Turistlər Azərbaycanda 2 milyard dollar xərcləyiblər

   Turistlər Azərbaycanda 2 milyard dollar xərcləyiblər
  23 Aprel 2019    Oxunub:3172
Dövlətin turizm sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir.
Azvision.az xəbər verir ki, bunu 3-cü Qlobal Sağlamlıq Turizm Forumunda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2.9 milyon və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib .

"2018-ci ildə Körfəz ölkələrindən gələn turistlərin sayında daha çox artım müşahidə edilib. Ötən il Avropa İttifaqına üzv ölkələrdən gələn turistlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq bir milyon nəfərdən çox olub. Aparılan hesablamalara görə, xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir".



M.Musayev əlavə edib ki, bu məqsədə əsasən dörd hədəf müəyyənləşdirilib. "Birinci hədəf Bakının turizm potensialından tam istifadə edilməsi, ikinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirmək, dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirmək və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir".

Təşkilat sədri əlavə edib ki, 2017-ci ildə Ümumdünya Turizm və Səyahət Şurasının açıqladığı hesabata əsasən, 2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub. Ümumilikdə isə, 2017-2027-ci illər ərzində bu vəsaitin daha da artaraq 4,6 milyard manata çatacağı gözlənilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   MəmmədMusayev  





Xəbər lenti