Putinin adamından seçki hədəsi – MEDİA DAYCEST

Putinin adamından seçki hədəsi – MEDİA DAYCEST
  11 Fevral 2013    Oxunub:2186
Rəsul Quliyev: “Yazar öz romanını erməni və ermənipərəst mənbələrə əsaslanaraq yazıb ki, bu da Əkrəm Əylisli kimi qələm əhlinə yaraşmayan haldır. Onun bundan sonra ata biləcəyi ən doğru addım Azərbaycan xalqından üzr istəmək ola bilərdi”.
Yeni Müsavat

Putinin adamından hakimiyyətə seçki hədəsi

“Azərbaycanda qarşıdakı prezident seçkiləri ilə bağlı proqnozlarınız necədir”, - sualına AzerRos-un keçmiş prezidenti Söyün Sadıqovun cavabı belə olub: “Seçkilər mürəkkəb olacaq”. Onun sözlərinə görə, Rusiya azərbaycanlıları Azərbaycanda o namizədi dəstəkləyəcək ki, proqramı Rusiya ilə sonrakı dostluq münasibətlərinin saxlanılmasına istiqamətlənsin. “Çünki bizim ölkələrimizin həyatı 200 ildir eyni dövlətdə birləşib. Rusiyanın Azərbaycan üçün beynəlxalq planda və iqtisadi planda nələr etdiyi barədə danışmamaq olmaz. Digər tərəfdən, bu da faktdır ki, hazırda Rusiya ərazisində 2,5 milyona yaxın azərbaycanlı yaşayır. Ona görə də hesab edirik ki, Rusiya və Azərbaycan həmişə strateji tərəfdaşlar olaraq qalmalıdır”. Putinin adamı Azərbaycanda seçkilərin mümkün nəticələrinin necə ola biləcəyinə dair suala bir daha belə cavab verib ki, seçkilərin mürəkkəb olacağı dəqiq məlumdur. S.Sadıqovun sözlərinə görə, bunu şərtləndirən bir neçə amil var.

Ziyalılar Forumunun Əkrəm Əylislinin romanından əvvəlcədən xəbəri olub

Ziyalılar Forumunun Koordinasiya Şurasının Əkrəm Əylislinin “Daş yuxular” romanından əvvəlcədən xəbəri olub. Bizi bu barədə məlumalandıran mənbənin iddiasına görə, bu romanın da yer aldığı “Möhtəşəm tıxac” aldığı trilogiya hələ iki il əvvəl Bakıdakı nəşriyyatlardan birində az tirajla kitab halında dərc olunub və müəllif tərəfindən məhdud sayda seçilmiş oxuculara paylanıb.
Rəy üçün kitab verilən insanların böyük əksəriyyəti Ziyalılar Forumunun üzvləri olublar. Əsər, Ziyalılar Forumu formatında hətta müzakirəyə də çıxarılıb. Müzakirələr zamanı kitab bəyənilib. Ə. Əylislinin bu hərəkəti özü ilə bərabər Ziyalılar Forumunun da az qala mifləşmiş nüfuzuna ciddi zərbə vurub. Öz fəal üzvünü qınamağa da, aktiv müdafiə etməyə də çətinlik çəkən Forum, nəticədə ictimai rəydə zədə alıb.


Hafiz Hacıyev Əkrəm Əylislinin qanı üçün pul mükafatı təyin etdi

Hafiz Hacıyevin rəhbərlik etdiyi partiyanın İdarə Heyəti və Gənclər Təşkilatı növbədənkənar toplantı keçirərək yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi barədə qərar verib. Yazıçının qulağının kəsilməsi qərarının icrası partiyanın gənc üzvlərinə tapşırılıb. Partiya sədri Hafiz Hacıyev qəzetə müsahibəsində belə bir qərarın qəbul edildiyini təsdiqləyib. Ekspertlər isə belə bir qərarın verilməsinin həm siyasi, həm də hüquqi baxımdan böyük yanlışlıq, qanun pozuntusu olduğunu bəyan edirlər. Belə ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamal bu barədə danışarkən öncə məsələnin siyasi baxımdan yanlış qərar olduğunu əsaslandırdı. Hansısa şəxs hətta qatı cinayətkar olsa belə, onunla bağlı qanunlara uyğun tədbir görülməlidir, qulağını kəsmək kimi cəza tədbiri həyata keçirilməməlidir. Şəxsin qulağını kəsmək barədə qərar verən və hətta mükafat təyin edən partiya həm çox pis presedent yaratmış olur. Ona görə də həmin partiyanın bağlanması haqqında məsələ qaldırılmalıdır. Çünki bu partiya dinc mübarizə yolundan imtina edib zorakılığı təbliğ edən qərar verib. Azərbaycan Konstitusiyasının açıq-aşkar pozulduğu ortadadır.


Alman siyasətçi erməniləri ittiham etdi

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyaları fraksiyasından deputatı, Müdafiə komitəsinin üzvü Florian Han Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı Xocalı aeroportunu işə salmaq planlarına münasibət bildirib: “İşğal beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. Yalnız işğala son qoymaqla iki ölkə arasında sülhə nail olmaq olar. Sülh prosesinə mane olmaq üçün edilən bütün təxribatlardan qaçmaq lazımdır. Lakin Xocalı aeroportunun yenidən açılışı və ya buna istiqamətlənmiş cəhdlər əks effekt yaradacaq. Bütün şərtlərə görə Azərbaycanın hava məkanının bütövlüyü təmin edilməlidir”.

Cahangir Hacıyevə qarşı şok korrupsiya ittihamı

Beynəlxalq Bankın rəhbərinin başı dərddə. Bankir “Bakı Quşçuluq” ASC-ni qanunsuz yolla ələ keçirməkdə suçlanır. Müəssisənin 58 milyon manatlıq əmlakı mənimsənilib. Haqqı tapdanan səhmdarlar Baş Prokurorluğa, digər dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıblar...

Gündəm Xəbər

Rüstəm İbrahimbəyovla görüşməmişəm, Elşad Abdullayevlə isə telefonla danışıram

- Rəsul müəllim, Əkrəm Əylislinin “Daş yuxular” romanına ictimai qınağı necə qiymətləndirsiniz?
- Yazar öz romanını erməni və ermənipərəst mənbələrə əsaslanaraq yazıb ki, bu da Əkrəm Əylisli kimi qələm əhlinə yaraşmayan haldır. Onun bundan sonra ata biləcəyi ən doğru addım Azərbaycan xalqından üzr istəmək ola bilərdi. O həmçinin Rüstəm İbrahimbəyovla görüşmədiyini, lakin Elşad Abdullayevlə telefonla hərdən danışdığını bildirir.

Taleh Heydərovu Belçikada oğurlamaq istəyiblər

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovla bağlı şok xəbər var. Bu barədə Hollandiyada yaşayan “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadə məlumat verib. Onun sözlərinə görə, bir neçə il əvvəl T.Heydərovu Avropada oğurlamaq istəyiblər. E.Mustafazadə hadisənin təfərrüatını belə nəql edir. “Təxminən 2-3 il əvvəl Taleh Heydərovun Belçikada oğurlanması üçün böyük əməliyyat qurulmuşdu. Bir söhbət əsnasında mən bu barədə məlumat aldım və məsələyə müdaxilə etdim. Burdakı alban və İraq mafiyası bəzi ”azərbaycanlılar"ın “tuşutma”sı ilə Taleh Heydərovu oğurlayaraq külli-miqdarda pul tələb etməliydilər". E.Mustafazadənin sözlərinə görə, o, bu məlumatı Azərbaycanın Belçikadakı səfirliyində çalışan bir nəfərə ötürüb. Bundan sonra Taleh Heydərovun təhlükəsizliyi çox yüksək səviyyədə təmin olunub və onun oğurlanması əməliyyatı baş tutmayıb.


Teqlər:  





Xəbər lenti