“Ödənişli qəbul tədricən ləğv olunmalıdır”

“Ödənişli qəbul tədricən ləğv olunmalıdır”
  14 Dekabr 2013    Oxunub:1737
“Bu gün universitetlərin elmi-kadr və maddi bazasından ali təhsil müəssisəsindən kənarda demək olar ki, istifadə olunmur. Universitetlərdə gəlir mənbəyi kimi yalnız tələbələrin təhsil haqqı əsas götürülür. Ancaq dünyanın ən reytinqli təhsil ocaqlarında təhsil haqqı onların gəlirlərinin dörddə birini təşkil edir”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dövlət və özəl ali, orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planın ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyən edilməsi nəzərdə tutulur.

Təhsil naziri həmçinin qeyd edib ki, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətinin potensialına görə bütün ali ocaqları-istər dövlət, istər özəl iki qrupa bölünməlidir:

“Onlar adi və milli statuslu universitetlər olmalıdır. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməlidir. Eyni zamanda, buraya qəbul olmaq istəyən abituriyentlər üçün keçid balı yüksək olmalıdır. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalıdır. Eyni zamanda, ödənişli əsaslarla qəbul planı da tədricən ləğv olunmalıdır. Bu, baş verdikdə biz yüksək reytinqli məktəbləri orada oxuya bilən bilikli tələbə kontingenti ilə təmin edə biləcəyik. Digər tərəfdən, ancaq tələb olunan balı toplamadığı üçün xaricə təhsil almağa üz tutmağa ehtiyac qalmayacaq. Ali təhsil almaq istəyən və minimal tələbələrə cavab verən hər bir şəxs təhsilini vətənində adi universitetlərdə davam etdirmək imkanı qazanacaq. Qəbul göstəricilərindən asılı olaraq, ali məktəblər bir kateqoriyadan digərinə keçə biləcəklər”-deyə M.Cabbarov qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti