25 ildən sonra məzarı tapılan Qarabağ şəhidi - FOTO
“Xocalı faciəsinə həsr olunmuş “Bizimləsən” verilişinə İmişli rayonunun axundu Adıgözəl Bəşirovla Seyfəli adlı Qarabağ veteranını dəvət etmişdilər. Onlar həmin verilişdə naməlum şəhidlərin fotolarını göstərirdilər. Biz şəkillər arasında İlqarın başısarıqlı fotosunu gördük. Tanıdıq ki, bu, bizim qardaşımızdır. Ancaq heç bir yerlə əlaqə saxlaya bilmədik. Ona kimi atam 4 il döyüş bölgələrini gəzərək İlqarın meyitini axtarıb. Atam özü də müharibədə iştirak edib. Arzu Rəhimov ona tərifnamə verib. Verilişdə şəkli görəndən sonra onun İlqar olduğunu dəqiqləşdirdik".
İlqar şəhid olandan sonra nəşi əvvəl Füzuli,sonra Beyləqan məscidinə, orada yer olmadığı üçün Beyləqandan da İmişli məscidinə gətirilib.
"İmişli camaatı onu naməlum şəhid adı altında müharibənin qızğın vaxtında dəfn edib. Qardaşım çənəsindən güllə yarası alıb. Fotoda görəndə onu anamın yatmış forması gözümün qabağına gəldi. Elə bildim ki, anam yatıb. Həm də İlqarla mən bir -birmizə çox oxşayırıq. Biz bundan sonra rəsmi qurumlara, cənab Prezidentə məktub yazdıq. Sağ olsunlar, 26 illik həsrətə son qoyuldu. Ekspertiza da təsdiqlədi ki, həmin məzar İlqarın məzarıdır”.
C. Nəcəfov qeyd edib ki, İlqar ailənin birinci övladı olub: “Biz 3 qardaşıq. İlqar bizim üçün hələ də yaşayır. Onu heç vaxt unuda bilmirik. Anamızı gözü yolda dəfn etdik. Bala dağına dözmədi. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad olunsun, bayrağımız orada dalğalansın ki, biz də təskinlik tapaq".
Qeyd edək ki, İlqar Nəcəfov 18 yaşında, 1993-cü ilin may ayında Qarabağ döyüşlərinə qatılıb. Subay olub.
Şahanə Rəhimli
Azvision.az