsəfi biliklər, anasından isə praktik düşüncə və güclü yaddaş keçib. Atası onun keşiş olmasını istəsə də,Tesla qəti şəkildə mühəndis olacağını bildirib.
Hələ məktəb illərində güclü məntiqi ilə yaşıdlarından fərqlənib. Məsələrin həllini həddindən çox böyük sürətlə həll etməsi hətta müəllimlərini belə təəccübləndirib. 19 yaşı olanda Qraaz universitetinin elektrik mühəndisliyi şöbəsinə daxil olub.
Tələbə ikən o, adətən elektrik cihazlarının iş prinsiplərilə bağlı professorları ilə mübahisə edər, hər zaman da haqlı çıxardı. Tesla o zamankı elektrik cihazlarının süniliyini və təbii yollarla enerji almağın mümkün və daha səmərəli olduğunu iddia edirdi. Bununla bağlı beynində bir çox parlaq fikirləri olsa da, onun nə düşündüyü naməlum olaraq qalır.
1879-cu ildə Tesla Qraaz Universitetini bitirdi və müxtəlif ixtisaslar üzrə bir neçə şirkətdə çalışdı. Həmin dövrlərdə o, sabit cərəyan mühərrikləri və dinamolar mövzusunda geniş və əhəmiyyətli təcrübə qazandı. Maşınları qorumaq üçün tənzimləyici idarə cihazları icad etdi. 1884-cü ildə isə Parisi tərk edərək, Nyu-Yorka köçdü. Amerikada Edisonla görüşüb onun şirkətində işə düzəldi. Öz ixtiraları ilə Edisonun ixtiralarını üstələdi.
O günlərdə sabit cərəyan istilik, işıqlandırma, müxtəlif cihazları işləməsi üçün ən uyğun elektrik cərəyanı sayılırdı. Lakin sabit cərəyanın müqavimət itkiləri o qədər böyük idi ki, hər kvadrat mil üçün bir güc stansiyasına ehtiyac vardı. İlk lampalar (110 Voltluq), güc stansiyasına yaxın olsalar belə parlaq yanmır, bir mildən uzaqda olanlar isə itən elektrik cərəyanının gücü azaldığına görə çox zəif (sönük) yanırdılar. Teslaya görə isə sabit cərəyandan istifadə etmək axmaqlıq idi. Lakin heç kim alternativ axında işləyə bilən mühərrik yarada bilməmişdi. Tesla bu barədə çox düşünürdü. 1882-ci ilin fevralında, Budapeştenin bir parkında Szigetti adında sinif yoldaşı ilə gəzişərkən birdən qışqırdı: "Tapdım!" O, bütün elektrik sənayesində inqilab edəcək olan "dönən maqnetik sahəni" tapmışdı. Sonradan bunun əsasında dəyişən cərəyanlı mühərriklər, transformatorlar, su elektrik stansiyaları quruldu.
Yeri gəlmişkən, elə Bakıda Teslaya qoyulmuş abidənin fonunda da görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırlıb.
Edison nailiyyətlərinə görə söz verdiyi məbləği Teslaya ödəmədi. Sadəcə, zarafat etdiyini bildirdi. Bundan inciyən Tesla Edisonun şirkətini tərk etdi və müxtəlif yerlərdə işlədi.
Bir il ərzində uzun boylu, zəif serb xarici ölkədə aclıqla mübarizə apardı. O, dolanışığını yer qazmaqla təmin edirdi. Lakin onunla birlikdə çalışan “Western Union”un ustası Corc Vestinghauz yemək saatlarında Teslanın maraqlandığı yeni elektrik sistemlərinin üstünlüklərini dinləyərək Teslanı A.K.Braun adlı bir firma sahibiylə tanış edir. Teslanın parlaq planlarıyla ovsunlanan Braun bir ortağı tədqiqatlar üçün ayırmağa qərar verir və bu tədqiqatlar üçün böyük miqdarda sərmayə ayırır. Tesla Qərbi Brodveydə bir təcrübə laboratoriyası qurur. Orada generator, transformatorlar, transmisiya xətti, mühərriklər və işıqlandırma sistemlərinin planlarını hazırlayır. Teslanın alternativ sistemi Birləşmiş Ştatlarda ilk su elektrik stansiyasının tikintisi üçün elan edilmiş tenderdə qalib gəlir.
"Bir gün Niaqara şəlaləsindən elektrik almaq üçün istifadə edəcəyəm",- deyən Teslanın axtarışları səmərəsini versə də, asan başa gəlmədi.
Kornell Universitetinin professoru V. A. Antoni yeni alternativ axın sistemini sınadı və dərhal Teslanın sinxron mühərrikinin ən yaxşı və düzgün axın mühərriki olduğunu açıqladı.
Bundan sonra Tesla çoxlu pul qazanaraq, varlı həyatına başlayır. Sosial həyatında çox az adam onuna yaxınlaşmağa cəhd edirdi. Onu “təmizlik manyakı” adlandırırdılar. Həmişə ağ əlcək geydiyi və nadir hallarda kiminləsə salamlaşdığı bildirilir. Anası və bacısından başqa heç bir qadınla yaxınlıq etmədiyi bildirilsə də, bəzi mənbələr Teslanın Morqan adlı zəngin bir biznesmenin qızı ilə bir müddət qeyri–qanuni əlaqəsi olduğunu yazırlar.
Onun dostları da az olub. Onların arasında Teslaya ən yaxın olan isə Mark Tven idi.
O, gündə 20 saat işləyirdi. Yalnız təcrübələri zamanı sadə paltar geyinirdi. Ofisinin pəncərəsini yalnız ildırm çaxan zaman açar və uşaq kimi şimşəyin çaxmasından həzz alardı.
Məruzələrinə o dövrün məşhur şəxsiyyətlərini dəvət edər, zaldakıları qəribə elektrik təcrübələri, rəngarəng işıqlar, bədənindən yüksək enerjili elektrik cərəyanı keçirməklə təəcübləndirərdi. Onun yalnız bir prinsipi vardı - bir dəfə göstərdiyi təcrübəni ikinci dəfə təkrar etməzdi.
Teslanın həyatının ən önəmli vaxtı dövrünün güclü maqnatı Morqanla tanışlığı dövrünə təsadüf edir. O, Teslanı maliyyələşdirsə də, Vestinqhauz kimi başa düşmürdü. Onun dəstəyi ilə Tesla Koloradoda yeni laboratoriya inşa etdirdi. Qəribə antennaları, elektrik konstruksiyaları və hündür hasarı olan bu yerdə o, özünün ən böyük xəyalı- bütün dünyanı simsiz rabitə ilə təmin etmək üzərində işləməyə başladı. Bir çox ixtiralarını gerçəkləşdirdi.
Bir gün Morgan maliyyə cəhətdən Teslanı dəstəkləməkdən imtina edir və Tesla Nyu-Yorka qayıdır. Daha sonra o, dünyaya enerji nəql etmək məqsədilə cahanda ən böyük antennı quraşdırmağa qərar verir. Təəssüf ki, kifayət qədər maliyyə vəsaiti olmadığına görə onun bu layihəsi yarımçıq qalır.
1912-ci ildə Nobel mükafatının kimə verilməsi ilə bağlı müzakirələr gedəndə ən layiqli namizəd olaraq Teslanın adı irəli sürülür. Lakin Tesla “artıq gecdir”,- deyərək bu mükafatdan imtina edir.
Tesla heç vaxt başqa alimlərlə müqayisə edilmək istəməyib. O, özünü sıradan bir ixtiraçı kimi yox, “təbiətin sirlərini açan böyük kəsfiyyatçı” kimi təqdim edirdi. Planetində həyatı dəyişdirməyə iddialı idi. Öz işləri barədə izahat verməyi, şərh etməyi sevmirdi. Hətta elmi işlərinin nəticəsini yazmır və ya təcrübələri zamanı kağız üzərində qeydlər etmirdi. İllərlə davam edən işlərinin detallarını ancaq ağlında saxlamağa üstünlük verirdi.
Hər gün parkda gəzərək göyərçinləri yemləyərdi. Vaxtı olmayanda bir uşağa pul verib, bu işi ona tapşırardı. Hətta hər gün onun pəncərəsi önünə qonan bir ağ göyərçinlə əlaqədar qəribə faktlar da mövcuddur. Tesla deyirdi ki, göyərçinlər onun həyatının mənasıdır. Həqiqətən də həmin o ağ göyərçin öləndə Teslanın işləri də dayandı.
Nikola Tesla 1943-cü il yanvarın 7-də Nyu-Yorkda bir oteldə tək-tənha və olduqca kasıb, unudulmuş biri kimi həyata vida etdi. O, öz sirlərini özüylə apardı. Bəzi şayiələr də var ki, guya Tesla öləndən dərhal sonra bir xəfiyyə onun otağına girərək qeyd dəftərini oğurlayıb. Həmin şəxsin ən azından Teslanın həyatı ilə bağlı qəribə faktları aşkarlamaq niyyətinin olduğu bildirilir.
Faktları deyə bilmərik, amma Teslanın haqqında xeyli versiyalar da dolaşır. Belə ki, bəzi iddialara görə o, böyük bir ordunu bir neçə saniyə içərisində məhv edə biləcək “ölüm şüaları”nı, süni zəlzələ törətmək yollarını kəşf edibmiş. Həmçinin onun qravitasiyanın sirrini tapdığı və antiqravitasiya cihazı yaratdığı bildirlir. Bəzi söhbətlərə görə, Tesla heçlikdən enerji verən daimi mühərrik də yaradıbmış. O da deyilir ki, 1911-ci ildə guya Sibirə düşdüyü güman eldilən məşhur Tunqus meteoriti əslində meteroit olmayıb, bu, Teslanın hazırladığı silahı sınaqdan keçirməsinin nəticəsi imiş. Üstündən yarım əsr keçsə də, bu böyük və sirli alimin adı ətrafında müəmma pərdəsi hələ də qalmaqdadır.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti