Lukaşenko və Kərimovdan prezidentə ad günü təbriki

Lukaşenko və Kərimovdan prezidentə ad günü təbriki
  23 Dekabr 2013    Oxunub:1066
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikasının inamlı sosial-iqtisadi inkişafı, ölkənin dünyada sanballı nailiyyətləri Sizin adınızla sıx bağlıdır. Azərbaycan xalqı bu il keçirilən prezident seçkilərində Sizin yeritdiyiniz daxili və xarici siyasətə yüksək etimad bəslədiyini təsdiq etmişdir.

Belarus və Azərbaycanın strateji tərəfdaşlığı ilbəil möhkəmlənir, perspektivli birgə layihələrlə zənginləşir. Belarus Respublikası ilə münasibətlərin inkişafına Sizin şəxsi diqqətiniz qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında mühüm rol oynayır.

Əminəm ki, ölkələrimizin dostluğa və etimada əsaslanan qarşılıqlı fəaliyyəti bundan sonra da fəal inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov da prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklər, ölkənin iqtisadi inkişafında sanballı uğurlar, dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsi Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır.

Əminəm ki, strateji tərəfdaşlıq prinsiplərinə, çoxəsrlik möhkəm dostluq tellərinə, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan Özbəkistan-Azərbaycan münasibətləri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək, yeni məzmunla zənginləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram".


Teqlər:  





Xəbər lenti