Tərxis olunmuş gənclərlə görüş - FOTOLAR

Tərxis olunmuş gənclərlə görüş -  FOTOLAR
  25 Aprel 2019    Oxunub:2230
Aprelin 25-də Kürdəmir rayonundan olan müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərin təntənəli qarşılanma mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyətinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti, şəhid ailələri nümayəndələrinin, veteranlar, gənclərin və valideynlərin iştirak etdiyi tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.



Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ehtiyata buraxılmış hərbi vəzifəliləri və onların ailə üzvlərini təbrik edərək, gənclərə mülki həyatda, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib. O bildirib ki, rayon gənclərində vətənpərvərlik və milli ləyaqət hissləri çox yüksəkdir.



SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin rəisi, polkovnik Həbib Əliyev bildirib ki, gənclərimiz Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşürlər. Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.



Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb. Hərbi xidməti başa vurmuş övladları ilə fəxr etdiklərini bildirən valideynlər Azərbaycan Silahlı Qüvvələri ilə qürur duyduqlarını, ordumuzun son illər həyata keçirdikləri uğurlu döyüş əməliyyatlarının torpaqlarımızın tezliklə azad olunacağına inamlarını daha da artırdığından danışıblar.



Digər çıxış edənlər Silahlı Qüvvələrimizdən ehtiyata buraxılmış gənclərin ölkəmizin sosial-iqtisadi və ictimai həyatında fəallıqları ilə seçiləcəklərinə və layiqli töhfələrini verəcəklərinə əminliklərini bildiriblər. Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Elsevər İsmayılov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb.



Sonra ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Tədbirlərdə məktəblilərin və özfəaliyyət kollektivlərinin təqdim etdikləri kompozisiyalar maraqla qarşılanıb.

Azvision.az


Teqlər: SHXÇDX  





Xəbər lenti