“Hər dəfə görüşəndə ondan danışırdıq” - AzTV-nin məşhur diktorları

  “Hər dəfə görüşəndə ondan danışırdıq” -    AzTV-nin məşhur diktorları
  03 May 2019    Oxunub:11090
Mayın 1-də Azərbaycanın ilk diktoru Natavan Hacıyeva dünyasını dəyişib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin ölümünü sənət yoldaşları ürək yanğısı ilə qarşılayıblar.
Xalq artisti Sabir Ələsgərov Azvision.az -a bildirib ki, N. Hacıyeva Dövlət Televiziyasında (AzTV) ştatda olan ilk diktor kimi tarixə düşüb.



“Mən radioda, o isə televiziyada işləyirdi. Natavan xanım televiziyada ştatda olan ilk diktor idi. Uzun illər birgə çalışmışıq. Çox tərbiyəli, qanacaqlı insan idi. Neçə il oların baş diktoru oldum, bir dəfə işə gecikdiyini görmədim. Çox maraqlı insan idi. Həmişə münasibətimiz yaxşı olub. Sakit xanım idi, heç kimlə işi olmazdı. İşinə çox məsuliyyətlə yanaşırdı. Hər işin öhdəsindən gəlirdi. Son zamanlaradək zəngləşirdik. Axrıncı dəfə onunla birlikdə verilişdə oldum. Heç ağlıma gətirməzdim ki, Natavan xəstədir. Sən demə, xəstəlikdən əziyyət çəkirmiş. Ölüm xəbərini eşidəndə çox kədərləndim”.



Xalq artisti, məşhur diktor Şərqiyyə Hüseynova N. Hacıyeva ilə uzun illər dostluq etdiyini bildirib: “1967-ci ildə mən televizyaya gələndə Natavan xanım artıq bir neçə il idi ki, orada işləyirdi. Biz 52 il idi ki, dostluq edirdik. Səliqəli, istedadlı insan idi. Gözəl əl qabiliyyəti var idi. Bütün sahələrdən başı çıxırdı. Eyni zamanda fədakar insan idi. Düzdür, xarici görünüşündən demək olmazdı ki, belə insandır. Hislərini gizlədə bilirdi. Həyat yoldaşı yox idi, övladını tək başına böyüdürdü. Ailə saxlamaq asan iş deyil, böyük zəhmət çəkirdi. Natavan televiziyanı, işini çox sevirdi. 5 qardaşın bir bacısı idi. Qardaşlarının da qayğısını çəkirdi. Baxmayaraq ki, onların ailələrinin heç bir ehtiyacı yox idi. Qardaşlarının evlənmələrində, ailə qurmalarında böyük rolu var idi. Mən televiziyaya gələndə Natavan hamilə idi. İndiyə qədər yadımdadır ki, yay ayında dəhlizə çıxanda şərfi çiyninə atıb yan-yörəsini örtürdü ki, görsənməsin. Nümayişi sevməzdi. Maraqlı lətifələr danışırdı, yumor hissi güclü idi. Hərdən elə bir şeylər deyirdi ki, hələ də o sözlər dilimizdə əzbərdir. Diktorlar hər dəfə bir yerə yığışanda onları yada salıb gülürük. Bilmirik onsuz necə olacaq. Təəssüf ki, bizim sıramız seyrəlir. Bunlar bizi yandırır”.

Qeyd edək ki, mərhum diktor uzun illər Azərbaycan Dövlət Televiziyasında (AzTV) işləyib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: AzTV   Natavan-Hacıyeva  





Xəbər lenti