“Gürcüstan beynəlxalq radarlardan itir” - Saakaşvili

 “Gürcüstan beynəlxalq radarlardan itir” -  Saakaşvili
  05 Avqust 2020    Oxunub:3067
Keçmiş prezident Mixail Saakaşvili Gürcüstanın beynəlxalq radarlardan itdiyini və artıq onun adının qalmadığını deyib.
Azvision.az xəbər verir ki, bu barədə sabiq prezident “Pirveli” telekanalına müsahibəsində bildirib.

O əlavə edib ki, istənilən böyük Avropa ölkəsinin Baş Naziri vəzifəsinə namizəd ola bilər: “Ukrayna mətbuatını öyrənə və buna əmin ola bilərsiniz. Mən Ukraynada çox vacib funksiyaları icra edirəm. Ancaq biz bu barədə deyil, Gürcüstanın bir ölkə olaraq yoxa çıxması barədə danışacağıq.

İvanişvili (hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina - red ) mənim adımın dünya radarlarından silinməsini istədi. Mən bütün dünya radarlarında çox aydın şəkildə görünürəm, amma Gürcüstan dünya radarlarında yoxdur.

Əyalət siyasətçilərindən fərqli olaraq mənim üçün ölkəm şəxsiyyətimdən daha yüksəkdir. İndi bizə lazım olan səfərbərlik və çox sürətli hərəkətdir. Bu seçkilərdə İvanişvili rejimi tamamlanmalıdır”, - deyə Saakaşvili vurğulayıb.

Hazırda Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri vəzifəsini icra edən Saakaşvili Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlı dəfələrlə çıxış edərək, hazırkı ölkə rəhbərliyinin legitimliyini tanımadığını və ön xəttə mübarizə aparmağa hazır olduğunu bildirib. Onun açıqlamaları Gürcüstan rəhbərliyinin Kiyevdəki səfirini geri çağırmasına səbəb olub. Hakimiyyət eks-prezidentin fikirlərini Gürcüstanın daxili işlərinə müdaxilə hesab edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti