“Turizm sürətlə bərpa olunacaq” – Ekspert
- Mən bu rəqəmlərə baxmayaraq, optimistəm. Məsələ ondadır ki, turizmə olan tələb aradan qalxmayıb, sadəcə, təxirə düşüb. Həmin təxirə düşmüş tələb yığılaraq, uyğun vaxtı gözləyir və həmin məqam yetişəndə biz qısa vaxtda əsl turizm bumunun şahidi olacağıq. İndi ruhdan düşmək yox, həmin mərhələyə hazırlaşmaq vaxtıdır,- deyə iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə bildirib.
Onun sözlərinə görə, artıq pandemiyanın təsirləri tədricən aradan qalxır, ölkələr sərhədlərini açırlar. Azərbaycanın qapılarını açdığı xarici ölkələrinin siyahısı hər həftə genişlənir:
- Belə fikirlər var ki, qlobal mənada turizmin bərpası və pandemiyadan əvvəlki səviyyələrə çatması üçün üçün hələ azı 3-4 il lazımdır. Ola bilər, amma ayrı-ayrı ölkələrdə bu vaxtı xeyli qısaltmaq mümkündür. Mən əminəm ki, Azərbaycan da həmin “ayrı ölkələrin” sırasına daxilir. İnsanlar iki ilə yaxındır davam edən karantinin psixoloji yorğunluğundan qurtarmaq üçün tirizm industriyasının təklif etdiyi istənilən şansdan yararlanmağa böyük həvəslə hazırdırlar, yetər ki, savadlı və düzgün menecment olsun. Yay bunun üçün ideal vaxtdır.
Optmistlər düşünürlər ki, 2022-ci ildə dünya turizm sənayesi 60 faiz bərpa olunacaq. Həm də söhbət V-şəkilli bərpadan gedir. Ona görə də, hazırda turizm sektoruna iqtisadi canlanmanın lokomotivi kimi baxmaq lazımdır. “Ənənəvi turizm ölkələri bunu başa düşürlər və artıq bazara reallığa uyğun yeni, maraqlı təkliflər çıxarırlar. Məsələn, insanların kütləvi şəklində bir yerdə əylənməsini nəzərdə tutmayan kənd turuzmi – aqroturizm istiqaməti dünyada sürətlə populyarlıq qazanmaqdadır. Bizdə bu sahənin inkişafı üçün sadəcə olaraq, nəhəng potensial var. İnkişaf etməkdə olan kənd təsərrüfatı ilə yenidən inkişafa başlayan turizmi birləşdirməklə ortaya çox maraqlı istiqamətlər qoymaq olar”,- deyə Əlibala Məhərrəmzadə bildirib.
O, xatırladıb ki, Dövlət Turizm Agentliyi bu il daxili turizmin ötən illə müqayisədə 50% artacağını proqnozlaşdırır. Ötən il rayonlara gediş-gəliş bağlı olduğundan, heç bir, o cümlədən də, daxili turizmdən söhbət gedə bilməzdi. Xaricdən gələnlərin sayında da apreldən etibarən, artım müşahidə olunur. Bu rəqəm dünyadakı vaksinlənmə göstərici ilə parallel şəkildə artacaq. May ayında Dubayda keçirilən “Arabian Travel Market 2021” sərgisinə Azərbaycan da qatılmışdı. Bu, o deməkdir ki, tezliklə yenidən ərəb turistlərini də Bakıda görmyə başlayacağıq. “Bəli, onlara münasibət birmənalı olmaya bilər, amma buna bir də ölkə otellərin 76% azalmış gəlirləri prizmasından baxın. 2019-cu ildə Azərbaycana gələn xarici ziyarətçilərin sayı 3.17 milyon nəfər olub. Bu dinamika artan xətlə gedirdi və araya pandemiya girməsə, bu il 4 milyonu keçəcəkdi. Biz xarici turizm sahəsində ən azı iki ilə 2019-cu ilin göstəricisinə çatmalıyıq”,- deyə iqtisadçı əlavə edib.
O, başqa bir vacib məqamı da xatırladıb ki, tezliklə Qarabağda, azad etdiyimiz torpaqlarda olan möhtəşəm turizm potensialı da dövriyyəyə daxil ediləcək. Bu isə sıçrayışlı artım üçün əlavə şəraitin yaranması deməkdir.
Teqlər: Turizm