“Ziya Bünyadov heç vaxt ad günü keçirməzdi” - XANIMI

“Ziya Bünyadov heç vaxt ad günü keçirməzdi” - XANIMI
  21 Dekabr 2013    Oxunub:9180
Bu gün Azərbaycanın görkəmli tarixçi-alimi, sabiq millət vəkili, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür. Mərhum yaşasaydı dekabrın 21-də 90 yaşını qeyd edəcəkdi.

Z.Bünyadovun ölümündən illər ötsə də o, hələ də yaddaşlarda yaşayır, yad edilir.

Z.Bünyadovun əlamətdar günündə əməkdaşımız onun xanımı ilə əlaqə saxlayaraq durumu ilə maraqlanıb. Mərhum akademikin doğum günü ilə bağlı xatirələrini AzVision.az-la bölüşən həyat yoldaşı Tahirə Bünyadova Ziya müəllimin doğum gününü bu gün onun məzarı üstündə qeyd etdiyini bildirib.

“Rəhmətlik Ziyanın doğum günü münasibəti ilə səhər- səhər onun qəbri üstünə getdim. Uşaqlar yəqin ki, özləri gedibdir. Bu gün səhər oğlum mənə gəlib baş çəkib. Qalan heç kim nə zəng edib, nə də ki axtarıb məni. Rəhmətlik heç vaxt ad gününü qeyd etməyi xoşlamazdı. Həmişə acığı gəlirdi belə şeylərdən. Heç mən də ona hədiyyə etməyi xoşlamırdım. Düşünürdüm ki, səhər- axşam qulluğunda dururam. Bunun özü elə böyük hədiyyədir də”- deyə T. Büyadova xatirələrini bölüşüb.

T.Bünyadova həyat yoldaşınının ölümündən sonra heç kimin onlarla maraqlanmadığından gileylənib.

Mərhumun xanımı hazırda tək yaşadığını, Milli Məclisdəki işinə mütəmadi olaraq qaydasında gedib gəldiyini deyib.

Qeyd edək ki, Tahirə Bünyadova əslən qarabağlıdır, Yusif Vəzir Çəmənzəmənlinin bacısı qızıdır. Həyatı yoldaşı Ziya Bünyadovu itirəndən sonra oğlu Cəmilin övladı, 20 yaşlı nəvəsi Musanın Amerikada öldürülməsi xəbərini alıb. Övlad dərdinə dözməyən atası Cəmilin ölümü isə Tahirə xanıma ən böyük zərbə olub.

Hazırda Ziya Bünyadovun bir oğlu var ,o da Heydər Bünyadovdur. Onun ailəsi var, ayrıca yaşayır. Tahirə xanım isə Ziya Bünyadovla vaxtı ilə birgə yaşadığı evdə tək yaşayır.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti