Heydər Əliyev Mərkəzində “Rekviyem” təqdim olunacaq

Heydər Əliyev Mərkəzində “Rekviyem” təqdim olunacaq
  31 May 2019    Oxunub:2464
İyunun 28-də Heydər Əliyev Mərkəzində “Cüzeppe Verdi. Rekviyem” adlı klassik musiqi gecəsi keçiriləcək. Görkəmli italyan bəstəkar Cüzeppe Verdinin məşhur "Rekviyem" əsəri müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında təqdim olunacaq.
Azvision.az xəbər verir ki, əsəri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Xoru və Batumi Dövlət Musiqi Mərkəzi Kapellası ifa edəcək. Solist olaraq Azərbaycandan Azər Zadə (tenor), almaniyalı Mareyke Yankovski (mezzo-soprano), italiyalı Antonio Di Matteo (bass) və rusiyalı Yelena Mixailenko (soprano) çıxış edəcək. Klassik musiqi gecəsi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçəcək.

"Rekviyem" dahi bəstəkar Cüzeppe Verdinin solistlər, xor və orkestr üçün əsəridir. Əsərin ideyası 1868-ci ildə bəstəkar Coakkino Rossini vəfat edərkən yaranıb. Verdi Rossinin vəfatının ildönümü üçün matəm messası bəstələnməsi məqsədilə italyan bəstəkarlara müraciət edir. Əsərin müxtəlif hissələrinin yazılması üzrə bəstəkarlar arasında püşkatma olur və Verdiyə əsərin sonuncu hissəsi - "Libera me" düşür. Əsər 1869-cu ildə hazır olsa da, ifa edilmir. Bir ildən sonra Verdi "Rekviyem"i bütünlüklə özünün yazacağını açıqlayır. Bu vaxt o, artıq 2 hissəni bəstələmişdi.

1873-cü ildə Verdinin gənclik illərindən rəğbət bəslədiyi, tanınmış yazıçı Alessandro Mandzoninin ölümü əsərin tamamlanmasına təkan verir. "Rekviyem" 1874-cü il mayın 22-də Mandzoninin vəfatının ildönümündə Milandakı Müqəddəs Mark kafedralında bəstəkarın öz dirijorluğu ilə təqdim olunur. Üç gün sonra isə əsər La Skala teatrında böyük uğurla ifa edilir.

Texniki mürəkkəbliklərlə zəngin, geniş ifaçı tərkibi tələb edən yeddi hissəli “Rekviyem” ilk gündən geniş auditoriya rəğbəti qazanıb.

İyunun 28-dəki konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək mümkündür.

Azvision.az


Teqlər: Heydər-Əliyev-Mərkəzi   Əsər  





Xəbər lenti