İnsanlar arasında ürək xəstəliyi gəncləşib

 İnsanlar arasında ürək xəstəliyi gəncləşib
  08 İyun 2019    Oxunub:2192
Dünyada 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu deyib.

Onun sözlərinə görə, indi 25-40 yaşlı insanlar 50 il əvvəlki dövrlə müqayisədə çox fərqli həyat tərzi keçirirlər. Onlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq, hərəkət etmədən keçirirlər. Bu, sonradan onların kökəlməsinə səbəb olur.

"Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artıqca ürək-damar xəstəliklərinə məruz qalma şansı artır. Digər səbəb həyat tərzimiz - çox yemək, fiziki hərəkət etməmək, kökəlməkdir. Bu amillər olduğu zaman insanda ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmə, havanın çirklənməsi də ürək xəstəliyi riskini yüksəldir".

M.Tuzcu əlavə edib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişirdisə, indi 30 nəfərdən biri ölür. Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti Kamran Musayev bildirib ki, Azərbaycanda ürək xəstəliklərinin epidemiologiyası, rast gəlmə tezliyi üzrə göstəricilər dünyadakı nəticələrlə demək olar ki, eynidir.
Onun sözlərinə görə, ürək xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər arasında ilk yeri tutur.

"Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara baxdıqda görmək olar ki, Azərbaycanda da eyni tendensiyalar müşahidə olunur. Təəssüf ki, Azərbaycanda da ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yeri tutur. Kardiologiya sahəsində bu qədər böyük inkişafın baş verməsinə baxmayaraq, bu gün belə nəticələr var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Həkim   Ürək-damar  





Xəbər lenti