Bu il 10 minə yaxın ev qazlaşdırılıb

Bu il 10 minə yaxın ev qazlaşdırılıb
  14 Dekabr 2020    Oxunub:1849
Başa vurmaqda olduğumuz 2020-ci ildə “Azəriqaz” İstehsalat Birliyi həm Bakı şəhəri və ətraf ərazilərdə, həm də regionlarda qaz çəkilişləri, eləcə də qaz xətlərinin tikinti-təmir prosesinə dair qarşıya qoyulan bir çox işlərin icrasını təmin edə bilib. Məhz bunun nəticəsidir ki, ötən illərlə müqayisədə qaz təchizatına dair dayandırmalar və qaz təminatında təzyiqlə bağlı çətinliklərin əksəriyyəti demək olar ki, həllini tapıb.
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, 2020-ci il üzrə qazlaşdırılması nəzərdə tutulan 43 yaşayış məntəqəsi və 43 yaşayış massivindən artıq 26 yaşayış məntəqəsində 2 884 fərdi yaşayış evi, 34 yaşayış massivində 6 680 fərdi yaşayış evi təbii qazla təmin edilib. 14 yaşayış məntəqəsi və 5 yaşayış massivində isə işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 3 yaşayış məntəqəsi və 4 yaşayış massivində isə qazlaşdırma işləri davam etdirilir.

Bundan başqa 2020-ci ilin 11 ayı ərzində 1 360,8 kilometr uzunluğunda yeni qaz xətti çəkilib. 553,6 kilometr uzunluğunda qaz xətti təmir edilib. O cümlədən Regional qaz istismarı İdarələrinin imkanları hesabına təmir edilən qaz xətlərinin uzunluğu 321,3 kilometr təşkil edir.

Görülən işlər çərçivəsində aşkarlanan qeyri-qanuni qaz çəkilişləri ilə bağlı da mühüm addımlar atılır. Birlik həm vətəndaşlardan, həm də sosial şəbəkə istifadəçilərindən daxil olan müraciətlərə həssaslıqla yanaşır və təcili tədbirlər görür. Məsələn, bu günlərdə Sabunçu rayonu Balaxanı qəsəbəsi yeni sahə adlanan ərazidə 7 sayğacın çıxış borusunun qeyri-standart borularla çəkildiyi üzə çıxıb. Neft şirkətinə məxsus ərazilərdə vaxtilə qanunsuz olaraq tikilmiş bu evlərin sakinləri tərəfindən qazdan pərakəndə və nöqsanlara yol verilərək istifadə edilib. Belə hallarda vətəndaşa məkirli işlərlə məşğul olan və Birliyin daim qınağına tuş gələn dələduz podratçılar da şərait yaradıb. Əksər hallarda bu insanlar üçün quraşdırılan sayğacların da başqa ərazilərdən oğurlandığı üzə çıxır. Lakin bu yerlərdə fərdi yaşayış evlərinin çoxdan tikilməsini, yaşayış olan həmin evlərə təhlükəsizlik tələblərinə cavab verməyən kustar üsulla pərakəndə qaydada qaz xətlərinin çəkilməsini nəzərə alaraq, xüsusilə də payız-qış mövsümündə və sərtləşdirilmiş karantin rejimində vətəndaşların qazsız qalmamasını əsas götürərək, “Azəriqaz” İstehsalat Birliyi istisna hal kimi qeyd olunan obyektlərdə mövcud xətləri texniki təhlükəsizlik standartına uyğun yeni qaz xətləri ilə əvəzlənməsini öz vəsaiti hesabına həyata keçirir. Sayğaclar da hər biri fərdi yaşayış evinin yaxınlığında quraşdırılır.

Bundan başqa Binəqədi rayonu, DSK yolu adlanan ərazidəki yaşayış massivində də 25 sayğacın çıxış borusunun dəmir boru ilə deyil, qeyri-standart plastik və rezin borularla çəkilməsi halları aşkarlanıb. Dərhal sözügedən nöqsanları aradan qaldırmaq üçün “Azəriqaz” İB-nin əməkdaşları həmin ərazidə işlərə başlayıblar. Qeyri-standart üsulla çəkilən qaz xətləri ləğv edilib. Əvəzində diametri 57 və 76 mm olan borularla 400 metr uzunluğunda vahid qaz xətti çəkilib.

Xatırlatmaq yerinə düşər ki, qaz çəkilişinin pərakəndə, torpaq üzəri ilə və qeyri-standart polietilen borularla çəkilməsi qaz təsərrüfatında təhlükəsizlik qaydalarına ziddir və ətrafda yaşayan sakinlər üçün də ciddi təhlükə yaradır.

Beləliklə, “Azəriqaz” İstehsalat Birliyi il ərzində təkcə tədbirlər proqramını icra etmir, eyni zamanda qaz təsərrüfatında üzə çıxan pərakəndə qaz çəkilişləri, qanunsuz hərəkətlərlə də mübarizəsini aparır. Bir daha bu cür hallara yol verən vətəndaşlara qazdan istifadə qaydalarına riayət etmələri, qaz boruları və avadanlıqlarında dəyişiklik etməzdən öncə “Azəriqaz” İB-yə müraciət etmələri tövsiyə olunur.

Onu da qeyd edək ki, SOCAR-ın daimi istifadəsində olan, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişlərinə əsasən neft-qaz əməliyyatları aparılan torpaq sahələrində inşa edilən özbaşına tikililərin qazlaşdırılması qadağandır. Bununla belə, istisna hal kimi mədən ərazilərində yerləşən bir sıra obyektlər üzrə qəzalı vəziyyətə düşmüş qaz xətlərində, qaz qurğularında təmir və köhnə sayğacların yeni sayğaclarla əvəz edilməsi işlərinin aparılmasına yol verilir.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti