Balakəndə narkotik emal edilən laboratoriya aşkarlandı

Balakəndə narkotik emal edilən laboratoriya aşkarlandı
  31 May 2021    Oxunub:1312
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Tülü kənd sakini Elvin Abulovun fərdi yaşayış evinə baxış keçirilib. Nəticədə evin həyətyanı sahəsindən 35 ədəd xüsusi qulluq göstərilməklə yetişdirilən çətənə bitkiləri aşkar edilib. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə E.Abulovun əmisinə məxsus, ancaq onun nəzarətində olan yardımçı tikilinin zirzəmisində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş, istilikvermə cihazları, işıq sistemi və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriyanın olduğu müəyyən edilib.



Həmin laboratoriyadan, eləcə də yardımçı tikilidən və onun həyətyanı sahəsindən ümumilikdə 53 ədəd narkotik tərkibli bitkilər və kisələrdə 14 kiloqrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. E.Abulov şübhəli şəxs qismində tutularaq götürülmüş maddi sübutlarla birlikdə istintaqa təqdim olunub.Saxlanılan şəxs ifadəsində uzun müddət narkotik istifadəçisi olduğunu və çətənə kollarını mart ayında becərərək xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Azvision.az


Teqlər: Balakən   Narkotik  





Xəbər lenti