Ərdoğanın Şuşa səfərindən iqtisadi gözləntilər

Ərdoğanın Şuşa səfərindən iqtisadi  gözləntilər
  14 İyun 2021    Oxunub:1171
Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir. Qardaş dövlətin rəhbərinin bu səfəri əvvəlkilərdən fərqlidir: Türkiyə Prezidenti Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə gedəcək.

Bunu Azvision.az -a iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, olduqca strateji əhəmiyyət daşıyan səfər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə gətirib çıxaracaq:

"Strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarının da artmasına imkan yaradacaq. Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub".



Deputat xatırladıb ki, bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib:

"Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər".

V.Bayramov onu da nəzərə çatdırıb ki, Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edirlər:

"Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək".

Qeyd edək ki, Ərdoğan 15-16 iyunda Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərində ikitərəfli görüşlər baş tutacaq. Bu görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Azərbaycan   Türkiyə   Şuşa   Səfər  





Xəbər lenti