Bakıda 5460 valideyn distant təhsili seçib

 Bakıda 5460 valideyn distant təhsili seçib
  01 Oktyabr 2020    Oxunub:1937
Övladlarını məktəbə göndərməyə tərəddüd edən valideynlər məktəbə yaxınlaşaraq xüsusi iltizam forması imzalayıblar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə xüsusi iltizam forması imzalayaraq övladı üçün distant təhsil formasını seçən valideynlərin sayı 5460 nəfərdir.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, keçən həftə ilə müqayisədə xüsusi iltizam formasını imzalayaraq övladının distant təhsil almasına üstünlük verən valideynlərin sayında nəzərəçarpacaq artım müşahidə edilməyib:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunub.

Yeni tədris ilindən etibarən I-IV siniflər üzrə əyani və distant (məsafədən) formada keçirilən dərslərə şagirdlərin davamiyyəti qənaətbəxşdir. V-XI sinif şagirdləri isə tədrisə distant formada başlayıb.

Onu da qeyd edək ki, valideyn İltizam formasını imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına təminat verilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti