İnnovasiya həftəsinin ilk tədbiri keçirildi

İnnovasiya həftəsinin ilk tədbiri keçirildi
  14 Dekabr 2020    Oxunub:2063
“InnoWeek – İnnovasiya həftəsi 2020”yə “I2B – İdeyadan Biznesə” layihəsinə dair tədbirlə start verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onlayn tədbirdə 2018-ci ildən həyata keçirilən layihə barədə ətraflı məlumat verilib. Ötən müddətdə ölkəmizdə startap ekosisteminin formalaşdırılması istiqamətində əldə olunmuş uğurlar barədə danışılıb. Bildirilib ki, bu unikal platformanı təşkil etməklə Nazirlik bölgələri də əhatə etməklə ölkədə startap hərəkatının genişlənməsinə və gənclərin öz ideyalarını asanlıqla təqdim etməsinə imkan yaradıb.

Həmçinin qeyd olunub ki, COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə “I2B – İdeyadan Biznesə” layihəsinin keçirilməsi təxirə salındığından regiondakı gənclərlə əlaqə qurmağa, davamlılıq və layihəyə maraq göstərən daha geniş auditoriyanın toplanmasına şərait yaratmaq məqsədilə “I2B – İdeyadan Biznesə” mobil tətbiqi hazırlanıb. Bu mobil tətbiq iştirakçıların kommunikasiya rahatlığı, komandaların iş prosesi, mentorlarla əlaqə və başqa bir çox funksionallığı özündə birləşdirməklə layihənin onlayn formada davam etdirilməsinə imkan verir.

Tədbirdə “I2B – İdeyadan Biznesə” İctimai Birliyinin təsis olunduğu diqqətə çatdırılıb. Bununla da layihənin regionlar üzrə “I2B Səfirlər” proqramının başlayacağı qeyd olunub.

Qeyd edək ki, növbəti ildən layihənin gənclər üçün faydalı olacaq “YouTube” kanalı istifadəyə veriləcək.

Tədbirin gedişində bu layihənin iştirakçıları olmuş bəzi komandaların üzvləri də fikirlərini bölüşüblər. Layihə məzunları “I2B – İdeyadan Biznesə” startap hərəkatında iştirakın onlar üçün çox səmərəli olduğunu, geniş perspektivlər açdığını söyləyiblər.

Məlumat üçün bildirək ki, 15 dekabr tarixində saat 18:00-da tədbirin ikinci hissəsi baş tutacaq.

Xatırladaq ki, “I2B – İdeyadan Biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC və “Microsoft” şirkətlərinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Azvision.az


Teqlər: İnnovasiya   Həftə   Tədbir  





Xəbər lenti