“Həmişə birinci olmaq istəyirəm” - Rafael Ağayev üçün özəl gün

“Həmişə birinci olmaq istəyirəm” -  Rafael Ağayev üçün özəl gün
  04 Mart 2020    Oxunub:6503
“Özümə arzu edirəm ki, həmişə birinci olum”

Bu gün Azərbaycanın tanınmış karateçisi, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olmuş Rafael Ağayevin doğum günüdür. 35 yaşını qeyd edən karatenin “briliantı” ad günü təəssüratlarını Azvision.az-la bölüşüb.
- Rafael bəy, ömrün yeni çağına qədəm qoydunuz. Yaşınız çox olmasa da, hər halda bu sualıma cavab verə bilərsiniz: Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət olar?

- Mən var-dövlətə ikinci planda baxıram. Allah nə ömür veribsə, onu da canla-başla yaşayacam. Bir arzum var ki, həmişə birinci olum və bayrağımızı yüksəklərə qaldırım.



- Keçmişi xatırlayanda ən çox hansı illəriniz üçün darıxırsınız?

- Məktəb illəri, sinif rəhbərim, sinif yoldaşlarım yada düşəndə darıxıram. Məktəb vaxtı çox dəcəl olmuşam. Məktəbdən qaçmışam, dərsə girməmişəm. Belə şeyləri xatırlayanda özüm-özümə gülürəm.

- Sizi necə təbrik etsələr, ürəyinizcə olar?

- Uzun ömür, can sağlığı, ailə səadəti və olimpiadanın qızıl medalını arzulasınlar. Bu, mənə bəs edər.



- Hansı idmançının sizi təbrik etməsini istərdiniz? Kimin zəngini gözləyirsiniz?

- Ağlıma elə bir idmançı gəlmir. Bir Hacı Əliyevdir, o da dünəndən təbrik edib, bu gün də telefonda danışmışıq.



- Doğum gününü necə qeydə edəcəksiniz?

- Adətən doğum günümü qeyd etmirəm. Ailəmlə birlikdə evdə yığışırıq. Bu ayın 25-i Avropa çempionatı keçiriləcək. Əgər qızıl medal qazansam, o zaman həm özümün və övladımın ad gününü, həm də olimpiadaya lisenziya qazanmağımı qeyd edəcəyəm. Bu münasibətlə yığıncaq təşkil edərəm və dostlarımı, qohumlarımı çağıraram.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rafael-Ağayev  





Xəbər lenti