Goranboyda orta əsrlərə aid yaşayış yeri aşkar edilib - FOTOLAR

  Goranboyda orta əsrlərə aid yaşayış yeri aşkar edilib -    FOTOLAR
  26 Aprel 2019    Oxunub:2439
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Naftalan şəhəri və Goranboy rayonu ərazisində aparılan arxeoloji tədqiqatlar başa çatıb.
İnstitutdan Azvision.az -a verilən məlumata məlumata görə, tədqiqatlar zamanı kurqanlar və yaşayış yeri aşkar olunub.

Orta əsrlər dövrünə aid olan yaşayış yeri Goranboy rayonunun Səfikürd kəndi ərazisində, təbii-coğrafi baxımdan çox əlverişli mövqedə yerləşir. Abidə Qarasu dərəsinin sol sahilində yerləşdiyindən Qarasu yaşayış yeri adlandırılıb. Ümumi sahəsi 3 hektardan artıq olan yaşayış yeri relyef baxımından maili təpəlikdən ibarət düzənlikdir. Abidə şimaldan müasir kənd qəbiristanlığı, cənub və qərbdən həyətyanı sahələr və əkin yerləri, şərqdən Qarasu dərəsi ilə əhatə olunub. Yaşayış yerində aparılan ilkin arxeoloji tədqiqatlar zamanı şirli və şirsiz saxsı qab nümunələri, əsasən əkinçilik təsərrüfatında istifadə olunan daş əmək alətləri, şüşə və metal məmulatı, sikkə nümunələri və s. aşkar edilib. Əldə edilən saxsı məmulatları formalarına, növlərinə, dekor rənglərinə və hazırlanma texnologiyasına görə fərqlənir. Saxsı qab nümunələri çəhrayı, boz, qırmızımtıl rəngdə hazırlanıb. Şirli saxsı qabların əksəriyyəti bir və ya daha çox rəng çalarlarından istifadə edilməklə naxışlanıb. Daha çox firuzəyi, qara, yaşıl, göy, qəhvəyi rənglərə üstünlük verilib.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun sözlərinə görə, ilkin tədqiqatlar nəticəsində yaşayış yerinin X-XIII əsrlərə aid olduğu ehtimal edilir: “Gələcəkdə aparılacaq arxeoloji qazıntı işləri zamanı abidənin dövrü haqqında daha dəqiq məlumatın əldə ediləcəyinə ümid edirik”.







Azvision.az



Teqlər: Goranboy  





Xəbər lenti