Haaqada Xocalı abidəsinin yeri dəyişdirilib
Abidənin ucaldılmasının təşəbbüskarı olan Holland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğunu nəzərə alan Holland-Azərbaycan Türk Kültür Dərnəyi abidənin bu məzarlıqda daha münasib yerə köçürülməsinə dair Haaqa şəhər bələdiyyəsi ilə danışıqlar aparıb. Razılıq əldə olunduqdan sonra abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.
Abidənin yaxınlığındakı lövhənin üzərində Azərbaycan və Niderland dillərində Xocalı soyqırımı barədə qısa məlumat yerləşdirilib. İndi burada daha çox ziyarətçinin toplanması və anım tədbirlərinin daha yaxşı keçirilməsi üçün şərait yaradılıb.
“Haaqa şəhəri Avropanın ən böyük siyasi mərkəzlərindən biridir və burada belə bir abidənin olması Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Holland-Azərbaycan Türk Kültür Dərnəyi olaraq bu işin ərsəyə gəlməsində xidmətləri olan azərbaycanlı və türk icmalarına təşəkkür edirik”,-deyə Dərnəyin sədri İlhan Aşkın bildirib.
Azvision.az