Kirayə evlərə görə verilən kompensasiya artırıldı

Kirayə evlərə görə verilən kompensasiya artırıldı
  23 Aprel 2019    Oxunub:5621
Daxili işlər, prokurorluq və miqrasiya orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi qaydalarında dəyişiklik edilib.
Azvision.az -ın məlumatına görə, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Bakı şəhərində hər ay ödənilən pul kompensasiyası 47 manatdan 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 27 manatdan 55 manata qaldırılıb.

Eyni zamanda daxili işlər və prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda hər ay 100 manat pul kompensasiyası ödəniləcək.

Bununla yanaşı, "Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərara əsasən, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhərində şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında, başqa şəhər və rayon mərkəzlərində şərti maliyyə vahidi məbləğinin 30 misli miqdarında, digər yaşayış məntəqələrində şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında kompensasiya ödənilib. Dəyişikliyə əsasən bu məbləğlər də müvafiq olaraq 150, 75 və 55 manata qaldırılıb, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün isə 100 manat məbləğində yeni kompensasiya məbləği müəyyənləşdirilib. Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Azvision.az



Teqlər: Kirayə  





Xəbər lenti