“Makron Paşinyan səviyyəsində olduğunu sübut etdi” - Politoloq

 “Makron Paşinyan səviyyəsində olduğunu sübut etdi” -  Politoloq
  27 Dekabr 2020    Oxunub:2724
Ermənistanın “Hraparak” nəşri Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyi ilə bağlı növbəti və maraqlı bir faktı aşkara çıxarıb. Məlum olub ki, İrəvanın kapitulyasiyaya məcbur olmasından bir neçə gün sonra Fransa prezidenti erməni icmasının nümayəndələri ilə naharda iştirak edib.
Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə Nikolla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan başqa, Makronu təəccübləndirən məqam bu olub ki, Paşinyan nə noyabrın 10-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb, ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.

Buradan açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib.



Məsələni Azvision.az –a şərh edən politoloq Sahil İskəndərov deyib ki, Fransa prezidenti erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altında olduğunu bir daha göstərmiş oldu. O, dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış etməklə onsuz da azalmış nüfuzunu yerə atdı:

“Belə məşhur kəlam var ki, “gizlin görülən hər bir işi tarix nə vaxtsa faş edir”. Maraqlıdır ki, ermənipərəst mövqeyini heç vaxt gizlətməyən Fransa prezidenti özü öz iç üzünü, ikiüzlülüyünü erməni diaspor və lobbisindən nə qədər asılı olduğunu faş edib göstərdi. Bir sözlə, Makron bu naharda həmsədr ölkənin rəhbəri postuna layiq olmadığını nümayiş etdirib, həm də özünü ifşa edib. Onsuz da Fransa parlamentinin məlum anti-Azərbaycan xarakterli qərarı və bundan əvvəl də müharibə zamanı az qala hər həftə bizə qarşı bir sıra qərəzli yanaşma göstərib açıqlamalar verməsi Makronun və ölkəsinin siyasi elitasının əsl simasını açıb göstərirdi”.



Politoloqun fikrincə,“Hraparak”ın aşkara çıxardığı qalmaqallı naharda əsas diqqətçəkən məqam odur ki, Makron Ermənistanın daxili məsələlərini Fransada yaşayan ermənilərlə müzakirə edir. O bir növ erməni icmasına yarındığını nümayiş etdirməyə çalışıb. Bunun özü bir daha onu göstərir ki, Ermənistanda daxili vəziyyəti, ölkədə baş verən ciddi siyasi hadisələri heç vaxt bu ölkənin hakimiyyəti yox, daha çox erməni diasporu və İrəvanın xarici havadarları müəyyənləşdiriblər:

“Kapitulyasiya sənədinin imzalanmasından sonra baş vermiş görüşdə ilk nəzərə çarpan məqam bu oldu. Onun Paşinyana SMS göndərib cavab gözləməsini deməsi isə anormal haldır. Doğrudur, Makron deyib ki, Nikol ona dərhal cavab verirdi. Amma görünən odur ki, Ermənistan baş naziri hansısa ciddi məsələlərdə bu SMS-lərdəki təkliflərə rədd cavabları verib. Makron onu da əlavə edib ki, Paşinyan müharibə vaxtı ona dərhal cavab versə də, heç vaxt özü Fransa prezidentindən kömək istəməyib, biabırçı sənədə qol çəkəcəyini belə xəbərdar etməyib. Demək, əslində Makron bununla bir daha göstərmək istəyib ki, Qərb, ilk növbədə Fransa və ABŞ artıq regiondakı situasiyanın əllərindən, nəzarətlərindən çıxdığını görüblər. Onlar başa düşürdülər ki, burada artıq əsas moderator kimi Rusiya çıxış etməyə başlayıb. Görünür, elə birbaşa Paşinyana ünvanlanana həmin SMS və zənglərin əsas mahiyyəti bundan ibarət olub ki, “sən bizə müraciət ünvanla, biz də məsələlərə başqa cürə don geyindirib, vəziyyəti fərqli məcraya yönəldək”. Düşünürəm ki, əslində Makronun əl atdığı bu avantüranın əsas qayəsi bundan ibarət olub. Makronun ermənipərəst mövqeyi, erməni sevdası bu istəkdən və məqsəddən yaranmışdı”.

Sahil İskəndərov hesab edir ki, Paşinyanın Fransa və ya başqa Qərb dövlətinə aşkar kömək çağırışı edə bilməməsinin səbəbini Makron gözəl anlayır. Çünki Rusiya Ermənistanda “dəmir pəncə”sini aşkar şəkildə işə salmışdı və artıq Paşinyan, ümumilikdə onun ölkəsi regionda gedən geosiyasi proseslərin girovuna çevrilmişdi:

“Nikol istəsə belə bu çətin vəziyyətdən Qərbin aşkar yardımları ilə çıxa bilməzdi. Bir şeyi də yaddan çıxarmayaq ki, Qərb nə qədər Ermənistanda təsir gücünə malik olsa da, SOROS layihələri ayaq açıb yerisə də, oradakı rus hərbi bazası və sərhədə Rusiya qoşunlarının nəzarət etməsi kimi ciddi amillər birmənalı şəkildə proseslərdə həlledici rol oynayacaq. Nikol istəsə də, Makron lap gündə min SMS göndərsə belə, heç vaxt Ermənistan rus qarmağından çıxa bilməyəcək. Çünki Moskva bu ölkəni müəyyən təsirlərlə güclü nəzarətdə saxlamağa çalışır. İkinci bir tərəfdən, Makronun məhz 10 noyabrdan sonra Fransadakı erməni icması ilə nahar təşkil edib, sırf bu kimi siyasi məsələləri müzakirəyə çıxarması onu göstərdi ki, əslində yenə Qərb tarixi ənənəsinə sadiq qalaraq bütün məsələləri Ermənistandakı real hakimiyyətlə yox, məhz erməni diasporları ilə müzakirə edir. Onlar bundan sonra da xaricdə olan ermənilərin, diaspor təşkilatların əli ilə İrəvandakı hadisələrə müdaxilə etməyə çalışacaqlarını nümayiş etdirirlər”.



Politoloq onu da vurğulayıb ki, Makron “erməni naharı” ilə həm də özünün nüfuzunun nə dərəcədə aşağı olmasını göstərib. Əgər Paşinyan kimi “siyasətçi” Fransa prezidentini adam yerinə qoyub müraciət etməyibsə, kapitulyasiyadan sonrakı dönəmi müzakirəyə çıxarmayıbsa, demək Makron heç bir perspektiv vəd etmir:

“Əgər Nikol istənilən halda Makronu səviyyəli, işə yarayan siyasətçi saysaydı, hər gün onunla əlaqədə qalardı. Necə olur ki, Paşinyan dəfələrlə Putinə zəng edib, ona müəyyən müraciətlər edirdi, amma Makronun SMS-lərinə tələsik cavab verərək başından edirmiş? Üstəgəl, heç öz təşəbbüsü ilə Makrona zəng edib yalvarmırmış da. Bu, bir daha onu göstərir ki, Paşinyan özü nə qədər zəif bir fiqur olsa da, Makron ondan da aşağı səviyyəli siyasətçi imiş. Bir daha qeyd edirəm ki, Fransanın ermənipərəst prezidenti əslində bu məsələləri açıb danışması ilə özü-özünü tamamilə nüfuzdan salmış oldu. Əgər Fransa istəyirdisə ki, Qarabağdakı məlum hadisələrə hansısa yolla müdaxilə etsin, prosesə öz töhfəsini versin, zəhmət çəkərdi anti-türk, anti-Azərbaycan mövqeyi ilə yox, obyektivliyi ilə görünərdi. Ən azı Vətən müharibəsi vaxtı belə obyektivliyi göstərmək olardı. Sən həmsədr ölkənin prezidentisən, amma aşkar tərəf saxladığını açıqlamalarınla göstərməyə çalışırsan. Qərəzli, birtərəfli mövqe sərgiləməklə və Sarkozinin “Fransa ilə Ermənistan bacıdırlar” prinsipini qorumaqla özünün nüfuzunu aşağı salmış olursan. Qısası, Makron Fransanı güclü bir dövlət kimi identivləşdirmədi, Ermənistanla tay və özünün də Paşinyan səviyyəsində olduğunu sübut etdi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Makron   Ermənipərəst   Paşinyan   Erməni-diasporu  





Xəbər lenti