PFL Premyer Liqanın Əsasnaməsinə əlavələri açıqladı

   PFL Premyer Liqanın Əsasnaməsinə əlavələri açıqladı
  18 Avqust 2020    Oxunub:3804
COVID-19 pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyəti nəzərə alan Peşəkar Futbol Liqası 2020/21 mövsümünün Əsasnaməsinə Əlavələri açıqlayıb.
Azvision.az xəbər verir ki, Əsasnamə avqustun 15-də qurumun prezidenti Ramin Musayev tərəfindən təsdiqlənib.

Ümumi müddəalar

Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Divizion oyunlarında reallaşdırılacaq qaydalar.

1. Stadionda, bazada, informasiya lövhəsində Koronavirus pandemiyasından qorunmağın yolları haqqında məlumatlar öz əksini tapmalıdır.

2. Oyunun keçirildiyi stadiona sərbəst giriş-çıxış matçın startından 3 saat əvvəl bağlanmalıdır.

3. Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılmalıdır. Hərarəti 37.5 dərəcədən yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər, əks təqdirdə həmin şəxslərin girişinə icazə verilməməlidir. Bütün bunlara nəzarət etmək üçün stadiona giriş bir yerdən olacaq. Məlum pandemiyanın əlamətləri aşkarlanan şəxs izolyasiya edilməlidir.

4. Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından 3 saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır. İclasda iştirak edən şəxslər mütləq şəkildə sosial məsafəyə riayət etməlidirlər. AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda hər kəs tibbi maskadan istifadə etməlidir.

İclasda iştirak etməli olan səlahiyyətli şəxslərin siyahısı:

I. AFFA nümayəndəsi
II. Meydan sahibi komandanın nümayəndəsi
III. Qonaq komandanın nümayəndəsi
IV. Nəzarət Buraxılış xidmətinin nümayəndəsi
V. Stadion nümayəndəsi
VI. Polis əməkdaşı
VII. Təcili Tibbi Yardım nümayəndəsi
VIII. FHN (yanğınsöndürən) nümayəndəsi

Xüsusi qeyd: Nümayəndə iclasın gedişində mütləq şəkildə COVID-19-la bağlı danışmalı və təlimata uyğun fikirlərini bildirməlidir.

5. İclasdan sonra bütün otaqların dezinfeksiya edilməsinə nümayəndə tərəfindən nəzarət edilməlidir.

6. Futbolçular oyuna üzərlərində PFL tərəfindən verilmiş xüsusi “A buraxılışı” ilə gəlməlidirlər. Üzərində “A buraxılışı” olmayan şəxs stadion, baza ərazisinə daxil ola bilməz. Bu, polis və yerli komandanın Nəzarət Buraxılış xidməti tərəfindən tənzimlənir. Şəkilli "A buraxılışı"na malik şəxslər stadionda zonalar üzrə bölünəcək və hər kəsin mənsub olduğu zona Buraxılış vəsiqəsinin üzərində öz əksini tapacaq.

7. Komandaların stadion gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.

8. Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona gələ bilməz.

9. Stadionda, bazada, istifadə olunan bütün otaqlarda, “sky-box”ların ümumi girişində, eləcə də sanitar qovşaqlarda dezinfeksiya aparatları olmalıdır.

10. Oyunlara yalnız Peşəkar Futbol Liqası tərəfindən qeydiyyatdan keçmiş, oyunun təşkili və qiymətləndirilməsinə cavabdeh olan şəxslər gələ bilər. Müvafiq departamentlər bununla bağlı əməkdaşlarına məlumat versinlər.

11. Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub-geyinmə otağının önündə gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda(ən azı 7 oyunçu) oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. Komandaların yoxlanılması və meydana daxil olması sırası:
I. meydan sahibi komanda
II. qonaq komanda.

12. Oyunlarda azarkeşlərin iştirakına icazə verilmir. Amma onlara məxsus bannerlər klub nümayəndəsi tərəfindən tribunaya yerləşdirilə bilər. Azarkeşlərin içəri daxil olmasının qarşısını polis və yerli klub almalıdır.


13. Oyunun start fitindən öncə
- heyətlər, eləcə də oyunun gedişində informasiya xarakterli bütün məlumatlar diktor tərəfindən elan edilir;
- salamlaşma ləğv olunur;
- vımpel dəyişmək ləğv olunur;
- kollektiv şəkil çəkdirmək ləğv olunur;
- hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunur.

14. Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.


15. Oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur.


16. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.

17. Oyundan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.

18. Komanda üzvlərinin, həmçinin, hakimlərin görüşün başlanmasına 48 saat qalmış PHŞ-da «COVID-19» (PZR) üsulu ilə testlər keçirilməlidir.

Komanda həkimi oyundan 90 dəqiqə əvvəl komanda heyətinin siyahısını oyunun nümayəndəsinə təqdim etməlidir. Məsələ AFFA və PFL tərəfindən nəzarətdə saxlanılacaq.

Texniki zona qaydaları ilə bağlı təlimatlar

1. Texniki zonada yer alan şəxslərin sayında dəyişiklik yoxdur
- 7 rəsmi şəxs
- 12 oyunçu
Komandalar üçün nəzərdə tutulan əlavə yerlərin sayı ehtiyac olduğu qədər artırılır. Həm texniki zonada, həm də əlavə yerlərdə oturan şəxslər ölkəmizdə ictimai nəqliyyat, metroda tətbiq olunan 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etməlidirlər, bununla bağlı oturacaqlar üzərində bildirişlər vurulmalıdır. Bu cür oturacaqlar komandanın texniki zonasından künc bayrağı istiqamətində düzülməlidir. Sosial məsafənin cərgələr üzrə qoruna bildiyi stadionlarda (misal üçün Tofiq Bəhramov adına Respublika Stadionu) oturacaqların iki cərgədə düzülməsinə icazə verilir. Bundan əlavə əgər tribunalardan meydançaya birbaşa giriş varsa, o zaman oyunçular tribunalardan da istifadə edə bilərlər. Maskadan istifadə və sosial məsafəni qorumaq mütləqdir.

2. Həm texniki zonada, həm də oyunun gedişində hər kəsə ancaq özünə məxsus su qabından istifadə etmələri tövsiyə olunur.

3. Texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunlarında penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilmir.

4. Əvəzetmələr zamanı dəstək salamlaşmasından çəkinmək lazımdır.


Media

1. Yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər.

2. Media mənsublarına PFL tərəfindən verilən vəsiqə mütləq şəkildə şəxsin üzərində görünən səviyyədə asılmalıdır.

3. Oyunun ilkin protokolu yalnız diktor və şərhçiyə veriləcək. Jurnalistlər ilkin protokolu Peşəkar Futbol Liqasının rəsmi saytından və ya “Facebook” səhifəsindən əldə edə bilərlər.

4. Media sektorunda jurnalistlər sosial məsafəni qorumaq prinsipinə əməl etməlidirlər. Stadionun media sektoruna “sosial məsafəni qoru” bildirişləri meydan sahibi komanda tərəfindən vurulmalıdır.

5. Oyun zamanı media otağı bağlı olacaq. Mətbuat nümayəndələri su ilə meydan sahibi komanda tərəfindən media sektorda təmin olunacaq.

6. Fotoqraflar və media zonada oturan şəxslər tibbi maskada olmalıdırlar.

7. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının yayım hüququna malik “CBC Sport” telekanalından matçlara akkreditasiyadan keçmiş bütün şəxslər deyil, sadəcə oyunun yayımına cavabdeh olan texniki və yaradıcı heyət cəlb oluna bilər. Bununla bağlı telekanal rəhbərliyinə əməkdaşlarla maarifləndirici söhbətlər aparması tövsiyə olunur.

8. Oyundan sonra mix-zonalar təşkil olunmayacaq. Yayımçı telekanal fləş-müsahibələr götürə bilər ki, bunun üçün xüsusi mikrofonlardan istifadə olunmalıdır və şəxslər arasında sosial məsafə qorunmalıdır. Fləş-müsahibələr açıq havada götürülməlidir.

9. Oyundan sonra mətbuat konfransının təşkili qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır. Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır. Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər. Mətbuat konfransının gedişində qeyd olunan məqamlara riayət olunmasına konfransda iştirak edən komandanın mətbuat xidmətinin əməkdaşı nəzarət etməlidir.


“A buraxılışı”ndan istifadə qaydaları

1. Mövsümün startından əvvəl klubların əsas və əvəzedici heyətinin üzvlərinə, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin əməkdaşlarına, yayımçı şirkətə “A buraxılışı” vəsiqələri verilib. Məlum “A buraxılışı” vəsiqəsindən istifadə mümkün qədər azaldılmalıdır. Qeydiyyatdan keçmiş şəxslərdən yalnız oyunun təşkilinə, keçirilməsinə, qiymətləndirilməsinə cavabdeh şəxslər stadiona gələ bilər. “A buraxılışı”ndan istifadə edən qurumlar bununla bağlı əməkdaşlarını məlumatlandırmalıdırlar.

2. Oyunun gedişində “A buraxılışı”ndan istifadə qaydaları eyni qalır. Komandanın futbolçu heyəti istisna olmaqla digər şəxslər onlara təqdim edilmiş mövsümlük vəsiqəni üzərlərində görünən səviyyədə daşımalıdırlar.

3. Pandemiya dönəmində klublara "Qonaq" buraxılış vəsiqəsi verilmir. Klublara verilmiş ötənilki “Qonaq” buraxılış vəsiqəsi qüvvəsini itirir. Bu addım oyunlara birbaşa cavabdeh olmayan şəxslərin gəlişinin qarşısı alınmaq üçün atılır. Əgər ötənilki "Qonaq" buraxılışından istifadə halları aşkarlanarsa, klub İntizam Məcəlləsinə uyğun olaraq cərimələnəcək.

4. Stadiona maşınla gələcək şəxsdə şəkilli “A buraxılışı” vəsiqəsi olmayacağı təqdirdə stadiona buraxılmayacaq.

5. Məsələdən irəli gələn məqamların tənzimlənməsində yerli klub polislə birgə fəaliyyət göstərməlidir.

6. Stadion ərazisində, bazada fəaliyyət göstərən hər bir kəs şəkilli “A buraxılışı”nı taxmalıdır.

“SKY-Box”lardan istifadə

1. Stadionun istifadə olunan qapalı məkanı olan “Sky-box”lardan istifadəyə icazə verilir. Sosial məsafə qorunmalı və hər kəs tibbi maskada olmalıdır. Stadiondan istifadə ilə bağlı klublara əlavə göstərişlər veriləcək.

2. “Sky-box”da su, çay istisna olmaqla paketlənməmiş şəkildə təqdim olunan digər qəlyanaltıların servisi qadağan olunur.

3. “Sky-box”ların ümumi girişinə dezinfeksiya aparatı yerləşdirilməlidir.


2020/2021-ci illər mövsümünün Əsasnaməsinin 9-cu bəndinə olan dəyişikliklər

* Oyunlara azarkeş buraxılmadığı üçün azarkeşlər üçün tələb olunan həkimin dəvət olunması müvəqqəti olaraq dayandırılır.

* Vəziyyət nəzərə alınaraq, topdaşıyanların və xərəkdaşıyanların sayında dəyişiklik edilir. Xərəkdaşıyanların sayı müvəqqəti olaraq 4, topdaşıyanların sayı 4 nəfər müəyyən olunur. Bu qrup stüartlardan da ibarət ola bilər. Bir şərtlə ki, şəxslər əvvəlcədən meydan sahibi klub və nümayəndə tərəfindən təlimatlandırılmalıdır. Topdaşıyan və xərəkdaşıyan şəxslər tibbi maskada olmalıdırlar. Onların yaşı 18-dən az olmamalı və stadiona gələn zaman hərarətləri ölçülməli, yerli komandanın həkimi ilə fərdi söhbətə cəlb olunmalıdırlar. Klublara tövsiyə edilir ki, bütün ev oyunlarına eyni şəxslər cəlb olunsun. Bu işə cəlb olunacaq şəxslərin şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.
* Hava şəraiti nəzərə alınaraq hakimin qərarına əsasən hər hissədə iki dəfə su fasiləsi verilə bilər.
* Oyun təşkilinə cavabdeh olan şəxslərin təyinatı üzrə siyahısında hər hansı bir dəyişiklik yoxdur. Oyunlar zamanı təhlükəsizliyi təmin edən polis əməkdaşlarının sayı tam olaraq Daxili İşlər Nazirliyi, stadion ərazisində isə AFFA nümayəndəsinin istəyinə uyğun olaraq müəyyənləşdirilir.
* Burada qeyd olunmayan, amma meydana çıxa biləcək problemlərlə bağlı qərar AFFA nümayəndəsi və Peşəkar Futbol Liqasının Yarışların Təşkili Departamenti ilə aparılacaq müzakirələrdən sonra veriləcək.

Hakimlərlə bağlı tənzimləmələr:

Komandalar oyundan 1 gün əvvəl ən geci saat 16:00-a qədər istifadə edəcəkləri bütün geyim ləvazimatlarının və fərqləndirici üst geyimlərin fotosunu Peşəkar Futbol Liqasına və Hakimlər Komitəsinə elektron şəkildə ([email protected], [email protected]) göndərməlidirlər.
Hakimlər briqadası ən geci oyunun başlamasından 90 dəqiqə öncə stadionda olmalıdır.
Oyundan öncə keçirilən iclasda hakimlər iştirak etməyəcəklər.
Oyundan öncə püşkatma zamanı yalnız baş hakim və komandaların kapitanları sosial məsafə qorunmaqla iştirak edə bilərlər.
Elektronik lövhə 4-cü hakim tərəfindən qaldırılacaq. Dəyişiklik edən komandanın rəsmisi bunu tabloda qeyd etdikdən sonra yerli komandanın təyin etdiyi şəxs tərəfindən tablo dezinfeksiya edilir. Daha sonra hakim dəyişikliyi elan etmək üçün tablonu götürür.
Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.
Hakimlərin soyunub-geyinmə otağı dezinfeksiya edilməlidir və kənar şəxs oraya daxil ola bilməz (təxirəsalınmaz hadisə istisna olmaqla).
Hakimlərin soyunub-geyinmə otağında əl üçün dezinfeksiyaedici vasitə yerləşdirilməlidir.
Hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.
10. Oyundan sonra olacaq matç protokolu hakimlər tərəfindən ev sahibi komandanın onlara verdiyi kompüter vasitəsiylə (dezinfeksiya edilmək şərti ilə) soyunub-geyinmə otağında tərtib ediləcək. Hakim hazırladığı protokolu otaqda yer alan printer vasitəsiylə özü çap etməlidir. Və yaxud komandalar tərəfindən hakimlərin gəlişindən öncə otaqda yerləşdirilməlidir.

11. Hakim otağına sərinləşdirici içkilər meydan sahibi klub tərəfindən qoyulur.


Məşqlərlə bağlı göstərişlər

Klublara AFFA tərəfindən göndərilmiş sanitar-gigiyena təlimatına riayət etməlidirlər. Məşqlərdə riayət olunmalı ümumi müddəalar aşağıdakılardır:

1. Komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər.
2. Məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır.
3. Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır.
4. Əgər futbolçuların bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.
5. Qapalı zalların istifadəsinə icazə verilmir.
6. Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası həyata keçirilməlidir.
7. Futbolçular ancaq özlərinə məxsus su qablarından istifadə etməlidirlər.
8. Oyunçular məşq zamanı eyni fərqləndirici geyimdən istifadə etməlidirlər.
9. TƏBİB-in tələb və tövsiyələri əsasında klublara yeni sanitar-gigiyenik qaydalar göndərilə bilər.


Yoldaşlıq görüşləri ilə bağlı qaydalar

1. Klublar hazırlıq dövründə keçirəcəyi yoxlama oyunları ilə bağlı Peşəkar Futbol Liqasına öncədən məlumat verməlidir.

2. Yuxarıda qeyd olunan bütün qaydalar yoldaşlıq oyunları üçün də keçərlidir. Klublar, hakimlər və oyunun təşkilinə cavabdeh olan digər şəxslər Əsasnamənin müxtəlif bəndlərində qeyd olunan bütün qaydalara riayət etməlidirlər. Bütün bu məqamlar üçün komandalar məsuliyyət daşıyır.


Testin nəticəsi müsbət çıxarsa

Əgər futbolçulardan, hakimlərdən və digər üzvlərdən götürülən testlərdə müsbət nəticə aşkarlanarsa, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Tibbi maskadan istifadə etməli olan şəxslər

* oyunun startına qədər stadiona gələn hər kəs tibbi maskada olmalıdır (oyunçular, məşqçilər, komandanın digər işlərə cavabdeh şəxsləri, hakimlər, təşkilati işlərə cavabdeh olan şəxslər, media, yayımçı telekanallar və digər şəxslər)

* Oyunun gedişində tibbi maska taxmayacaq şəxslər:
- baş məşqçi və isinmə hərəkətlərinə yollanan (maska taxılmamasına ancaq isinmə hərəkətləri zamanı icazə verilir) oyunçular.
- Oyunun şərhçisi
- əvəzlənən oyunçu texniki zonaya qayıdacaqsa, tibbi maska taxmalıdır.
- tibbi maskaların təqdim olunmasına hər komandanın həkimi nəzarət edir
* Oyunlar açıq hava şəraitində keçirilsə də, hərəkətdə olmayan şəxslərin sosial məsafə qaydalarına tam əməl etmək imkanı olmadığı üçün tibbi maskalardan istifadə vacibdir.


Stadionun zonalara bölünməsi

Covid-19 qlobal pandemiyası dövründə futbol oyunlarının təşkilində (beynəlxalq və yerli liqaların) Azərbaycan ərazisindəki müvafiq stadionlarda maksimum iştirakçı sayının (futbolçular, hakimlər, rəsmi nümayəndələr, oyun təşkilatçıları, KİV nümayəndələri, məşqçi heyəti, qonaqlar və digər) müəyyənləşməsinə dair hazırlanmış və sənədin hazırlanmasında UEFA tərəfindən dərc edilmiş, yerli federasiyalara tövsiyə və qərar vermək üçün əsas vasitə kimi göstərilmiş “UEFA Return to Play Protocol” vəsaiti və bir sıra ölkələrin təcrübəsi əsas götürülmüşdür.

Əldə olunan təcrübə və tövsiyələrə əsasən müvafiq stadionların 4 Zonaya bölünməsi məqsədəuyğun hesab edilir:









Qeyd: Azərbaycan Respublikası ərazisində «COVID-19» pandemiyasının vəziyyəti ilə əlaqədar olaraq və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla, müxtəlif vaxtlarda yuxarıda qeyd olunan mövcud bütün qaydalara dəyişiklik edilə bilər.

Yekun: Yuxarıda qeyd olunan bütün məqamlara nəzarət ediləcək və qəbul olunmuş yeni qərarlarla bağlı qayda pozuntuları (tövsiyələr xaric) protokolda qeyd olunacaq. Qeydə alınmış qayda pozuntuları İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Əsasnaməyə əlavələr təsdiq olunduğu tarixdən qüvvəyə minir.


Teqlər:





Xəbər lenti