`Euronews` `Baku 2015` haqqında – VİDEO

  25 Noyabr 2013    Oxunub : 756
`Euronews` `Baku 2015` haqqında – VİDEO
`Euronews` kanalı Bakıda keçiriləcək Avropa Oyunlarının rəsmi loqosu barədə süjet yayımlayıb.

Tarixdə ilk dəfə 2015-ci ilin iyin ayında Bakıda keçiriləcək Avropa Oyunları və bu oyunlara hazırlıqla bağlı Azərbaycanda reallaşdırılan layihələr dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

AzVision.az xəbər verir ki, bu dəfə dünyanın aparıcı televiziya kanalı olan “Euronews” Bakıda keçiriləcək Avropa Oyunlarının rəsmi loqosunun təqdimatı barədə `alov, su, simurq quşu, xalı və nar` adlı süjet yayımlayıb.

Süjet Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun müsahibəsi ilə başlayır. Avropa Oyunlarını həvəslə gözləyənlər üçün loqonun əsas element olduğunu deyən nazir bildirir ki, Azərbaycan Avropa cəmiyyətinin bir hissəsidir və Avropaya inteqrasiya prosesləri siyasi sahə ilə yanaşı, mədəniyyət sahəsini də əhatə edir. İdman isə mədəniyyətin əsas bir hissəsidir.

Süjetdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinın çıxışı da maraqlıdır. Onun fikrincə, bu loqo gənc nəslin imicidir və təkcə Azərbaycan gəncləri deyil, eləcə də onların avropalı həmyaşıdları üçün cəlbedici olacaq.

Süjetdə bildirilir ki, 35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş loqo Azərbaycanın qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi - alov, su, əfsanəvi simurq quşu, xalı və narı bir araya gətirir.

Daha sonra Olimpiya çempionu Fərid Mansurov deyir: “Biz adımızı Azərbaycanın idman tarixinə yazmışıq. Bu loqo ilə birlikdə isə gələcək Avropa idmanının bir hissəsinə çevriləcəyik”.

Süjetdə vurğulanır ki, futbolsevərlərin bu loqonu daha əvvəl görmək imkanı vardır. Çünki loqo İspaniyanın “Atletiko Madrid” futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcək. Elə həmin futbol klubunun oyunçusu David Villa düşünür ki, ilk Avropa Oyunları gənc insanları idmanla məşğul olmağa cəlb edəcək və Avropada Olimpiya ruhunun yayılmasına töhfə verəcək.

“Xalqları və dövlətləri idmanın köməyi ilə birləşdirən ilk Avropa Oyunlarının Bakıda olacağından çox şadam”. Bu sözləri isə nüfuzlu klubun digər tanınmış oyunçusu Arda Turan söyləyir.

“Euronews”un hazırladığı süjetdə oyunlara hazırlıqla bağlı yaradılan infrastruktur, loqotip və yüksək əhval-ruhiyyə barədə də məlumat verilir, bu oyunların Avropanın idman tarixinə töhfə verəcəyi vurğulanır.


Teqlər: