“Super Muşşak” təyyarələri ilk dəfə Azərbaycan səmasında - FOTO
“Super Muşşak” təlim təyyarəsi daha qabaqcıl “MFİ-17 Muşşak”ın modernləşdirilmiş variantı olan ilkin təlim-döyüş təyyarəsidir. “Super Muşşak” təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə fərqlənir. Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin ekipaj üzvü 2-3 nəfər olur. Uzunluğu 7.15 m, təyyarə qanadlarının kənar nöqtələri arasındakı məsafə 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, maksimal çəki 1,250 kq, maksimal sürəti isə 363 km/saatdır.
Hazırda “Muşşak” və “Super Muşşak” təlim təyyarələri Pakistanla yanaşı, İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq və Cənubi Afrikanın istifadəsində yer alır. Eyni zamanda Nigeriya və Qətərlə təyyarənin alqı-satqısına dair müqavilələr mövcuddur. Həmçinin Türkiyə 52 ədəd “Super Muşşak” təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib. Sonradan bu rəqəm arta bilər. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilmək imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim tədris proqramının tələblərinə tam uyğundur.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) ilə Pakistan Aeronautical Complex (PAC) arasında 10 ədəd “Super Muşşak” təyyarəsinin alqı-satqısına dair müqavilə 2017-ci ilin iyul ayında imzalanıb.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Təlim “SuperMuşşak”