Ceyhun Bayramov nazirlərin videokonfransında iştirak edib

Ceyhun Bayramov nazirlərin videokonfransında iştirak edib
  14 May 2020    Oxunub:8226
Təhsil naziri Ceyhun Bayramov İSESCO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransında iştirak edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, videokonfransa İSESCO-nun Baş katibi Səlim bin Məhəmməd Əl-Malik, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, Mərakeş və digər dövlətlərin Təhsil nazirləri, YUNESCO-nun Baş katibinin təhsil məsələləri üzrə müavini Stefania Ciannini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şlayxer də qatılıb. Videokonfransın əsas mövzusu COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri və mövcud reallığa təhsil sisteminin uyğunlaşdırılması olub.

Ceyhun Bayramov çıxışında pandemiya dövründə ölkəmizdə təhsil hüququnun fasiləsiz təmin edilməsi məqsədilə atılmış addımlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir distant təhsilə keçidi təmin etmək üçün qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri haqqında bəhs edib, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edildiyini bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən atılan digər addımlar çərçivəsində martın 11-dən teledərslərə start verilib: “Ölkənin 2 televiziya kanalında həftədə 5 dəfə olmaqla bütün siniflər üçün 10 fənni əhatə edən dərslər yayımlanmaqdadır. Teledərslər sonradan Təhsil Nazirliyinin video.edu.az portalında sərbəst istifadə üçün yerləşdirilir”.

Konfrans zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan təxminən 22 min tələbənin təhsil haqqının Azərbaycan dövləti tərəfindən ödənilməsi xüsusi olaraq vurğulanıb.

Azvision.az



Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti