AMEA-da Famil Mustafayevlə görüş keçirildi - FOTO

AMEA-da Famil Mustafayevlə görüş keçirildi -    FOTO
  19 Fevral 2020    Oxunub:4356
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib.
Azvision.az -ın məlumatına görə, Akademiya rəhbərliyinin, AMEA-nın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və dissertasiya şuralarının elmi katiblərinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq müxtəlif qurumlarla keçirilən görüşlərin Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan quruculuq prosesinə fəal şəkildə dəstək verməyə xidmət etdiyini bildirib. Çıxışında Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətinə də toxunan akademik Ramiz Mehdiyev komissiyanın işinin möhkəmləndirilməsi və nüfuzunun artırılması istiqamətində Prezident sərəncamı ilə görülən işlərdən, bu sahədə tətbiq olunan yeniliklərdən danışıb.



Sonra Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev təqdimatla çıxış edib. Öncə insan kapitalının əsası olan elm və təhsilin vəhdətinə xidmət edən görüşlərin, o cümlədən bundan öncə elm və təhsil müəssisələrində tədbirlərin təşkilinin və elm qurumları ilə əlaqələrin möhkəmləndirilməsinin ölkəmizdə elmi potensialın yüksəldilməsinə bir töhfə olduğunu vurğulayan Ali Attestasiya Komissiyasının sədri işgüzar müzakirələr şəraitində keçəcək faydalı görüşə görə akademiya rəhbərliyinə minnətdarlıq edib.

Sədri olduğu komissiyada atılan bütün addımların Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi altında və maksimum bu işə dəstəyi ilə həyata keçirildiyini bildirən Famil Mustafayev rəhbərlik etdiyi müddət ərzində 2500-yə yaxın elmi işə baxıldığını və bunun əsasında aparılan müşahidələrlə prosedur qaydalar, normativ sənədlər və mexanizmlərin yeniləndiyini, sənədlərdəki mücərrədliyin layihələrlə aradan qaldırıldığını diqqətə çatdırıb. Elmi dərəcə və elmi adların verilməsi prosesindən söz açan sədr yenilənmiş normativ sənədlər, əlavə və dəyişiklik edilmiş qaydalar və dövri elmi nəşrlər barədə geniş məlumat verib. Ölkə başçısının 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə toxunan F.Mustafayev elmi dərəcələrin verilməsində Rusiya, Belarusiya, Qazaxıstan, Ukrayna, o cümlədən Avropa ölkələrinin təcrübəsindən yararlandıqlarını bildirib.



Elmi dərəcə və elmi adların verilməsi üçün elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri və ya bazaları, eləcə də elmi məqalələrin ölkədə dərc olunması tövsiyə olunan dövri elmi nəşrlərlə bağlı vacib nüansları da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Görüşdə məqalələrin, konfrans, konqres və simpoziumla bağlı tələblərin sayının azaldıldığını vurğulayan Famil Mustafayev dissertasiya işlərinin tərtibi, həcmi, təqdim olunma müddəti, dissertasiya şuralarının səsvermə qaydaları, səlahiyyət müddəti, xaricə göndərilən avtoreferatların yazılma dili, seminarlar, plagiat baş verən hallarda tətbiq olunan qaydalarla əlaqədar tətbiq olunan yeniliklər və dəyişiklikləri diqqətə çatdırıb.



AMEA əməkdaşları və dissertasiya şuralarının sədrləri, elmi katibləri tərəfindən səsləndirilən suallar cavablandırılıb. Suallar ətrafında geniş müzakirələr təşkil olunub.

Sonda akademik Ramiz Mehdiyev dəvət aldığı görüşdə iştirakına görə sədr Famil Mustafayevə AMEA əməkdaşlarının adından minnətdarlığını bildirərək elmi potensialın gücləndirilməsinə və səsləndirilən fikirlərlə bağlı mühüm nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Azvision.az


Teqlər:





Xəbər lenti