Hansı nazirlərin elmi dərəcəsi var? - DOSYE

Hansı nazirlərin elmi dərəcəsi var? - DOSYE
  17 Fevral 2014    Oxunub:3038
Əvvəllər alim, professor, elmlər namizədi olmaq üçün peyğəmbərimizin dediyi kimi lap dünyanın o başına gedirdilər. İndi isə elmi dərəcə almaq üçün dağ- dərə aşıb, dənizlər keçməyə ehtiyac qalmayıb. Alim olmaq hər bir ali təhsilli üçün əlçatan olub. Hətta yüksək vəzifə sahibləri öz imiclərinə daha da prestij qatmaq üçün elmi dərəcəyə sahib olmağa çalışırlar.

Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlar əksəriyyəti isə təbii ki, buna nail olur. Yüksək vəzifə sahibləri ilə bağlı məlumatların hər zaman ictimai kəsimin marağını cəlb etdiyini nəzərə alıb nazirlər arasında alimlik dərəcələrinə sahib olanları araşdırdıq.

Maraqlıdır, kim hansı elmi dərəcə daşıyır?

Azərbaycan Tibb İnstitutunu bitirən səhiyyə naziri Oqtay Şirəliyev namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib. O.Şirəliyev professor, tibb elmləri doktorudur.

Ölkənin xarici siyasətini aparan Elmar Məmmədyarov 1977-1982 Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. Xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasının tarix elmləri namizədidir.

Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib. Nazir təhsilin magistr dərəcəsi ilə kifayətlənib.

Təhsil Naziri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsində təhsil alıb. O, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Həmkarlarından fərqli olaraq onun heç bir elmi dərəcəsi yoxdur.

Nəqliyyat naziri Ziya Məmmədov da ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirən Ziya Məmmədov Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür.

Elmi dərəcəsi olan məmurlar sırasında yer alan daha bir nazirimiz isə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovdur. O, 1981-ci ildə mikroelektronika sahəsində disertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb. 1993-cü ildə “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə disertasiya müdafiə edib və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Nazir 1996-cı ildə İnformatika sahəsində professor elmi adını alıb.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də elmi titullu nazirlərdəndir. O, 1992-ci ilin yanvar ayında “1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.

Energetika naziri Natiq Əliyevin də alimlik dərəcəsi var.
1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış Natiq Əliyev 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir. O, böyük elmi işçi vəzifəsində işləyib. N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub, o, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. Nazir 2008-ci ildən iqtisad elmlər doktorudur. N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akdemiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvi seçilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə N.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov da alimlik dərəcəsinə malik olan məmurlar sırasındadır. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseynqulu müəllim 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

Hazırda Kənd Təssərrüfatı naziri olan Heydər Əsədov 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

Fövqalədə Hallar naziri Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilib. Onun elmi dərəcəsi isə yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub.

2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.

İqtisadiyyat və Sənayə naziri Şahin Mustafayev 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitutunun Bakı filialını bitirib.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.

2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub. 2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib. Hazırda İqtisadiyyat və Sənayə naziridir. Vikipediyada onun hər hansı elmi dərəcəyə malik olması göstərilməyib.

Vergilər naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.

2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr naziri tәyin edilib. Nazirin tərcümeyi-halında onun elmi dərəcəsinin olmadığı göstərilir.

Müdafiə Sənayesi naziri Yavər Camalov1967–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Onunda elmi dərəcəsi yoxdur.

Ədliyyə naziri Fikrət Məmmədov I dərəcəli Dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı - İcraiyyə Komitəsinin üzvüdür. O, həmçinin, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvüdür. 2006-cı ilin oktyabr ayında Beynəlxalq Antikorrupsiya Təşkilatının vitse-prezidenti seçilib.

Xarici nəşrlərdə bir sıra dərcləri var, ingilis dilində sərbəst danışır.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti