Ali məktəblərə tələbə qəbulu qaydaları

 Ali məktəblərə tələbə qəbulu qaydaları
  12 May 2020    Oxunub:9458
Ali məktəblərə tələbə qəbulu qaydaları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən xəbərə görə, ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netlərinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq (bax: səh. 8, “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat”). Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçirilir.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildir­məlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bəndlər) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

1.1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 1-ci bənddə göstərilən müddətdə özləri təsdiq edirlər:

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

- Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

- 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qadın cinsli abituriyentlər.

1.2. Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra 2020-ci il mayın 18-dən iyunun 5-dək DİM-in internet saytından elektron qaydada növbə götürərək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

DİM-in Badamdar ofisi

(Bakı ş, Yasamal r, Mikayıl Müşfiq küç., 1M)

DİM-in Asiya ofisi

(Bakı ş, Nəsimi r, Abdulvahab Salamzadə küç., 28)

DİM-in Gənclik ofisi

(Bakı ş, Nərimanov r, Koroğlu Rəhimov küç., 108A)

DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi

(Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi

(Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi

(Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi

(Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi

(Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi

(Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi

(Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi

(Şəmkir ş., Bakı - Qazax şosesi, İnzibati bina –“west gate”).

1.3. Elektron ərizələrini SQK-larda təsdiq etdir­məli olan abituriyentlər SQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:

- elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adını (şəxsiyyəti təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN));

- tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini[1] (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı - “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na

2 nömrəli əlavə[2]);

- şəxsiyyətlərini təsdiq edən sənədin əslini:

· Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini;

· əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;

· vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;

· Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;



· qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, digər sənədləri və ya icazə vəsiqələrini;

- Azərbaycan Respublikasında ali təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı (“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na

3 nömrəli əlavə [3]);

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

- əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

2. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməklə (etdirməklə) yanaşı, müvafiq ali təhsil müəs­sisələrinin müəyyən etdikləri xüsusi prosedur­lardan keçməlidirlər (bax: Xüsusi təyinatlı ali təhsil müəs­sisələrinə qəbul elanları, “Abituriyent” jurna­lının 2020-ci il tarixli 1-ci nömrəsi və digər müvafiq informasiya mənbələri).

3. 1985-2002-ci il təvəllüdlü (2002-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) qeydiyyatı ol­malıdır. Çağırışçıya möhlətin verilməsi haqqında məlumat SHXÇDX-nin elektron-məlumat bazasında mövcud olduğu halda, abituriyent ərizəsini SQK-ya gəlmədən özü təsdiq edir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Xüsusi qabiliyyət imtahanlarına qeydiyyat

4. Xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ‑lər) üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları mü­vafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər im­ta­hanların nəticəsi elan olunduqdan sonra DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/qabiliyyet inter­net səhi­fə­sinə daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq (bax: səh. 8, “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi haqqında məlumat”).

Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilir (“Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı) və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. XQTİ‑ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər seçə bilərlər.

Qeyd: Orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslərin (subbakalavrların) ərizə qəbulu ilə bağlı ətraflı məlumat 7-ci səhifədə təqdim olunmuşdur.

Ərizə qəbulu ilə bağlı xüsusi hallar

5. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaş­larının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Qeydiy­yatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq tarixdə qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

6. Dövlət Gömrük Komitəsinin Akademiya­sında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

7. Milli Aviasiya Akademiyasının I qrup ix­ti­sas­la­rı üzrə təhsil almaq istəyən abituriyentlər ərizə­lərində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” ixtisasına 23 yaşına çatmamış kişi cinsli abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisasına isə 23 ya­şına çatmamış həm kişi, həm də qadın cinsli abi­turiyentlər ərizə verə bilərlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrini təsdiq etdikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında xü­su­si tibbi mü­ayinə­­dən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçmə­lidirlər.

8. “ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar.

“ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1100 bal toplayan (esse tələb olunmur), həmçinin ya IELTS Academic üzrə minimum 5.5, ya IBT üzrə minimum 62, ya PTE üzrə minimum 42 və ya Duolingo English Test üzrə minimum 90 balı olan abituriyentlər də buraxılacaqlar. Qeyd olunan şərtləri ödəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müd­dət­də və qaydada “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etməklə yanaşı “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldururlar, həmçinin iyunun 30-dək SAT və IELTS Academic (və ya IBT, yaxud digər tələb olunan) imtahanlarının nəticə­lərini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməlidirlər. “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.

“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

9. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi tibb” və “Stomatologiya” ixtisasları üzrə 15.09.2020-ci il tarixinədək 16 yaşı tamam olan, lakin 23 yaşı tamam olmayan mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər. Bu ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müddətdə və qay­da­da elektron əri­zə­lərini təsdiq etdikdən (etdirdikdən) sonra Azərbaycan Tibb Univer­sitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçmə­lidirlər. Ərizə qəbulunun vaxtı Azərbaycan Tibb Univer­sitetinin Hərbi Tibb Fakültəsi tərəfindən müəyyən olunacaq və elan ediləcəkdir.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəs­sisəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

10. Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixti­sa­sına qəbul olmaq istəyən abituriyentlər III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları ən azı 150, imtahanın ikinci mərhələsi üzrə balları isə ən azı 50 olduğu halda, imtahan nəticələri elan olunduqdan DİM tərəfindən müəyyən olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiy­yatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respubli­ka­sı­nın vətəndaş­larının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisası üzrə müsahibədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Qeydiy­yatdan keçən abituriyentlər elan olunacaq tarixlərdə Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiya tərəfindən aparılan müsahibədə iştirak edirlər. Müsahibənin proqramı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında təqdim olunur. Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisasını da seçə bilərlər.

11. Azərbaycan Dövlət Dəniz Akademiyasının tədrisi ingilis dilində olan “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühən­disliyi” ixtisaslarının müsabiqəsinə attesta­tında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 60‑dan az olmayan abituri­yentlər buraxılır.

12. Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur. Aşağıdakı cədvəldə hər bir ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin hansı xarici dildən imtahan verəcəyi göstərilir:

İxtisasların adları

Xarici dillər

Filologiya (Azərbaycan dili və ədəbiy­yatı)

Beynəlxalq münasibətlər

xarici dil seçiminə heç bir məhdudiyyət qoyulmur

Xarici dil müəllimliyi (alman dili)

Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)

Regionşünaslıq (Almaniya üzrə)

Filologiya (alman dili və ədəbiy­yatı)

Tərcümə (alman dili)

alman və ya ingilis dili

Xarici dil müəllimliyi (fransız dili)

Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)

Regionşünaslıq (Fransa üzrə)

Filologiya (fransız dili və ədəbiyyatı)

Tərcümə (fransız dili)

fransız və ya ingilis dili

Regionşünaslıq (ərəb ölkələri üzrə)

ərəb və ya ingilis dili

digər ixtisaslar ingilis dili

13. Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və “Tərcümə (ingilis dili üzrə)” ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər.

İmtahanların keçirilməsi

1. Hər bir imtahanın yeri və vaxtı barədə məlumat imtahandan azı 5 gün əvvəl DİM-in saytında təqdim olunacaqdır.

Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtaha­nı­nın birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respubli­kasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər qəbul imtaha­nı­nın birinci mərhələsi üzrə imtahan vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.

2. Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın müddəti 3 saatdır.

Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

2019-cu ildə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğundan, abituriyent cari il üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari tədris ilində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün cari ildə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir. Qeyd olunanları nəzərə alaraq, 2019-cu ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür.

Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müəyyən edilən müddətdə imtahana buraxılış vərəqəsini çap edərək cari ildə yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir.

XQTİ-lərin müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün, XQTİ-lərə qəbul olunmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsində (I-IV ixtisas qrupları üzrə) abituri­yentlər ixtisas qrupları üzrə 3 fəndən imtahan verirlər. İxtisas qrupları üzrə imtahan fənləri aşağı­dakılardır:

I – riyaziyyat, fizika, kimya;

II – riyaziyyat, coğrafiya, tarix;

III –qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili, tarix, ədəbiyyat;

IV – biologiya, kimya, fizika.

Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. Tapşırıqların cavablandırılmasına ümu­milik­­də 3 saat vaxt ayrılır.

3. İmtahanlarda iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixlərdə internetdən hər bir imtahan üçün ayrıca «İmtahana buraxılış və­rəqəsi»ni çap edir.

Abituriyent imtahana gələrkən aşağıdakı sənəd­ləri özü ilə mütləq gətirməlidir:

- İmtahana buraxılış vərəqə­sini;

- Şəxsiyyətini təsdiq edən sənədin əslini (şəxsi kabinetdə qeyd olunan sənəd olmalıdır), (“Şəxsi kabinet” yaratdıqdan sonra hər hansı bir səbəbdən şəxsiyyəti təsdiq edən sənədini dəyişən şəxs öz şəxsi kabinetinə daxil olub sənədini yeniləməlidir):

- Azərbaycan Respublikasının vətəndaşları

şəxsiyyət vəsiqələrini;



· əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;



· vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;



· Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;



· qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini.



- Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli (fotoşəkil son 3 ayda çəkilmiş olmalıdır) arayışı (Əlavə 1).

4.. Əlilliyi olan abituriyentlər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Bu abituriyentlər əlilliyi təsdiq edən sənədlərin əslini imtahandan ən azı 10 iş günü əvvəl DİM-ə və ya onun regional bölmələrinə təqdim etməlidirlər.

5. Abituriyentlər müəyyən olunmuş müddətdə imta­han nəticələri ilə əlaqədar DİM tərəfindən yaradılan Apel­lyasiya Komissiyasına müraciət edə bilərlər. Apellyasiya Komissiyasına abituriyent şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət etməlidir.

6. Qəbul kampaniyası dövründə abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

- saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

- imtahana mobil telefon və digər rabitə vasitələri, xarici yaddaş qurğusu, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

- yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;

- səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq;

- başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

- nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

- cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq

Yuxarıda göstərilən hərəkətlərə yol verməsi halları DİM tərə­findən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar

7. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən və qəbul imtahanının I mərhələsinin nəticəsi kimi buraxılış imtahanının nəticəsi əsas götürülən abituriyentlər aşağıdakı hallarda qəbul imtahanının I mərhələsi üzrə DİM tərəfindən elan olunacaq tarixdə əlavə olaraq bəzi fənn və yaxud fənlərdən imtahan verirlər. Bu zaman onlar hər əlavə imtahan üçün ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

- Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər.

- Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə uyğun olaraq ərizənin “Test imtahanı verəcəyi dil (Bölmə)” bölməsində Azərbaycan və ya rus dilini seçirlər.

- Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni üzrə imtahan vermək istəyən məzunlar müsabiqədə iştirak etmək üçün həmin xarici dildən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər.

- Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları istədikləri halda qəbul imtahanında xarici dil fənni üzrə imtahan verə bilərlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər. Qeyd olunan kateqoriyadan olan məzunlar xarici dil fənnindən imtahan vermək istəmədikləri halda "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən “Xarici dil” bölməsində “Xarici dildən imtahan vermək istəmirəm” bəndini seçirlər. Bu zaman onların qəbul imtahanının birinci mərhələsindən toplaya biləcəkləri maksimal balları iki fənn (Azərbaycan və ya rus dili və riyaziyyat) üzrə toplanan balların cəmlənməsi əsasında müəyyənləşməklə 200 bal təşkil edir.

Qeyd: Müsabiqə şərtləri, balların hesablanma qaydası və s. haqda ətraflı məlumat “Abituriyent” jurna­lının 2020-ci il tarixli 2-ci nömrəsində təqdim olunacaq.

Azvision.az


Teqlər: DOM   Ali-Məktəb  





Xəbər lenti