İmkansız tələbələrin təhsil haqqının ödənilməsinə başlanılır

 İmkansız tələbələrin təhsil haqqının ödənilməsinə başlanılır
  21 May 2020    Oxunub:4208
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi http://e-telebe.edu.az istifadəyə verilib.
Təhdil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri haqda və digər zəruri məlumatları əlavə etməlidirlər. Məqsəd xüsusi karantin rejimində tələbələrin işinin asanlaşdırılması üçün onlara yeni imkan yaratmaqdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir.

Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.

Azvision.az



Teqlər: Təhsil   Tələbə  





Xəbər lenti