Kommunal sektoru necə inkişaf etdirməli?

   Kommunal sektoru necə inkişaf etdirməli?
  26 İyun 2021    Oxunub:1816
Dayanıqlı təchizat vacib məsələdir
Koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə ayrı-ayrı istehlak məhsullarının istehsalında müşahidə olunan azalmalar dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirlərini göstərməkdədir. Son bir ildə demək olar ki, bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artır. Dünya enerji bazarlarında da müşahidə olunan artım tendensiyası bu prosesi daha da sürətləndirib. Nəticədə bir çox ölkələr idxal ounan inflyasiya ilə üzləşib.

Ərzaq məhsulları ilə yanaşı, enerli daşıyıcılarının, xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması da müşahidə olunur. ABŞ və Avropada təbii qazın qiymətləri son bir il ərzində təxminən iki dəfə artıb. Asiyada isə istehlak kəskin artması tələbi də ciddi şəkildə yüksəldib. “Mavi yanacağ”ın yüksək qiyməti beynəlxalq bazarlarda kömürə olan tələbi artırıb. Kömür elektrik stansiyalarında yanacaq kimi qazın əsas alternatividir. Avstraliyanın Newcastle terminalında yüklənmiş energetik kömürün fyuçers qiymətləri ötən ilə nisbətən iki dəfədən çox artıb. Qiymətlərin yüksək olması, istehsalçıları artan xərcləri tədricən istehlakçılara ötürməyə başlamasına gətirib ki, bu da ABŞ və Avropada kommunal xərclərin artmasına səbəb olub.

Beləliklə, bütün dünyada ərzaq məhsullarının və kommunal xərclərin davamlı artımı prosesi gedir. Ərzaq məhsullarının satışı sərbəst sektor olduğu üçün əhali qiymət artımlarına tədricən alışır. Kommunal xidmətlər sektoru dövlətin əlində cəmlənmiş ölkələr üçün yaranmış çətinlikləri istehlakçılarla bölüşmək, qiymət artımına getmək olduqca çətindir.

Dünya ölkələrində kommunal xidmətlər sektoru çoxdan özəl sektorun əlindədir və bir çox ölkələrdə dövlət yalnız həmin sektorlar üzrə müəyyən tənzimləmə işlərini həyata keçirir. Enerji, su və “mavi yanacaq” bir çox ölkələr üçün idxal məhsuludur. Buna görə də onun qiyməti nə qədər baha olsa da, əhali işlətdiyi təbii resursların haqlarının ödənilməsi sisteminə uyğunlaşıb.

Azərbaycanda kommunal sektorda xidmətlər dövlət şirkətləri tərəfindən təqdim olunur. Ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə son illərdə həyata keçirilən tədbirlər nəticəsində kommunal sektorda geniş infrastruktur qurulub. Ölkədə qazlaşma səviyyəsi əhəmiyyətli şəkildə artıb, illərlə qaz görməyən kəndlərə belə hazırda mavi yanacaq çatdırılır.

Ölkə vətəndaşlarının kommunal xidmətlərə əlçatımlığı üzrə göstəricilərin əhəmiyyətli şəkildə yaxşılaşmasına baxmayaraq, kommunal xidmətlər sektoru zərərlə işləməkdə davam edir və bu büdcə üçün artıq ciddi bir yük olaraq qalmaqdadır. Xüsusilə, istehlakçıların təbii qaza olan tələbatının ödənilməsi son illərdə ciddi zərər göstəricilərinə çıxıb. Bunun bir çox səbəbləri var.



Bunlardan biri mavi yanacağın ötürülməsi və istehlakı prosesində yaranan qaz itkiləridir. Qaz ötürücü şəbəkənin saz saxlanılması daim sərmayə tələb edir. Qazın ötürülməsində təbii itkilər yolveriləndir, lakin ötürücü şəbəkəyə vaxtında texniki xidmət göstərilməməsi bu itkiləri əhəmiyyətli şəkildə artıra bilir. Məsələn, qaz ötürücü borularda xətanın aşkarlanması ilə onun aradan qaldırılması üçün tədbirlərin görülməsinə qədər olan vaxt bir həftəni ötürsə, bu artıq dövlət şirkəti üçün böyük itkilərə yol açır.

Digər tərəfdən ev təsərrüfatlarının qaz istehlakı artır, lakin qeyri-qanuni qoşulmalar, haqqı ödənilməyən istehlak problem olaraq qalmaqdadır.

Sektor üçün daha bir “ağrılı məsələ” hasilat xərclərinin artmasıdır. İnkişaf etmiş ölkələr üçün bu böyük problem deyil, çünki, həmin ölkələrdə kommunal sektorda qiymətlər enerjidaşıyıcıların dünya qiymətlərindən asılı olaraq dəyişə, yəni arta və ya azala bilir. Təbii qaz hasilatçısı bəzi ölkələrin vətəndaşlarda elə bir düşüncə sistemi formalaşıb ki, bu resurs bizimdirsə, onu ucuz da istehlak etmək olar. Hazırda Azərbaycan təbii qazın istehlak qiymətlərinin səviyyəsinə görə Avropada ən aşağı yerlərdən birindədir. Ölkə demək olar ki, təbii qazı onun hasili üçün cəkdiyi xərclərdən aşağı satır. Faktiki olaraq, sahə dotasiyada işləyir. Qeyd edək ki, “Əsrin müqaviləsi” çərçivəsində hasil edilən səmt qazından da istehlak tələbinin ödənilməsində istifadə edilir. Lakin yataqlar üzrə hasil edilən səmt qazının həcmi də getdikcə kəskin şəkildə aşağı düşür. Yəni, dövlət faktiki olaraq hasil olunmasına əhəmiyyətli xərclər çəkilən resursu öz dəyərindən aşağı qiymətlərə istehlakçılara çatdırır. Bu əlbəttə sıravi vətəndaşın gözündə dövlətinin ona olan sosial öhdəliyi kimi görünə bilər, lakin bu, bazar iqtisadi prinsiplərinə uyğun deyil və potensial investorları çəkindirir. Nəzərə alsaq ki, son illərdə təbii qaz istehlakçıların sayı da əhəmiyyətli şəkildə artıb, o zaman bu zərər günü-gündən böyüməkdədir və hesab edirik ki, dövlət sektorun maliyyə sağlamlığı, xidmətlərin dayanıqlığının davamlılığı üçün addımlar atmalıdır.



Ekspert cəmiyyəti artıq uzun müddətdir dövlətin tədricən bu sektorlardan çəkilməli olduğunu, sahənin idarəçiliyinin yaxşılaşdırılmasında çıxış yolunu özəl sektoru cəlb etməkdə görür. Lakin hökumət bu sektorlarda dövlətsizləşdirməyə də gedə bilmir, çünki, potensial investorlar zərərlə işləyən sektorlara sərmayə yatırımlarından çəkinirlər. Dövlət təkcə sahənin tənzimlənməsinin effektivliyini artırmaqla kifayətlənməməli, həmçinin tədricən bu sahənin özəl sektorun üzərinə keçirilməsi, onun inkişafı və uzunmüddətli investisiya cəlbediciliyi üçün mövcud potensialını akkumlyasiya etməlidir. Ölkənin kommunal sektoru büdcə üçün zərər yaradan sahələrdən çıxarılmalıdır. Dünya təcrübəsinə uyğun olaraq, qazın istehlakçılara çatdırılması ilə özəl paylaşdırıcı şəbəkələr məşğul olmalıdır. Fikrimizcə, bu, sektorun sağlamlaşdırılmasına, maliyyə səmərəliliyinin artmasına və infrastrukturun daha da yaxşılaşdırılmasına imkan yaradacaq. Bu istiqamətdə atılacaq addımlar xərclərin optimallaşdılmasına, vətəndaşlarla yanaşı, təchizatçı təşkilatların da mənafeyinə xidmət etməlidir. (Report)









Azvision.az




Teqlər:





Xəbər lenti