Deputatdan toylarla bağlı təklif: “Yeni standartlarla bərpa edilsin”
Deputat bildirib ki, idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədə uyğun olardı. O, eyni zamanda toy məclislərinin bərpa olunmasını təklif edib.
"Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılıma gedilmir. Daha yaxşı olardı, bəlli standartlar ilə bu sahədə aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81,5 min vətəndaş çalışır. Ümumilikdə, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan vacib hesab olunur".
V.Bayramovun sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir.
"Ona görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".
Azvision.az
Teqlər: Deputat Vüqar-Bayramov