Dövlət Gömrük Komitəsi iddialara cavab verdi

Dövlət Gömrük Komitəsi iddialara cavab verdi
  02 İyun 2021    Oxunub:979
Dövlət Gömrük Komitəsi (DGK) bir neçə nəqliyyat vasitəsinin ölkəyə buraxılmaması ilə bağlı iddialara aydınlıq gətirib.
DGK-dan Azvision.az -a bildirilib ki, bu gün sosial şəbəkələrdə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə digər qonşu ölkələrə getmək istəyən bir neçə boş yük və yüngül minik nəqliyyat vasitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda saxlanılması və ölkəyə buraxılmamasına dair iddiaların yer aldığı videogörüntülər yayımlanıb.

Prokurorluq Gömrük Komitəsində əməliyyat keçirir
Rusiya-Azərbaycan sərhədindəki neytral ərazidə dayanan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən çəkilərək yayımlanan videogörüntülərdə nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən qanunsuz olaraq buraxılmadığı iddia olunur.

“Dövlət Gömrük Komitəsi bildirir ki, həmin nəqliyyat vasitələri gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyərkən həyata keçirilən pasport nəzarəti zamanı sürücülərin quru sərhədləri vasitəsilə ölkəyə gəlmək üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən quru sərhədindən yalnız bu qurum tərəfindən verilən icazə sənədi əsasında və ya qanunvericilikdə müəyyən olunan hallarda keçmək mümkündür. Araşdırma zamanı həmin nəqliyyat vasitələrinin iddia edildiyi üzrə beynəlxalq yükdaşımalarla məşğul olduqlarına dair müvafiq sənədlərə malik olmadığı da üzə çıxıb. Üstəlik, həmin şəxslərin nəqliyyat vasitələrini Azərbaycan Respublikasında rəsmiləşdirmək məqsədilə ölkəyə gətirdikləri müəyyən edilib ki, bu halda da dövlət sərhədini keçmək üçün rəsmi qurumların icazəsi tələb olunur. Bir daha bildiririk ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tətbiq edilən qaydalara əsasən gömrük sərhədini quru yolu ilə keçmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi icazə sənədinin sərhəddə fəaliyyət göstərən qurumlara təqdim olunması mütləqdir”, deyə komitənin yaydığı məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: DGK   Komitə   İddia  





Xəbər lenti