“Dünyada ən dadlı quzu əti Azərbaycandadır” - Malayziya səfiri ilə MÜSAHİBƏ

“Dünyada ən dadlı quzu əti Azərbaycandadır” -  Malayziya səfiri ilə MÜSAHİBƏ
  18 Noyabr 2019    Oxunub:18886
“Çox adam məndən soruşdu ki, Azərbaycan haradadır, necə ölkədir?”
Malayziyanın Azərbaycandakı yeni səfiri Dato Yubazlan bin Yusofun Azvision.az-a müsahibəsi:

- Cənab səfir, artıq bir neçə aydır ki, Azərbaycanda diplomatik fəaliyyətə başlamısınız. Ölkəmiz barədə təəssüratlarınız necədir? Azərbaycanda sizi ən çox nə cəlb edir?

- Mən bu ilin iyun ayında Bakıya gəlmişəm. Ölkənizlə tam tanış olmaq üçün çox vaxtım olmayıb. Lakin mən bir sıra maraqlı yerlərə baş çəkməyə çalışmışam. İlk olaraq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Şəkiyə tanışlıq səfərinə qatılmaq imkanım oldu. Şəki tarixi və mədəni irsi ilə çox gözəl bir bölgədir. Bundan başqa, Lənkəran, Lahıc, Qəbələ, Qobustan, Şamaxı və Qubaya da səfər etmişəm.

Mənim təəssüratım belədir: Azərbaycan çox gözəl, maraqlı ölkədir. Buradakı coğrafi landşaft bənzərsiz və nadirdir. Azərbaycanın tarixi və mədəni irsini qoruyub saxlaması və onu ölkənin müasir inkişafı ilə assimliasiya etməsi mənə xoş təsir edir. Bakı dünyanın ən yaxşılarına malik olan mükəmməl bir nümunədir; müasir infrastruktur və tarixi abidələr.

Bundan əlavə, Azərbaycanın bir üstünlüyü çox mehriban, yardımsevər, təhsilli insanların olmasıdır. Hətta dil baryeri olan insanların əcnəbilərə necə kömək etdiyinin şahidi olmuşam.

Azərbaycan eyni zamanda dünyada ən heyrətamiz qastronomiya ləzzətlərinə malikdir. Yeməkləriniz çox dadlıdır və dünyada ən dadlı quzu əti Azərbaycandadır. yeri gəlmişkən, bizim Baş nazir də Azərbaycan yeməklərini çox sevdi. Ölkənizdə yaxşı olan xeyli məqamlar var və mən burada çalışmaqdan çox şadam.



- Azərbaycana qədər bir çox ölkələrdə diplomatik fəaliyyət göstərmisiniz. Burada çalışmağın fərqi nədədir?

- Malayziyanın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilməmişdən əvvəl müxtəlif ölkələrdə diplomat kimi xidmət etmişəm. Peruda, Belqrad Dubayda çalışmışam. Dubaydan sonra Bakıya təyinat aldım.

Buradakı missiyam müddətində mən mövcud ikitərəfli münasibətlərimizin inkişafına daha çox fayda verə biləcəyimə ümid edirəm. İnsanlar arasında əlaqələr daxil olmaqla, mövcud münasibətlərin genişləndirməsinə nail olmaq üçün mən buradayam. Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığı möhkəmləndirmək üçün daha fəal çalışacağam.

1 aprel 2014-cü ildə Malayziyanın Bakıda səfirliyini təsis etməsi ölkəmizin Azərbaycanla əlaqələri genişləndirmək istəyinin sübutudur. İqtisadi və siyasi əlaqələrimiz möhkəmdir və daha da güclənir. İstərdim ki, iki ölkə yaxşı münasibətləri saxlasın və inkişaf etdirsin.

- Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- 5 aprel 1993-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan bəri Malayziya və Azərbaycanın dostluq münasibətləri davam etdirilir. Azərbaycan Malayziyada diplomatik nümayəndəliyini 2007-ci ilin iyununda, Malayziya isə dediyim kimi, 1 aprel 2014-cü ildə Bakıda təsis edib.

Aramızda müəyyən məsafənin olmasına baxmayaraq, Malayziya və Azərbaycan bir çox oxşar cəhətləri bölüşürlər. Həm Malayziya, həm də Azərbaycan müsəlmanların çox olduğu ölkələrdir, buna görə də mədəniyyətimizdə və dinimizdə bir çox ortaq xüsusiyyətləri və təcrübələri bölüşürük. Hər iki ölkə Qoşulmama Hərəkatının (NAM), İslam Əməkdaşlıq Təşkilatına (İƏT), eləcə də Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvdür. Malayziya və Azərbaycan çoxtərəfli forumlarda qarşılıqlı maraq doğuran bir çox beynəlxalq məsələlərdə ümumi mövqeyi bölüşürlər.

Belə bir malay məsəli var: tanımadıqlarını sevə bilməzsən ('Tak Kenal Maka Tak Cinta) Buna görə həm Malayziya, həm də Azərbaycan üçün xalqlar arasında əlaqələrin yaradılması çox vacibdir, çünki artan qarşılıqlı əlaqə ölkələrimizi tanımağa marağı artıracaqdır.

Hesab edirəm ki, əlaqələrin daha da inkişafı üçün çox işlər görülə bilər. Bizim bunun üçün böyük potensialımız, imkanlarımız var. İlk olaraq insanlar arasında əlaqələr artmalıdır, turizm sahəsində əməkdaşlıq möhkəmləndirilməlidir. Bunlar çox vacibdir.

- Bu yaxınlarda Malayziyanın Baş naziri cənab Mahathir Bin Mohamad Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Səfər zamanı Baş nazirlə Azərbaycan Prezidentinin görüşü keçirilib. Həmin görüşü ikitərəfli əlaqələrin inkişafı baxımından necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, Baş nazirin Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşü çox faydalı və uğurlu oldu. Həm Baş nazir, həm də Xarici İşlər naziri Azərbaycana səfərdən məmnun qaldılar. Deyərdim ki, bu ziyarət ən uğurlu səfərlərdən biri oldu.

Baş nazir adından NAM Sammitinin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan hökumətinə səmimi təbriklərimi yetirmək istəyirəm. Nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə öz təşəkkürümü bildirirəm.

Həm Malayziya, həm də Azərbaycan ölkələrimiz arasında mövcud yaxşı münasibətlərin möhkəmlənməsində çox maraqlıdır. Baş nazir və Prezident arasındakı görüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin bir ifadəsidir. Hər iki tərəf yaxşı əlaqələrimizin mövcudluğunu, amma görüləsi işlərin daha çox olduğunu, bunun üçün böyük imkanların mövcudluğunu vurğuladılar.



Baş nazir Bakıya səfər etdikdən sonra çox adam məndən soruşdu ki, Azərbaycan hardadır, necə ölkədir.
Təhsil, mədəniyyət, turizm, ticarət, elm və texnologiya və digər sahələrdə əməkdaşlıq ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə rəvac verəcək. İnsanlar arasında əlaqələri artırmaq, ikitərəfli ticarət və əməkdaşlığın inkişafı, qeyri-neft sektorunda potensial əməkdaşlığı araşdırmaq üçün görüləsi çox iş var.
Bir ölkənin və ya bölgənin iqtisadi inkişafı üçün əlaqələr çox vacibdir, çünki bu, vaxtında malların və insanların hərəkəti üçün ümumi əlçatanlığı təmin edir. Nəqliyyat sektoru həm ölkə daxilində, həm də regional və beynəlxalq səviyyədə iqtisadi əlaqənin təmin edilməsində böyük rol oynayır.

- Azərbaycan və Malayziyanın iqtisadi əməkdaşlıq səviyyəsini qaneedici hesab edirsinizmi? Bu sahədə inkişafa nail olmaq üçün hansı yeni planlar, təşəbbüslər var?

- Malayziya və Azərbaycan coğrafi baxımdan bir-birindən çox uzaqda yerləşirlər və bu şərt müəyyən malların ixracını və idxalını çətinləşdirir, İkitərəfli ticarəti və əməkdaşlığı artırmaq vacibdir, çünki hər iki ölkənin qeyri-neft sektorları, xüsusən İslam bankçılığı, elm və texnologiya, informasiya texnologiyaları və multimedia, təhsil, o cümlədən turizm kimi sahələrdə əhatə dairəsini genişləndirmək üçün potensial mövcuddur.

Malaziya və Azərbaycan iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində işləməlidirlər, çünki bu da bölgələrimiz arasında əlaqəni yaxşılaşdıracaq, Asiyada və onun hüdudlarından kənarda iqtisadi zonaların inkişafına öz töhfəsini verəcəkdir. Eyni zamanda, bu, böyüməkdə olan iqtisadiyyatlarımız üçün də faydalı olardı, çünki ikitərəfli, regional və çoxtərəfli səviyyədə əlaqələri və platformaları təmin edəcəkdir.

Gələcəkdə həyata keçiriləcək səfərlər mübadiləsi, sazişlər və memorandumların imzalanması ilə Malayziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminik. Hər iki ölkə qarşılıqlı mənfəət üçün ikitərəfli siyasi və iqtisadi əlaqələrin daha da yaxşılaşmasını təmin etmək üçün çox çalışmalıdır.

Prezident İlham Əliyevin Malayziyaya ilk rəsmi səfərini edəcəyini səbirsizliklə gözləyirik. Bu, çox vacib səfərdir və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcəkdir.

Onu da qeyd edim ki, 2018-ci ildə Malayziya ilə Azərbaycan arasında ikitərəfli ümumi ticarət 56,3 milyon ABŞ dolları səviyyəsində olub. Bu da 2017-ci ildə 12.5 milyon ABŞ dolları ilə müqayisədə 350.4% artım deməkdir. Ümumi ixrac 2018-ci ildə 56.1 milyon ABŞ dolları olub ki, bu da 2017-ci ildə 11,7 təşkil edib.

Müsbət tendensiya Azərbaycana idxal olunan maşın, avadanlıq və digər məhsullarının artmasına səbəb olub. Malayziya səfirliyinin açılması Azərbaycanla qarşılıqlı maraq kəsb edən sahələrdə, yəni ticarət və investisiya sahəsində daha sıx əməkdaşlığa yol açıb. PETRONAS-ın Azərbaycanın energetika sahəsində iştirakı göstərdi ki, Malayziya Azərbaycanı regionda sürətlə inkişaf edən ölkə kimi görür, əhəmiyyətini və bölgədəki yerini qiymətləndirir.

Malayziya xarici investorlar üçün müsbət bir investisiya mühiti yaradıb. Biz Azərbaycan investorlarını Malayziyaya gəlməyə, inkişaf edən biznesi görməyə, sərmayə yatırmağa və iqtisadiyyatımızın təqdim etdiyi bir çox imkanları araşdırmağa, biznes nümayəndələri arasında görüşlərin təşkilinə təşviq edəcəyik. Həmçinin, daha çox Malayziya iş adamlarının Azərbaycanda dinamik iqtisadi sektora cəlb edilməsinə nail olmaq istəyirik.

-Qeyd etdiyiniz kimi, iki ölkə enerji sektorunda əməkdaşlıq edir. “Petronas” şirkəti Azərbaycana sərmayə yatırır. Bu istiqamətdə əməkdaşlığı genişləndimək niyyətiniz varmı?

-Bəli, əlverişli şərait milli neft-qaz şirkətimiz olan PETRONAS-ın Azərbaycanda neft-qaz sektorunun dinamikasına qoşulmağa imkan verdi. PETRONAS həm də Azərbaycanda potensial biznes imkanlarına baxır.

PETRONAS Azərbaycanın neft və qaz sənayesində fəal iştirak edir. Belə ki, şirkətlər konsorsiumu tərəfindən idarə olunan Şahdəniz II payın bölüşdürülməsi sazişində 15.5%, Cənubi Qafqaz Boru Kəməri Şirkətində (SCPC) 15.5%, SCPC Holdinq şirkətində 15.5% pay və Azərbaycan Qaz Təchizatı Şirkətində (AGSC) 12,4 faiz pay alıb.
PETRONAS Azərbaycanda indiyə qədər 5 milyard ABŞ dolları civarında sərmayə qoyub.

- Azərbaycanla Malayziyanın turizm sahəsində əməkdaşlığı nə yerdədir? Bakı və Kuala-Lumpur arasında aviareyslərin açılması gündəmdədirmi?

- Malayziya və Azərbaycanın turizm sənayesində geniş potensialı var. Hər iki ölkə insanları qarşılıqlı əlaqələrə təşviq etmək üçün turizm sahəsində əməkdaşlıq qurma imkanlarını araşdıra bilər. Malayziya bir çox gözəl və maraqlı yerləri təklif etməklə, Azərbaycandan daha çox turisti qəbul etməyə hazırdır. Malayziya, həmçinin bir çox əla, lakin əlverişli yaşayış və obyektlər təklif edir. 2018-ci ildə Malayziyaya 25.8 milyon turist gəlib, turizmdən daxil olma 84.1 milyard RM və ya 20.31 milyard ABŞ dolları təşkil edib.

1 iyul 2019 tarixindən etibarən yeni açılan Şarja-Kuala Lumpur hava reysi həm Malayziyaya, həm də Azərbaycana gələnlərin sayını artırmaq potensialına malikdir. Azərbaycan pasportuna sahib olanlar Malayziyada 30 gün vizasız qala bilərlər. Malayziya pasport sahiblərindən isə maksimum etibarlılığı 30 gün olan onlayn viza, həmçinin gəliş vizası (VOA) tələb olunur.

Biz Bakı-Kuala Lumpur-Bakı reysinin açılması üzərində işləyirik. Bunlar insanlar arasında əlaqələri asanlaşdıra, Malayziya ilə Azərbaycanı müvafiq bölgələrimizdə ən yaxşı turizm məkanı kimi tanıtdıra bilər. Bu, hər iki tərəf üçün faydalı ola bilər.

“Air Asia” və AZAL (Azərbaycan Hava Yolları) ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı genişləndirmək üçün potensial daşıyıcı kimi nəzərdən keçirilir. Geniş perspektivləri və imkanları araşdırmaq üçün hazırda biznes subyektləri arasında iş davam edir.

Mənim fikrimcə əgər bu, həyata keçirilərsə, Bakının ətraf regionlar üçün əsas mərkəz olmaq potensialı var. Çünki Heydər Əliyev hava limanı özünün əməliyyatlarını genişləndirmək üçün imkanlara malikdir.

- Cənab səfir, Malayziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Malayziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı güclü şəkildə dəstəkləyir. Malayziya həqiqətin və ədalətin tərəfdarı olan bir ölkədir. Buna görə bu məsələdə, xüsusən də ərazi bütövlüyü məsələsində Azərbaycan hökumətinin mövqeyini müdafiə etməyə davam edirik.

Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və bir sıra digər müxtəlif beynəlxalq təşkilatların üzvü olmaqla, hər iki ölkə qarşılıqlı maraq doğuran bir çox beynəlxalq məsələlərdə ortaq mövqelərini bölüşüb və bölüşməkdə davam edir.

Malayziya Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 884) qətiyyətlə dəstəkləyir. Eyni zamanda, Malayziya, 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyasının 62-ci sessiyası zamanı “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı 62/243 saylı qətnaməsinin tərəfdarı oldu. Qətnamə BMT-nin beşinci, Baş Assambleyanın Dağlıq Qarabağa aid ilk sənədidir.

Malayziya Ermənistan qoşunlarının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması üçün beynəlxalq səyləri dəstəkləməyə davam edəcəkdir.

- Sonda “Visit Malaysia 2020” kampaniyası haqqında bir qədər məlumat verməyinizi xahiş edirik...

- Malayziya 30 milyon turistin gəlişini hədəfləyən “Visit Malaysia 2020” kampaniyasına start verib. “Visit Malaysia 2020” nin əsas hədəfi ekoturizm, incəsənət və mədəniyyətdir. Mərkəzi bir element isə Malayziya xalqının qonaqpərvərliyini nümayiş etdirməkdir.

Biz dünyanın dörd bir tərəfindən gələn qonaqları, ölkəmizin ekoturizm məkanlarının, o cümlədən meşələrini, dağları, adaları, çimərliklərini, bir sözlə, bənzərsizliyini və gözəlliyini göstərməkdən çox şad olacağıq. Ziyarətçilər Malayziyanın mədəniyyəti, incəsənəti, irsi və tarixi ilə tanışlıq imkanı əldə edəcəklər.

Bütün ölkə bu kampaniyanı reallığa çevirmək üçün bir araya gəlib. Hökümət, nazirliklər, qeyri-hökumət təşkilatları, aviaşirkətlər, digər korporativ tərəfdaşlar kampaniyaya öz dəstəyini vəd edir.

Bütün ölkə “Visit Malaysia 2020” kampaniyasını reallığa çevirmək üçün bir araya gəlir. Hökümət nazirlikləri, qeyri-hökumət təşkilatları, Sharp Electronics, Malaysia Airlines, AirAsia, Firefly və Malindo Air də daxil olmaqla korporativ tərəfdaşlarla yanaşı dəstəklərini vəd ediblər.

Malayziya hava limanları “Condor Air”, “Air Arabia” və “Busan Air” şirkətləri ilə əsas beynəlxalq istiqamətlərdən Malayziyaya yeni marşrutlar açmaqda tərəfdaşlıq edir. Bunun üçün ölkəyə giriş vizası da asanlaşdırılır. Mən azərbaycanlıları da bu maraqlı kampaniya müddətində Malayziyaya səfərə dəvət edirəm.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Malayziya   Səfir   Diplomat   Azərbaycan  





Xəbər lenti